Bu görüş göstərdi ki, Azərbaycan həm Qərb, həm də Rusiya platformalarında eyni dərəcədə rahatlıq nümayiş etdirir. Təsadüfi deyil ki, Münhendə də Azərbaycan eyni tələbləri irəli sürür. Münhendə bildirilib ki, son eskalasiyanın səbəbkarı Ermənistan tərəfi olub və orada Ermənistandan qanunvericiliyin dəyişdirilməsini, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi tələb edilib. Qərb heç bir şəkildə buna qarşı çıxmadı, Azərbaycana kəskin və ya məqsədyönlü reaksiya göstərilmədi.
Bu fikirləri Ermənistan mətbuatına müsahibəsində politoloq Armen Bağdasaryan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən görüşün yekunlarını şərh edərkən deyib.
“İlham Əliyev Qərb siyasətinin praqmatik maraqlara, o cümlədən, iqtisadi və enerji maraqlarına söykəndiyini çox gözəl başa düşür. Bu platformada Azərbaycan özünü Qərbin, Qərb də Azərbaycanı mühüm tərəfdaş hesab edir.
Düşünürəm ki, Nikol Paşinyan Qərbin bizi xilas edəcəyinə ümid edərək avantüraya əl atır. Amma Ermənistanın gələcəyini və suverenliyini masaya qoyur. Problem ondadır ki, çox çətin vəziyyətdə olan Ermənistanın bu siyasətdən zərərsiz çıxmaq şansı azdır. Nikol Paşinyan dövlətçiliyimizin və xalqımızın gələcəyini düşünmür. Bunu nəzərə almadan o, avantürist siyasətə əl atır, bunun nəticəsi çox ağır ola bilər”, - deyə politoloq bildirib.
Rizvan FİKRƏTOĞLU
XQ