I YAZI
2020-ci ildə 44 günlük savaşdan sonra məğlub durumda olan Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmayıb. Bölgədə sülh və sabitliyə nail olmaq üçün Azərbaycanın təşəbbüsləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə uzadılır, bir çox hallarda sülh prosesinin nəticə verməsindən daha çox onun hansı ölkə və kimlərin vasitəçiliyi ilə aparılması üzərində mübahisə aparılır. Bu da bölgəmizi maraqları olan dövlətlərin rəqabət sahəsinə çevirir.
Erməni təbliğat maşını Azərbaycanı guya sülh prosesinin uzadılmasında maraqlı olan tərəf kimi qələmə verməyə çalışır. Amma Ermənistanın özündə belə bu fikrin bir erməni uydurması olduğu qənaətinə gələnlər var. Çoxsaylı erməni analitiklərinin gəldiyi nəticə budur ki, Ermənistan rəhbərliyinin “sülh arzuları” sadəcə bir blefdir. Ermənistan səmimi şəkildə sülh anlaşmasına getmək istəsəydi, indiyəcən Azərbaycanın bir neçə dəfə hazırlayıb qarşı tərəfə göndərdiyi sülh təkliflərini qəbul edər, Qərb ölkələrində özünə havadarlar axtarmazdı. Ermənistan sülh masasına gəlməkdən çəkinir, çünki ərazi məsələlərində bir çox həqiqətlər ortaya çıxa bilər.
Ermənistanın ondan qorxur ki, baş nazir Paşinyanın 29,8 min kv. km kimi elan etdiyi Ermənistan ərazinin böyük bir hissəsi bu torpaqlara haqqı olanın əlinə keçə bilər. Çünki bu ölkədə anlayırlar ki, 1918-ci ildə Ermənistan 9 min kv. km ərazidə elan olunub və 20 min kvadratkilometrlik ərazi Ermənistana sonradan verilib və bunlar qanunsuz və ədalətsiz qərarlar nəticəsində baş verib .
Ermənistanda onu da yaxşı bilirlər ki, Azərbaycan Respublikası AXC-nın varisidir və onun elan etdiyi əraziləri geri almaq haqqını özündə saxlayır. O zaman isə Azərbaycan Xalq Respublikasının ərazisi Paşinyanın bu gün tanıdığını elan etdiyi 86,6 min kvadratkilometr deyil, 114 min kvadratkilometr olub. Nə üçün Ermənistan 1918-ci ildə olan ərazilərin danışıq predmeti olmasından çəkinir, ortaya 1970-ci illərin “xəritələrini” atır? Çünki sonrakı tarixlərdə bu ölkənin ərazisi Azərbaycan torpaqları hesabına genişləndirilərək indiki 29,8 səviyyəsinə çatdırılmışdır. Vaxtilə erməni siyasi xadimlərinin özlərinin yazdıqları tarixi faktlara müraciət etsək, aydın bir mənzərənin şahidi olarıq. Birinci Ermənistan Respublikasının baş naziri və xarici işlər naziri olmuş Aleksandr Hatisyan “Ermənistan Respublikasının yaranması və inkişafı” adlı xatirə əsərində bəzi mühüm və indiyədək məlum olmayan məqamlar da bu gerçəyi sübut edir.
Xatırladaq ki, 4 iyun 1918-ci il Batum anlaşması ilə Ermənistan ərazisi 9 min kavadratkilometr olaraq tanınıb. Xatisyanın həmin əsərindən bir hissəni olduğu kimi təqdim edirik. Xatırladaq ki, Aleksandr Xatisyanın Batuma göndərilən Erməni Milli Şurası nümayəndələrinin başçısı idi.
“Batuma çatan kimi birinci vəzifəmiz Xəlil bəyə məktubla Ermənistanın müstəqilliyinin elan edildiyini və türk ultimatumunun qəbul edildiyini bildirmək oldu. Məktub mayın 29-da saat 19:00-da, ultimatum üçün son tarixə bir saat qalmış türklərə çatdırıldı.
O zaman almanlara güvənən gürcülər tələsmirdilər. Onların Xəlil bəylə mayın 31-dək əlaqələri vardı və ultimatum mayın 29-u saat 20:00-da bitmişdi. Xəlil bəy elə həmin axşam mənə cavab verdi, bir gün sonra, mayın 30-da, gündüz saat 12-də onunla klub binasında görüşmək qərarına gəldik.
Danışıqlar fransız dilində aparılırdı. Birinci iclasda Vehib Paşa (Osmanlı Ordularının baş komandiri) şəxsən məndə olan tarixi xəritədə Ermənistanın sərhədlərini çəkdi. Biz bu xəritəni həm Trabzonda, həm də daha sonra İstanbulda, Gümrüdə və Avropada özümüzlə daşıyırdıq.
Xəritəyə baxanda içimizi iki kəskin duyğu bürüdü. Birincisi, biz ən azı fəxr edirdik ki, nəhayət, əsrlər boyu davam edən mübarizədən sonra dünya xəritəsində kiçik bir torpaq parçasına sahib olacaqdıq, ikincisi, bunun bizə verdiyi ağrı ilə baş-başa qalacaqdıq, bizə ayrılan torpaq sahəsi cəmi 9 min kvadrat kilometrdi ki, bu da xalqımızın məskunlaşması üçün tamamilə yetərli deyildi.
