Xalqımız müstəqil Azərbaycanın suverenliyinin təntənəsinə səs verir

post-img

Azərbaycanda bu gün gerçəkləşən və öz üzərinə təkcə bölgənin deyil, bütün dünyanın diqqətini cəlb edən növbədənkənar prezident seçkiləri keçirilir. Bölgədə özünün dəyişdiyi reallığın bəhrəsi sayılan yeni hüquqi, hərbi-siyasi situasiyanın ərsəyə gətirdiyi bu seçkilərin ən önəmli cəhəti bütöv Azərbaycanın tamhüquqlu vətəndaşının qürurlu seçimidir. 

Bu gün ölkə ərazisindəki 125 seçki dairəsinin 6 min 537 seçki məntəqə­sinin qapalı-pərdəli kabinələrinə daxil olacaq 6 milyon 478 min 623 Azər­baycan seçicisinin dünyaya sülh, demokratiya və əməkdaşlıq mesajını verəcəyi birmənalıdır. Çünki onun nə bölgədəki qonşularından, nə də dün­yadan başqa umacağı yoxdur. Dün­yada onun bu xoşməramlı səsinə səs verənlərinin sayının bundan sonra daha da artacağına heç kəsin şübhə­si olmasın. 

Bu gün ölkə daxilində və onun sərhədlərindən kənarda ucalacaq səslərin coğrafiyası Koreyadan Qərbi Virciniyaya qədər geniş ərazini əhatə edir. Paytaxt Bakının elektoratının sə­sinə dünyanın 37 ölkəsindəki səfirlik və konsulluqlarımızda yaradılmış 49 seçki məntəqəsində 23 mindən çox soydaşımızın səs verəcəyi gözlənilir. 

Azərbaycan ərazisində ən uca­dan eşidiləcək seçici sədası isə dəniz səviyyəsindən 2 min 350 metr yük­səklikdəki Xınalıq seçki məntəqəsin­dən gələcək. 

Bəli, bundan sonra Azərbaycanın səsi daim uca nöqtələrdən, zirvələr­dən gələcək. Bu seçim haqqını bizə heç kəs peşkəş etməyib, özümüz qazanmışıq. Azərbaycan vətənda­şı bu gün nümayiş etdirəcəyi seçki mədəniyyəti ilə dünyanın öndə ge­dən ölkələrinə, hətta demokratiyanın beşiyi sayılan supergücünə də bir nümunə göstərmiş olacaq. Sabah, yəni azad seçimimizi edəndən bir gün sonra sivil dünyadan Azərbay­can vətəndaşının seçiminə hörmətlə yanaşmasını və onu olduğu kimi qə­bul etməsini gözləyəcəyik. Biz şəffaf, azad və demokratik şəkildə öz seçi­mimizi etdik. İndi növbə onu müşahi­də edənlərindir.

Siyasət