Ermənistanda Qarabağı unutmağa çağırırlar

post-img

Hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvü Vaaqn Aleksanyan vətəndaşları suveren Ermənistan haqqında düşünməyə və Qarabağı unutmağa çağırıb.

O, əmindir ki, Qarabağ arzusu Ermənistan vətəndaşlarını suverenlikdən məhrum etmək üçün onlara aşılanıb.

"Biz və gələcək nəsillər ən mühüm arzumuzu - suveren Ermənistan Respublikasını qorumalıyıq və suverenliyimizi itirməyimiz üçün illər əvvəl bizim üçün yazılmış proqramları rəhbər tutmamalıyıq", - Aleksanyan jurnalistlərə deyib.

Onun sözlərinə görə, gələcəkdə hərbi balansın Ermənistanın xeyrinə dəyişəcəyini və Qarabağı “geri qaytara” biləcəyini fərz etsək belə, bu, uzun sürməyəcək və eyni əhvalat təkrarlanacaq.

Aleksanyan qeyd edib ki, dünyada heç bir dövlət Qarabağı Ermənistanın bir hissəsi kimi tanımayıb.

Deputat üç milyonluq əhalisi olan Ermənistanın "tarixi ədalətin bərpası naminə" edilsə belə, qonşularına qarşı ərazi iddialarını davam etdirməsinin nə dərəcədə məntiqli və tədbirli olduğu ilə maraqlanıb: “Əgər bu kodu rəhbər tutmağa davam etsək, bu, bizi yaxşı heç nəyə aparmayacaq”.

S.ELAY

XQ

Siyasət