Azərbaycan ilə Qırğızıstan arasında parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə edilib

post-img

Qırğızıstanın Jokorku Keneşinin spikeri Nurlanbek Şakiyev Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilov ilə görüşüb.

AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, görüş əsnasında iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrin inkişafı ilə yanaşı, parlamentlərarası əməkdaşlığın perspektivləri də müzakirə edilib.

Jokorku Keneşinin sədri qeyd edib ki, Qırğızıstan Azərbaycanla münasibətlərin inkişafı məsələlərinə xüsusi diqqət yetirir. Nurlanbek Şakiyev əlavə edib: “Biz tarixi, dili, mədəniyyəti, mənəvi dəyərləri oxşar olan qardaş xalqlarıq. Biz bütün sahələrdə əməkdaşlığı gücləndirməliyik, dostluğa əsaslanan tərəfdaşlığı inkişaf etdirməliyik. Bu məsələdə səfir kimi sizin rolunuz böyükdür”.

Spiker, həmçinin qeyd edib ki, parlament diplomatiyası münasibətlərin möhkəmləndirilməsində mühüm dostluq körpüsünə çevrilə bilər. O deyib: “Son illər parlamentlərarası əməkdaşlığımız fəal inkişaf edir, ölkələrimiz arasında əldə olunmuş razılaşmalar uğurla həyata keçirilir”.

Səfir, öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” sözlərini xatırladıb. Diplomat əlavə edib ki, Azərbaycan bütün qardaş ölkələrlə, o cümlədən Qırğızıstanla əlaqələrin genişləndirilməsində maraqlıdır.

Lətif Qəndilov diplomatik fəaliyyət çərçivəsində görülən işlər barədə də məlumat verib, iki ölkə arasında əldə olunmuş razılaşmalardan və müzakirə olunan məsələlərdən danışıb.



Siyasət