Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri Rumıniya ictimaiyyəti, mətbuatı tərəfindən geniş maraqla qarşılanıb.
Rumıniyanın “AGERPRES” milli xəbər agentliyində Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar məlumatlar yerləşdirilib. Azərbaycanın Qarabağ bölgəsi üzərində suverenliyinin bərpa edildiyi və digər seçkilərdən fərqli olaraq, müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, seçkilərin suveren dövlətin bütün ərazisini əhatə etdiyi qeyd olunub. Prezident seçkilərində səsvermə hüququ olan 6 milyondan çox Azərbaycan vətəndaşı ilə yanaşı, ölkə ərazisində yaşayan bütün etnik azlıqlarla birlikdə erməni milli azlığının da seçkilərdə iştirak etmək hüququ olduğu xüsusi vurğulanıb.
Qeyd edilib ki, Azərbaycandan kənarda yaşayan ölkə vətəndaşları səsvermə prosesində fəal iştirak ediblər və onlar üçün dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanın Rumıniyadakı səfirliyində səsvermə məntəqəsi yaradılıb.
Bununla yanaşı, Rumıniyanın “rador.ro” xəbər saytında “Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyev liderdir” başlıqlı neytral mövqeli məlumat yerləşdirilib. ABŞ-ın “Oracle Advisory Group” təşkilatının keçirdiyi “exit-poll”a istinad edilərək yazılan xəbərdə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyevin 93,9 faiz səslə qalib gəldiyi bildirilir.