İlk iclas sərhədlərin araşdırılmasına həsr olundu. Türklərin Gürcüstan və Azərbaycanla sərhədlərimizin müəyyən edilməsindən qaçması faktı ilə üz-üzə qaldıq. Onlar bizim sərhədlərimizi yalnız Türkiyə ilə çəkib, digər qonşularımızla sərhədlərimizi onlarla razılaşdırmağı istəyirdilər.
Amma biz artıq bilirdik ki, gürcülər Qarakiliseyə qədər, Azərbaycan isə İrəvana qədər geniş ərazi istəyir. Mübahisəsiz ərazi Yeni Bəyazət qəzası və Aleksandropolun (Gümrü) dağlıq hissəsi idi, oradan bizim cəmi 13 kilometrlik dəmir yolumuz keçirdi.
Biz hər üç sessiyanı sərhədlər mövzusuna həsr etdik. Biz Vehib Paşadan və Xəlil bəydən erməni xalqının taleyi üçün bu gün də, sabah da birinci dərəcəli əhəmiyyət kəsb edəcək çox şey eşitmişik. Vehib Paşa xəritəyə işarə edərək və Türkiyənin səylərini izah edərək dedi:
"Görürsünüz, tale Türkiyəni qərbdən şərqə sürükləyir. Biz Balkanları tərk etdik, Afrikanı da tərk edəcəyik, amma Şərqdə məskunlaşmaqdan imtina etməyəcəyik . Qanımız, dinimiz, dilimiz oradadır. Bunun da təbii cazibəsi var. Qardaşlarımız Bakıdadır, Dağıstanda, Türküstanda, Azərbaycandadır. Biz oraya doğru getməliyik. Siz isə, ermənilər bizim yolumuzdasınız. Siz İrana gedən yolumuzu kəsirsiniz, Vanı tələb edirsiniz. Kür vadisindən enirsiniz, Naxçıvanı tələb edirsiniz. və Zəngəzura və Bakıya getməyimizə mane olursunuz. Qars və Axırkələk ərazilərinə iddia etməklə Qazax və Gəncəyə gedən yolumuzu bağlamaq istəyirsiniz. Siz kənara çəkilib bizə yol verməlisiniz. Əsas mübahisəmiz buradadır. Bizə iki geniş yol lazımdır. ordularımızın irəliləməsinə və müdafiəsinə imkan verəcək Qars–Axırkələk yoludur. Bu, Borçalı–Qazax–Gəncəyə gedir, o biri Sərur–Naxçıvan–Zəngəzurla Kür vadisinə uzanır. Yəni siz onların ortasında qala bilərsiniz. Bəyazit Eçmiədzin arasında”.
Sonralar əmin olduq ki, Xəlil bəy və Vehib paşa Qarsın bütün ətrafını, Axırkələk vilayətini, Aleksandrapol şəhərini, Hamamlı–İrəvan yolunu, Sürmeli vilayətini, İrəvan quberniyasının yarısını və bütün Karakilise–Uluxanlı dəmir yolunu türklərin əlində saxlamağı təkid edirdilər.
Onlardan sərhədlərin müəyyən edilməsi ilə bağlı bütün təkliflərimizi İstanbula teleqrafla göndərmələrini istədik.
İyunun 2-də cavab aldıq ki, türklərlə “başlanan yaxşı münasibətlər naminə” Hamamlı-İrəvan magistral yolunu bizə buraxmağa razılaşıblar ki, sərhəd Eleyez dağının ətəyindən keçsin. Bu yeni sərhəd Eleyez zirvəsindən Cacur stansiyasına, oradan da Vağarşapata qədər uzandı və buradan 1000 kvadrat kilometr məsafə qazandıq. Türklər bundan başqa güzəştə getmədilər.
Danışıqlarımızın siyasi tərəfinə gəlincə, Vehib paşa bizi türklərlə hərbi ittifaq bağlamağa, onlara 10 min əsgər verməyə və birlikdə Bağdada doğru yürüşə razı salmağa çalışdı. Bu təklifi Ənvər paşa verdi. Biz bu təklifi heç bir şəkildə qəbul edə bilməzdik, xalqımızın hədsiz yorğunluğunu əsas gətirərək rədd etdik.
Vehib paşa bundan təəssüfləndiyini bildirdi və belə bir ittifaqın ermənilərlə türklər arasında bir çox anlaşılmazlıqları aradan qaldıracağını bildirdi”. (Aleksandr Hatisyan "Ermənistan Respublikasının yaranması və inkişafı". Yerevan –2017, səh. 103 ermənicə).
Göründüyü kimi, Azərbaycanın tarixi torpaqlarında ortaya çııxan süni dövlətin ərazisi 1918-ci ildə 9 min kvadrat kilometr olaraq elan olunub və bu, Batum anlaşması ilə təsdiq olunub. Ermənistanın əraziləri 1918-ci il xəritələri ilə müəyyən edilməlidir.
Qafar ÇAXMAQLI,
Türkiyənin Ərciyəs Universitetinin professoru