Martın 14-də işə başlayan XI Qlobal Bakı Forumunun ilk günündə son “Qlobal idarəetməni düzəltmək” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, panel iclası Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziyanın moderatorluğu ilə keçirilib.
Tədbirdə çıxış edən İslandiyanın sabiq Prezidenti Olafur Ragnar Grimsson Bakıda olduğu vaxtda çox aydın çağırışlar eşitdiyini söyləyib. O, beynəlxalq ictimaiyyətin cavablarının düzgün səsləndirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.
BMT-nin parçalanan dünya haqqında düşünmədiyini vurğulayan forum iştirakçısı qeyd edib: “Bizim əsas məqsədimiz indiki vəziyyətdə qarşıda duran çətinlikləri aradan qaldırmaqdır. Pozuntuların, ədalətsizliyin qarşısının alınması üçün tədbirlər görməliyik".
O, Avropa İttifaqının izolyasiya, millətçilik siyasətinin dözümsüzlüyə gətirib çıxardığını da diqqətə çatdırıb.
Avropa Mərkəzi Bankının sabiq prezidenti Jan-Klod Trişe çıxışında hazırda dünyada çox həssas dövr olduğunu deyib. Bildirib ki, bu da böhranların yaranmasına səbəb olur. “Biz hələ də onların fəsadlarını yaşamaqdayıq. Qarşıdakı böhranların öhdəsindən gəlmək üçün biz çox fəal işləməliyik.
BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinoza isə vurğulayıb ki, bu gün biz iqlim dəyişiklikləri, yoxsulluq, təhlükəsizlik, müharibələrin alovlanması, bərabərsizlik, maliyyə böhranları kimi yeni çağırışlar meydana çıxır. Geosiyası miqyas da dəyişib. Biz çoxqütblü dünyada yaşayırıq, güclər isə fərqli paylanıb. Hazırda beynəlxalq təsisatlar da tam şəkildə dəyişib. Buna BMT sistemi nümunəsində şahid olmaq mümkündür. Qarşımızda duran əsas məsələlərdən biri pessimizmdir. Biz ağıllı nikbinlik sərgiləməliyik. Həmçinin gələcək üçün yol xəritəsi hazırlamalıyıq.
Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus dünyanın özü-özünü dağıtdığını və bu sistemin bərpasının təhlükəli olduğunu diqqətə çatdırıb. O deyib: “Dünyanı düzəltmək bizim əlimizdədir. Bunun üçün biz birləşməliyik, yeni iqtisadiyyat formalaşdırmalıyıq”.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müavini Ruvendrini Menikdivela dünyada qaçqın və məcburi köçkünlərin sayının 100 milyondan çox olduğunu, bunun əsasən müharibələr, böhranlar, münaqişələr, fəlakətlər səbəbindən baş verdiyini diqqətə çatdırıb. Əksər qaçqınlar Afrikadan axın edir. Ölkələrini tərk etmək məcburiyyətində qalanların 60 faizi azgəlirli ölkələrdəndir. İlk növbədə, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına çalışmalıyıq. Qaçqın və məcburi köçkünlərin sayının ilbəil artması beynəlxalq yardımın paylanmasına da mənfi təsir göstərir.
BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının özü də bir problemə çevrilib. “Təhlükəsizlik Şurası da vəzifələrlə yüklənir. Biz strateji planlar baxımından kasadıq. Bu da təhlükəli vəziyyətə gətirib çıxarır”, - deyə o əlavə edib.
İsveçrə Konfederasiyasının sabiq Prezidenti Mişelin Kalmi-Reyin sözlərinə görə, dünyanın dəyişməsi böyük güclərdən asılıdır. “Biz bu gün ikili standartlarla üzləşirik. Böyük güclər hərbi düşüncəli olaraq öz iqtisadi maraqlarını güdür", - deyə sabiq Prezident bildirib.
Mişelin Kalmi-Rey BMT Baş Assambleyasının bir çox problemin həllini tapa bilmədiyini vurğulayaraq deyib: “BMT cari işlərin öhdəsindən gələ bilmir. Bunun həlli üçün biz ümumi razılığa gəlməliyik”.
Bununla da XI Qlobal Bakı Forumunun ilk gününün müzakirələri başa çatıb.