Prezident İlham Əliyevin martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı Gürcüstanın aparıcı informasiya portallarının, radio və televiziyalarının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, “interpressnews.ge”, “1tv.ge”, “realnews.ge”, “24news.ge”, “interpress.ge”, “radiotavisupleba.ge”, “ambebi.ge”, “newshub.ge” portallarının yaydığı materiallarda Azərbaycan Prezidentinin Qlobal Bakı Forumu, Ermənistanla sülh müqaviləsinin əhəmiyyəti və imkanlarla bağlı fikirləri yer alıb.
“İnterpressnews.ge” portalının Prezident İlham Əliyevin çıxışına istinadla gürcü dilində yaydığı materialda deyilir: “İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq. Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”.
Həmçinin bildirilir ki, Azərbaycan Ermənistanla sülh danışıqlarını davam etdirməyə hazırdır, çünki regionda qeyri-sabitliyə son qoymağın vaxtı çatıb.
“1tv.ge” ictimai televiziyasının yaydığı məlumatda isə deyilir: “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası həll olunmaz görünən münaqişələrin həlli üçün çoxlu müsbət nəticələr verəcək”.
Qeyd edilib ki, Cənubi Qafqaz regionunda baş verən dəyişikliklər yerli xarakterli görünə bilər, lakin əslində onların daha geniş nəticələri var, çünki son bir ildə əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası olub. “Bu, həqiqətən də çox ciddi geosiyasi dəyişiklikdir və məncə, həlledilməz görünən münaqişələrin həlli üçün çox müsbət nəticələr verəcək. Cənubi Qafqazın müstəqillik tarixində sülh heç vaxt indiki qədər yaxın olmamışdır. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir”, - deyə vurğulanır.
“RealNews.ge” portalı Azərbaycan Prezidentindən sitat gətirərək yazır ki, Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktı ikili standartların nümayişidir.
AZƏRTAC-a istinadla yayılan materialda deyilir: “Bir neçə ay sərf etməli olduq ki, həmin abidəni (Natəvanın vandalizm aktına məruz qalmış heykəlini – red.) Eviandan götürüb Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə gətirib orada yerləşdirək. Hazırda Natəvanın abidəsi oradadır.
Dövlətimizin başçısının çıxışına istinadla deyilir: “Bu, əslində, onu göstərir ki, biz suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik. Bu, əslində, ikili standartların nümayişidir”.
Fransanın Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün hərbi qüvvələrini göndərməsi ilə bağlı bəyanatına toxunan Prezident İlham Əliyev vurğulayıb ki, bizim ərazi bütövlüyümüzün bərpasına gəldikdə, onlar Azərbaycanı cəzalandırmağa çalışırlar.
Digər portalların Azərbaycan, gürcü və rus dillərində yaydıqları materiallarda Azərbaycanın sülh çağırışları, dünya iqtisadiyyatına, mədəniyyətinə verdiyi töhfələr, eyni zamanda, Ermənistanla sülh müqaviləsinin imzalanması, regionda sülhün və sabitliyin bərpa olunması üçün gördüyü işlər barədə oxuculara məlumatlar verilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi