Ombudsmanın 2023-cü il üzrə məruzəsi parlamentin plenar iclasına tövsiyə olunub

post-img

Fevralın 29-da Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

Komitənin sədri Zahid Oruc gündəliyə bir məsələnin – Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsinin daxil edildiyini söyləyib.

Komitə sədri bildirib ki, Ombudsman institutunun məruzəsinin ilk dəfə öz suverenliyini, ərazi bütövlüyünü tam bərpa etmiş ölkəmizin vətəndaşlarının hüquq və azadlıqlarının vəziyyətini dəyərləndirərək hazırlayıb. O, ombudsmanın ünvanına daxil olan müraciətlərlə bağlı bəzi statistik göstəriciləri diqqətə çatdıraraq, müraciətlərdə əksini tapan məsələlərdən danışıb.

Komitə sədri vətəndaşların mənzil, torpaq, əmlak hüquqlarının təmin edilməsi, qeydiyyat, sənədləşdirmə ilə bağlı məsələlərə toxunub.

Bununla yanaşı, 469 qadın və uşağın İraq və Suriyadan Azərbaycana qaytarılmasında ombudsmanın fəaliyyətinin təqdirəlayiq olduğu qeyd edilib.

Zahid Oruc məruzədə ombudsmanın cəzaçəkmə müəssisələrinə 347 başçəkmə həyata keçirdiyi, əvvəllər verilmiş tövsiyələrin icra vəziyyətinin yoxlanıldığı barədə məlumat verildiyini söyləyib.

Komitə sədri məhkəmə qərarlarının icrası ilə bağlı məsələyə məruzədə geniş yer verildiyini bildirib. O, qanunvericilikdə məhkəmə qərarlarının məcburi həyata keçirilməsinin ehtiva olunduğunu deyib.

Məruzədə əksini tapmış sağlamlığın qorunması hüququ ilə bağlı məsələyə toxunan Zahid Oruc icbari tibbi sığortanın imkanlarından istifadə etmək üçün zəruri şəraitin yaradılması, dövlət hesabına müayinə və müalicənin təşkili ilə əlaqədar fikirlərini açıqlayıb, bu istiqamətdə maarifləndirmə işinin aparılmasının əhəmiyyətini vurğulayıb.

Məsələ ətrafında müzakirələrdə çıxış edənlər ombudsmanın 2023-cü ildə fəaliyyətini müsbət dəyərləndirib, insan hüquq və azadlıqlarının müdafiəsi məsələləri ilə bağlı fikirlərini açıqlayıb, bir sıra qeyd və təkliflərini səsləndiriblər.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı 2023-cü ildə ombudsmanın ünvanına 29 min 411 müraciətin daxil olduğunu və bu müraciətlərə müəyyən edilmiş müddətlərdə baxıldığını bildirib. Deyib ki, növbədənkənar prezident seçkilərindən əvvəl Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə regionlarda vətəndaşların seçki hüququnun təmin olunmasına dair geniş maarifləndirmə tədbirləri təşkil edilib.

Diqqətə çatdırılıb ki, azadlıq hüququnun təmini ilə bağlı ombudsmanın ünvanına daxil olan müraciətlərdə əsasən şəxsiyyət vəsiqəsi ilə təmin edilmə, yaşayış yeri üzrə qeydiyyata alınma, ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi və bu kimi digər məsələlər öz əksini tapıb.

Bildirilib ki, 2023-cü ildə Penitensiar Xidmətin fəaliyyətində məhkumların islah olunmasında müsbət nəticələrin əldə edilməsinə imkan verən bir sıra yeni yanaşmalar tətbiq olunub. İnformasiya əldə etmək hüququnun pozulması barədə ombudsmana ünvanlanmış şikayətlərə operativ şəkildə baxılaraq, müvafiq səlahiyyətli qurumlara sorğular ünvanlanıb, müraciətlər təmin olunub.

Qeyd edilib ki, 2023-cü ildə hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı ombudsmanın ünvanına daxil olmuş müraciətlərdə iddia ərizələrinin əsassız olaraq qəbul edilməməsi, vəsatətlərə baxılmaması, hakimin hərəkətlərindən narazılıq, məhkəmə baxışı zamanı prosessual hüquq normalarının pozulması, məhkəmə aktlarından narazılıq, məhkəmə qərarlarının icra olunmaması və bir sıra digər hallarda köməklik göstərilməsi öz əksini tapıb.

Məruzədə əmək hüququ, sosial təminat hüququ, sağlamlığın qorunması hüququ, habelə qaçqınların, keçmiş məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin hüquqlarının təmin edilməsi məsələləri ilə bağlı ombudsmana ünvanlanan müraciətlərin diqqət mərkəzində saxlanıldığı bildirilir.

Bildirilib ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, şəhid ailələri və müharibə veteranları tərəfindən ombudsmana ünvanlanmış müraciətlər əsasən onların sosial təminat hüququnun həyata keçirilməsi, tibbi və psixoloji yardımların göstərilməsi, reabilitasiya xidmətləri və vasitələri ilə təminat, məşğulluq məsələlərinin həllində kömək göstərilməsi ilə bağlı olub və bu problemlərin həlli üzrə müvafiq tədbirlər həyata keçirilib.

Məruzədə ombudsmanın beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində Azərbaycana qarşı beynəlxalq hüququn pozulması faktları barədə insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatların və digər ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının məlumatlandırılması sahəsində fəaliyyəti barədə məlumat verilib.

Sonra komitə sədri Zahid Oruc məruzə ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Müzakirələrin sonunda ombudsmanın 2023-cü il üzrə məruzəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.



Siyasət