Bu mövzuda oyunbazlıq sülh prosesinə əngəl yaradır
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti mətbuat konfransında bəzi təhlükəli fikirlər irəli sürüb, gah özünü sülh tərəfdarı kimi göstərib, gah da revanşistlərin “əlinə oynayıb”, ictimai rəyə hesablanmış xaotik açıqlamalarında özünün daha öncə dediklərini təkzib edib. Paşinyanın bəzi sərsəmləmələrini Ermənistanın özündə də şərh edirlər, lağa qoyurlar və bu adamın “manevrlərinin” öz başında çatlayacağı qənaətinə gəlirlər.
Bir müddət əvvəl o çıxışlarının birində Qazax rayonuna aid Azərbaycan torpaqları, “anklav” kəndlər məsələsinə toxunaraq demişdi ki, bu kəndlərin Azərbaycanın olduğunu qəbul edirik, bu şərtlə ki, Azərbaycan da Gədəbəy ərazisində olan Başkəndin (Artsvaşen) bizim olduğunu qəbul etsin və bu kəndlərin dəyişdirilməsi məsələsinə baxılsın. Naxçıvanın Kərki kəndi ilə bağlı isə heç bir mübahisə yoxdur, demişdi, o, Azərbaycanındır. Paşinyan bu məsələnin bir neçə dəfə müzakirə edildiyini də dilə gətirmişdi və hətta onu müxalif qüvvələr Azərbaycana güzəştə getməkdə ittiham etmişdilər. İndi “Tavuş bölgəsində heç bir kəndin təslim edilməsindən söhbət belə getməyib və ola da bilməz” -deməsi ən azından ikiüzlü siyasi gediş, daha əvvəl söylədiyi fikirlərdən imtina etməsidir.
Bu adam deyir ki, “…Azərbaycan mətbuatında kəndlərin adları açıqlananda Ermənistan Respublikası ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da belə adda kəndlər olmayıb”. Əlbəttə, Ermənistanın ərazisində belə kəndlər olmayıb və bunlar Azərbaycana aid olublar və 90-cı illərdə bu kəndlərin Ermənistan tərəfindən işğal edildiyi, orada döyüşlər getdiyi, kəndlərin yandırıldığı, azərbaycanlı əhalinin öldürüldüyü və bu kəndlərdən qovulduğu faktları hər kəsə məlumdur. Paşinyan faktiki olaraq işğala qədər de-yure və de-fakto Azərbaycana məxsus kəndlərlə bağlı “Ermənistanda olan Ermənistandır” deməklə, işğaldakı kəndlərimizi faktiki “özününküləşdimə” siyasətinə rəvac verir. Həm də Azərbaycanın şərti sərhədlər adlandırdığı və sərhədlərin müəyyənləşməsi üçün hər iki ölkənin baş nazir müavinləri səviyyəsində aparılan demarkasiya və delimitasiya işlərinin davam etdiyi bir prosesin də dayandırılması məqsədini güdür.
Qəribədir ki, o da Sovetlər İttifaqı dövründə administrativ sərhədləri “şərti sərhədlər” adlandırır. O zaman nədən Azərbaycanın Cermuk, Zod və başqa istiqamətlərdə yüksəkliklərə nəzarəti həyata keçirməsini güya Ermənistanın 2 min kvadratkilometrlik torpağını işğal adlandırır, güya 31 erməni yaşayış məntəqəsinə Azərbaycanın girdiyini deyir, suveren Ermənistan ərazisinə müdaxilə kimi car çəkir? Paşinyan faktiki olaraq işğala qədər de-yure və de-fakto Azərbaycana məxsus kəndlərlə bağlı “Ermənistanda olan Ermənistandır” deməklə, işğaldakı kəndlərimizi faktiki “özününküləşdimə” siyasətinə rəvac verir.
Nə demək istəyir Paşinyan? O, Azərbaycanı açıq şəkildə hərbi əməliyyatlar keçirməyə təhrik edir. Azərbaycanla sülh danışıqları prosesinin uzadılması üçün yeni ağılsız variantlar fikirləşir. Bütün bunları dedikdən sonra onun sülhdən danışması da beynəlxalq ictimaiyyətə ölkəsini sülhpərvər göstərmək cəhdidir. Paşinyan bilir ki, Azərbaycan işğal altında olan 8 kəndin azad olunması üçün hər şeyi edəcək, ona görə bəri başdan özünü sığortalamaq istəyir, həm də daxili auditoriyaya mesaj verməyə çalışır ki, o, Ermənistanın 29,8 min kvadratkilometrlik ərazisini qoruyur. Ermənistanın rəhbəri əgər Azərbaycana aid kəndlərin könüllü təhvilindən bu sayaq boyun qaçırırsa, sərhədlərin delimtasiyasını öz arzusu kimi “müəyyən” edirsə, bu, faktiki olaraq sülhdən rəsmi imtina kimi başa düşülə bilər.
Bu, əslində sülh prosesini uzatmaq cəhdindən başqa bir şey deyildir. Çünki Ermənistanın sülh danışıqları prosesində artıq tələb kimi ortaya çıxan 1991-ci il Müstəqillik Bəyannaməsində, sonra 1995-ci il Konstitusiyasında qonşu ölkələrə qarşı səsləndirilən ərazi iddialarından əl çəkmək kimi bir fikri yoxdur, daxili siyasi basqılar nəticəsində bunları etmək çətinliyi qarşısındadır. Bu isə sülh danışqlarını mümkünsüz edən və gərginliyin artmasına səbəb olan yeni reallıqlar doğurur.
Paşinyan suallara cavab verərkən bir sıra məsələlərdən, o cümlədən Azərbaycanla sülh sazişinin gedişatından da danışıb. O, sülh imzalanacağı təqdirdə Ermənistanın Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə şikayətlərinin geri götürülməsinin mümkün olduğunu bildirib: “Bizim mövqeyimiz belədir ki, beynəlxalq məhkəmələrdə şikayətlərinin geri götürülməsi prosesin ən sonunda, sülh sazişinin müddəaları razılaşdırılanda və tərəflərin artıq onu imzalamağa hazır olması bəlli olanda müzakirə oluna bilər. Bu, məntiqlidir. Sülh sazişi imzalanırsa, bir-birinə qarşı hüquqi müharibələr aparmaq nəyə lazımdır"...
Paşinyan hələlik ortada hər hansı layihənin, mətnin olmadığını deyib. Halbuki Azərbaycan sülhlə bağlı təkliflərini, əsas prinsiplərin yer aldığı sənəd layihəsini Ermənistana təqdim edib. Bir neçə dəfə bu təkliflərə baxılıb, müzakirə edilib.
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri