“Toplum TV” ilə bağlı obyektiv araşdırmalar ABŞ-ni niyə narahat edir?

post-img

Azərbaycan hüquq-mühafizə orqanları “Toplum TV” redaksiyasında axtarış aparıblar. İlkin açıqlamalardan belə məlum olur ki, “qrant qaçalmalçığı” üzrə şübhələr vardır. Bu şübhələr təsadüfdən yaranmayıb. 

Baş redaktor Xədicə İsmayılın dünən xarici KİV-lərə verdiyi açıqlamalardan belə məlum olur ki, “Toplum TV” re­daksiyasında 10-15 nəfərlik işçi heyəti çalışır. Gündəlik işləyirlər, əmək haqqı alırlar. Amma redaksiyanın əmək haqqı fondunun hansı mənbədən formalaşdı­rılması barədə bilgi verilmir. Nəzərə alaq ki, “Toplum TV” abunə sistemi ilə işləmir. Onun hazırladığı məhsulların daimi alıcı­ları yoxdur. Oxucular üçün kod sistemi də tətbiq etməyiblər. Yəni, öz məhsulları­nı, informasiyalarını ödənişsiz əsaslarla təqdim edirlər. 

Saytda elan, reklam, bir sözlə, müstəqil KİV qurumu üçün qa­zanc gətirən legitim maliyyə qay­nağı görünmür. Hansı ki, nə milli, nə də beynəlxlaq sənədlər KİV qurumlarının maliyyələşməsi üçün fərqli mənbə tanı­mır. Beynəlxalq sənədlərdə qeyd edilir ki, normal fəaliyyət göstərən KİV quru­munun legitim maliyyə mənbəyi reklam və elanlardır. Maliyyəsinin ən azı 75 fa­izi reklam və elandan formalaşmalıdır ki, müstəqil fəaliyyət göstərə bilsin. Digər 25 faiz isə satışdan, abunədən, ianələrdən, qrantlardan, təsisçinin yardımından for­malaşmalıdır. 

Əgər bunların heç biri yoxdursa, “Toplum TV”nin maliyyə mənbəyi haradan qaynaqlanır? Stabil ma­liyyə qaynağı yoxdursa, redaksiya ofisi­nin icarəsi, işçilərin əmək haqqı, texniki avadanlıqlar və digər xərclər üçün zəruri olan vəsait hansı mənbədən ödənilir? Baş redaktor Xədicə İsmayıl və portalın hüquqi təsisçisi olan Ələsgər Məmmədli bu sualların cavablandırılmasından ya­yınırlar. Araşdırmalar göstərir ki, “Toplum TV”nin kifayət qədər böyük maliyyə döv­riyyəsi mövcuddur. Sadəcə maliyyənin qaynağı şəffaf deyil. 

“Toplum TV”nin maliyyə qaynaqları sırasında görünən yalnız bir mənbə var ki, o da qrantlardır. Amma xəbər portalının sahibləri qrant vəsaitlərini hansı donorlardan və hansı həcmdə aldıqlarını da qapalı saxlayırlar. Bu tip sualları ca­vablandırmaqdan yayınırlar. Sanki normal bir hal imiş kimi üzərindən keçirlər. Bu özü də ciddi qanun pozuntusudur. “Qrantların qeydiyyatı haqqında” Qanuna əsasən, alınmış vəsaitlər Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməlidir. “Toplum TV” bu qanunu pozub. Qrantları qanuni deyil, qaçaqmalçılıq yolu ilə alaraq realizə edib.

Xədicə İsmayıl dünən xarici KİV-lərə verdiyi mü­sahibədə qeyd edib ki, “Toplum TV” hüquq-mühafizə orqanları tərəfindən onun ofisində axtarış aparılmasına zəmin yaradan heç bir hüquq pozuntusuna yol ver­məyib. Sual yaranır: görəsən hüquq pozuntusu necə olur? Yaxud, Xədicə ismayıl qanun pozuntusu olmayıb deyəndə nəyi nəzərdə tutur? Yuxarıdakı nümunədən də görünür ki, “Toplum TV” öz fəaliyyəti dairəsində Azərbaycanın Qrant haqqında qanununu pozub. 

Amma xəbər portalının pozdu­ğu başqa bir qanun da var. “Toplum TV" KİV qurumudur. İnternet səhifəsində qeyd edilib ki, “2016-cı ilin oktyabr ayından yaradılmış müstəqil informasiya resursudur” (https://toplum.tv/sehife/biz-kimik).

“Media haqqında” Azərbaycan Respublikası­nın Qanununa əsasən, ölkə ərazisində fəaliyyət göstərən KİV qurumları Media Reyestrində qeydiy­yatdan keçməlidirlər. Düzdür, bu tələb sosial şəbəkə platformalarını əhatə etmir. O cümlədən, "Toplum TV"nin yutub sosial şəbəkə platforması üzərindən yayımlanan versiyası da mübahisələndirilə bilər. Amma yutub üzərindən yayımlanan verilişlər onun məhsulunun bir qismidir. “Toplum TV” domen adı, veb-səhifəsi, rekvizitləri olan xəbər portalıdır. Bu cür redaksiyalar üçün reyestrə düşmək zəruri şərtdir. Bu tələb “Media haqqında” Qanunda çox aydın şəkildə təsvir edilib.

“Toplum TV” qanunun tələblərini pozub, reyestr­də qeydiyyatdan keçməyib. Saytın rəsmi təsisçisi olan Ələsgər Məmmədlinin, həmçinin baş redaktor Xədicə İsmayılın açıqlamalarından görünür ki, onlar qanunun tələblərini bilərəkdən pozublar. Arqument­ləri budur ki, “Media haqqında” Azərbaycan Respub­likası Qanununun şərtləri ilə razılaşmırlar. Nəzərə almırlar ki, dünyanın heç bir ölkəsində legitim qanun­lara tabelilik könüllük prinsipinə söykənmir. 

Məsələ araşdırılmalıdır, hüquqi ölçü götürülmə­lidir. Bu KİV-lərin hansı məqsədlə yaradıldıqları, nə üçün maliyyələşdirildikləri və hansı güc mərkəzlərinə xidmət etdikləri müəyyənləşdirilməlidir. 

Müşahidələr göstərir ki, ABŞ başda olmaqla Qərb mərkəzləri Azərbaycanda ictimai rəyi çaşdır­maq üçün çox sayda təsir agentləri yetişdiriblər. İz azdırmaq üçün onların adlarını “KİV qurumu”, “QHT”, “Siyasi partiya” qoyublar. Yəni, öz agentləri­ni məsuliyyətdən yayındırmaq üçün bir növ hüquqi platforma yaradıblar. Qrant vermək adı altında onlar üçün “qanunu maliyyə mənbəyi” təmin ediblər. Azər­baycan 2000-ci illərdən başlayaraq, bu şəbəkəni qis­mən ifşa edib. Zərərsizləşdirmək üçün qanunverici­liyi yeniləyib. 2014-cü ildə qrant alma prosedurlarını sərtləşdirib. Digər zəruri tədbirlər görüb. Amma indi bəlli olur ki, Azərbaycan ehtiyat tədbirləri gördüyü kimi, “qrant şəbəkəsi” də çevik tərpənib. Qeyri-leqal vəsaitin ölkəyə gətirilib agentura şəbəkəsinə çatdı­rılması üçün son 6 il ərzində tamamilə yeni metod­lardan istifadə ediblər. “Abzas Media”, “Kanal-13”, “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu” və digərlərinin fəaliyyətinin araşdırılması bu yöndə çox­saylı nümunələr verir.

Bu təşkilatlar öz fəaliyyətlərini Azərbaycan qa­nunları əsasında deyil, ABŞ-dən gələn direktivlər əsasında qururlar. Maliyyə xərcləri kimi, informasi­ya tezislərini də Qərbdən alırlar. Problem ondadır ki, hazırki dönəmdə Qərbdən gələn həmin tezislər milli maraqlarla daban-dabana ziddir. Onlar Azərbay­canda ictimai rəyi çaşdırmağa çalışırlar. Qarabağ üzərində qazanılmış Zəfərə kölgə salmaq istəyirlər. Xalqla dövlət arasında inamsızlıq yaratmaq, cəmiy­yəti parçalamaq və ölkəni qarşıdurma zonasına çe­virmək niyyətindədirlər. 

