Hörmətli Azərbaycan Respublikasının vətəndaşları!
Əziz seçicilər!
7 fevral 2024-cü il tarixi Azərbaycan dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı kimi əlamətdar olacaqdır.
Bu günü Azərbaycan tarixinə qızıl hərflərlə yazmaq, gələcək nəsillər üçün suveren Azərbaycanı qoruyub yaşatmaq, ata-babalarımızdan bizə əmanət qalan dövlətçiliyimizi əmin dövlət başçısına etibar etmək Sizin əlinizdə olacaqdır. Müstəqil ölkənin müstəqil vətəndaşları olaraq seçkiyə gəlmək və layiq bildiyiniz namizədə səs vermək seçki günü ölkəmiz adına görə biləcəyiniz ən şərəfli iş və böyük vəzifədir.
“Vətəndaş Birliyi” seçki qərargahı vətəndaşlarımızın gələcək rifahı, dövlətimizin əbədi müstəqilliyi və suverenliyimizin qorunması üçün təsis olunmuş və Prezident seçkilərində mənim namizədliyimi irəli sürmüşdür. Vətəndaşlarımızın şəxsimə olan etimadını və inamını doğrultmaq üçün Prezident seçkilərində namizəd olmağı qəbul etmiş və bu məsuliyyəti dərindən dərk edərək seçkilərdə iştirakı şərəfli vəzifə hesab etmişəm.
Bu gün nəinki bizim dostlarımız, hətta bizi sevməyən bədxahlar belə ölkəmizin qazandığı uğurlardan və qələbələrdən heyranlıqla bəhs edirlər. Azərbaycanın bugünkü inkişafının davamlılığını təmin etmək, onu məkrli təsirlərdən qorumaq hər bir vətəndaşın və dövlətə rəhbərlik edən şəxsin çiyinlərinə ali və böyük məsuliyyət qoyur.
“Vətəndaş Birliyi” seçki qərargahının müəyyənləşdirdiyi və namizəd kimi rəhbər tutduğum prinsipial tezislər:
– MİLLİ BARIŞ, MƏSULİYYƏTLİ HAKİMİYYƏT.
– PREZİDENT XALQIN XİDMƏTİNDƏ OLMALIDIR!
– NEYTRAL AZƏRBAYCAN.
– İNSAN ZƏKASI NEFT VƏ QAZDAN DAHA ƏHƏMİYYƏTLİDİR.
– KORRUPSİYAYA YOX, YÜKSƏK QİYMƏTLƏRƏ YOX, İNHİSARÇILIĞA YOX.
– AŞAĞI VERGİ, DÖVLƏT QAYĞISI, LAYİQLİ MAAŞ.
– VARLI VƏTƏNDAŞ – VARLI ÖLKƏ.
“Vətəndaş Birliyi” seçki qərargahının namizədi Fuad Əliyevin seçki
PROQRAMI:
İdarəetmədə islahatlar:
* Azərbaycanda dövlət idarəetməsində vətəndaş cəmiyyətlərinin iştirakının gücləndirilməsi;
* Ölkənin ərazi idarəetməsində islahatlar aparılması. Prezidentin 7 region üzrə nümayəndəliyinin formalaşdırılması. Mövcud icra hakimiyyətlərinin səlahiyyətlərinin bələdiyyələrə verilməsi;
* Nazirlər Kabinetinin səlahiyyətlərinin vitse-prezidentlik institutu ilə əvəz edilməsi;
* İdarəçilik sistemində bürokratiyanın qarşısını almaq məqsədilə dövlət idarələrinin təmərküzləşdirilməsi;
* Ordu quruculuğunda çağırış sistemindən imtina edilməsi, peşəkar döyüş qabiliyyətli ordunun qurulması.
Sosial-iqtisadi hədəflər:
* Əhali üçün yanacaq və elektrik enerjisi qiymətlərinin 2024-cü il aprelin 1-dən aşağı salınması;
* Azərbaycanda yaşayış minimumunun, habelə sosial müavinət və pensiyaların artırılması. İnflyasiya göstəricilərini nəzərə alaraq minimum aylıq əməkhaqqının 500 manata qədər artırılması. Pensiya yaşının kişilər üçün 62, qadınlar üçün 59 yaş həddində müəyyən edilməsi.
* Müəllimlərin və həkimlərin maaşlarının artırılması ilə təhsil sistemində və tibdə korrupsiyaya qarşı ünvanlı islahatların aparılması. Həkim və müəllimlərin 5 ildən bir əlavə sertifikasiya imtahanlarının ləğv olunması;
* Ali təhsil sistemində rəqəmsal, habelə innovativ və nanotexnologiyalar üzrə mütəxəssislərin hazırlanmasına xüsusi diqqətin ayrılması. Mühəndislik və informasiya texnologiyaları kimi ixtisasların populyarlaşdırılması;
* Azərbaycan təhsilində 1985-ci ildən əvvəl dünyada ən yaxşı hesab edilən orta məktəb təhsili ənənələrinin bərpa edilməsi. Kurikulumdan imtina edilməsi;
* Vətəndaşların ödədiyi vergilərin azaldılması;
* Çörək istehsalının satışına və qiymətlərinə nəzarətin dövlətin inhisarçılığında olması;
* Bakı şəhəri və digər böyük şəhərlərdə 7 mərtəbədən yüksək binaların tikilməsinə rəsmi qadağa qoyulması.
Beynəlxalq fəaliyyət:
* Azərbaycanın neytral ölkə statusunun rəsmi elan edilməsi;
* NATO və KTMT-yə bitərəf münasibətin saxlanması;
* Şanxay Əməkdaşlıq Təşkilatına və Avrasiya İqtisadi Birliyinə qoşulmaq istiqamətində fəaliyyət göstərilməsi və Türkdilli dövlətlərlə əməkdaşlığın gücləndirilməsi. Ölkəmizin GUAM təşkilatından çıxması;
* Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə ata-baba torpaqlarına qayıdışının beynəlxalq müstəvidə ədalətli həllinə nail olunması.
Əziz seçicilər!
Seçkiyə gəlin və gələcəyinizə səs verin!
Layiqli həyatınızı FUAD ƏLİYEV ilə qazanın!
Prezidentliyə namizədin ödənişsiz təşviqat materialı