Hadisələr göstərir ki, Qərb mərkəzləri Azərbay­can Ordusunun əzib dağıtdığı işğalçı Ermənistan ordusunu yenidən dirçəldirlər. Azərbaycanla Ermə­nistan arasında münasibətləri yenidən gərginləş­dirmək, bu gərginlik fonunda Cənubi Qafqaza daxil olmaq və regionu təsir dairələrində saxlamaq üçün planlar qururlar. “Abzas Media”, “Kanal-13”, “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu” və Qərbin təxribat şəbəkəsinə daxil olan digər QHT və KİV-lər isə aldıqları qrant qarşılığında bu neokolonialist si­yasəti təbliğ edirlər. Bu mövzuda Azərbaycan KİV-lə­rində yetərincə verilişlər hazırlanıb və araşdırma yazıları dərc edilib (https://apa.az/blog/blog-single/abs-ni-meyus-eden-secki-texnoloqlari-219). “Top­lum TV”nin Qərbdən gələn sifarişlər üzrə necə təxri­batlar törətdiyi arqumentlərlə isbat edilib. 

İndi hüququ araşdırma aparılır. İstintaq prosesi bütün bu suallara aydınlıq gətirəcək. Bəlkə də bəraət alacaqlar. “Abzas Media” işi üzrə aparılan istintaq prosesində bu təcrübə yaşanıb. Məsələn, jurnalist Şahin Rzayev də qrant qaçaqmalçılığı işi üzrə sax­lanılaraq, dindirilib. Amma prosesdə iştirakı təsdiq olunmayıb, bir sutka keçməmiş azadlığa buraxılıb. Digərlərinin əməlində şübhələr təsdiqlənib, iş davam etdirilir. Yəni, istənilən halda hüquq-mühafizə orqan­larının ədalətli qərar verəcəyinə ümid vardır. 

Amma ABŞ başda olmaqla, Qərb dairələri “Top­lum TV” mövzusuna sərt təpki verərək, Azərbaycan hüquq-mühafizə orqanlarına qarşı etimadsızlıq yara­dırlar. Dünən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller öz brifinqində bu məsələyə toxunub. Azərbaycanda çoxsaylı müstəqil jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının həbs olunduğunu de­yib. O, “Toplum TV” üzrə prosesin qeyd-şərtsiz da­yandırılmasına çağırıb. 

Buna uyğun olaraq, ABŞ-dən yönləndirilən, “mil­li”, “regional” və “transmilli” KİV-lər hərəkətə keçiblər. “Azadlıq radiosu”, “Amerikanın səsi”, “OC media”, “JAMnews” və digərləri “Toplum TV” ətrafında aparı­lan hüquqi araşdırmanı “siyasi repressiya” kimi təq­dim etməyə çalışırlar. Beynəlxalq kampaniya forma­laşdırmaq, təzyiq göstərmək, prosesi dayandırmaq istəyirlər. Niyə, maraqları nədir?

Görünür, onlar araşdırmalar zamanı yeni de­talların üzə çıxacağından narahatdırlar. 2023-cü ilin oktyabr ayında Gürcüstan Təhlükəsizlik Xid­məti USAİD-in əməlini ifşa etmişdi. Onun bir sıra “milli QHT”lərə qanunsuz qrant vəsaiti ayırdığı­nı, “dövlət çevrilişi üçün” təlimlər keçdiyini bildir­mişdi. İndi belə görünür ki, ABŞ daha bir ifşae­dici materialın Azərbaycandan gələcəyini bilir. “Toplum TV”-nin daxil olduğu şəbəkə üzərində hüquqi araşdırmaların dayandırılmasını tələb edir. 

“Xalq qəzeti”nin analitik qrupu

Siyasət