AŞPA, həddini aşma!

post-img

Azərbaycan tərəfinin təzyiq qarşısında  geri çəkilməyəcəyinə əmin olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verib. Əslində, Azərbaycana qarşı bu qərəzli davranış bütün dünya dövlətlərinə o mənada bir mesajdır ki, qeyri-obyektivlik timsalı olan ermənipərəst, islamofob və türkəfob qüvvələr bu təşkilatdan hər bir ölkəyə qarşı təmənnalarını təmin edəcək vasitə kimi istifadə edirlər.

AŞPA bu gün artıq kimlərinsə əlində təzyiq alətidir. Məsələ bundadır ki, uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara-sıra urvatsız, yəni heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə gözə kül üfürüb. Halbuki, bir quruma üzv olan iki dövlətdən birinin digərinin ərazisini 30 il işğal altında saxlamasına  görə ən azından onun səs hüququ əlindən alına bilərdi.

Xatırladaq ki, ötən ilin oktyabr ında  AŞPA “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul etmişdi. O sənədin 23-cü bəndində təşkilat açıq-aşkar haqq tərəfi olan Azərbaycanı təhdid edərək, 19 sentyabrda baş tutan lokal xarakterli birgünlük antiterror tədbirlərini hərbi əməliyyatlar kimi qiymətləndirmiş,   “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən məqsədli əndişələr “keçirərək” Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələmişdi. Bu, Qərbin siyasi hörümçək toru idi.

 AŞPA-nın yarımvicdan qış yarım-sessiyasının açılış günündə (22 yanvar) özünü nüfuzdan salan qurumda ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilmədi. Deputatların etimadnamələrinin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü iddialar şvabrası olan Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürdü və həmin “nəcib” təşəbbüs təsdiqləndi. Şvabenin əsaslandırması göstərir ki, guya 100 mindən artıq (?!) Qarabağ ermənisinin zorakılıqla qovulması (?!)  və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması anılamına gəlib. Bu, olmayan qürura toxunma kimi təfsir edilib.     AŞPA rəhbərliyinin   sadəcə sosialistləri qabağa verdiyi  aşkar faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin haqq carçısı Azərbaycanın əleyhinə səs verməsi “xoruzun quyruğunun görünməsi - təşkilat rəhbərliyinin birtərəfli cığal mövqeyinin göstəricisidir. 

Bəllidir ki, Fransa və Almaniya xor içində uğursuz duet təşkil edirlər. Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. Bu gün əminliklə deyə bilərik ki, AŞPA Almaniya və Fransanın əlində bir meymun oyuncağıdır. Qısası,  AŞPA-nın davranışı “dirijor” Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır. Axı, kimsəyə sirr deyil ki, AŞPA kimsə cəsarət göstərib “Çaşma!” demir, o da qaşınmayan yerdən qan çıxarmaq məharətini göstərir.  Səbəb müticəsinə hər sözə ləbbey demək istəməyən və müstəqil siyasət yürüdən  Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdır. Qərbdəki antiazərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etmək cəhdində bulunurlar.   

Beləcə, “qurubəylər”in qurum olaraq Avropa İnsan (inhisar da demək olar) Hüquqları Məhkəməsi Qərbin 5-ci kolonunu müdafiə edir və sifarişli qərarlar çıxarır. O da aydındır ki, Avropa Azərbaycanın  44 günlük Vətən müharibəsində Zəfər Yürüşünü heç cür sinirə bilmir. AŞPA ölkəmizin müstəqil siyasəti özünəməxsus arqumentlərlə özbaşınalıq sayır, qürur qırıqlığı yaşayır, mağmun Ermənistanın məğlubiyyətini, bizimsə suverenliyimizin tam bərpa olunmasını həzm edə bilmir.

Yadımızdadır ki, 2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, nankor qonşularla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, daha çox da AŞPA dəfələrlə bizdən həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, başqa sözlə, Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib. Bizsə bunu əsassız iddia kimi rədd etmişik.

Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verib. 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Ermənilərin “blokadada yaşadıqları”nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərin reallaşmasına Azərbaycan rəvac verməyib. Riyakar siyasətdən yeganə amac o olub ki, 2ermənilərin hüquqları” qorunsun. Bəs, 30 il ərzində əraziləri işğal olunanda, 1 milyon qaçqın ata-baba yurdundan didərgin düşəndəAŞPA niyə kor və kar olub insan hüquqlarını yada salmırdı?

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali - daha doğrusu, iyli - nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Sanki o, “Aİ” əvəzinə “zəhmətkeş” bir canlı kimi “İA” deyir. C.Borrel (bəlkə də Kor-rel) bu günlərdə Brüsseldə keçirilmiş Aİ Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı yenə də erməni sevgisini açıq-aşkar nümayiş etdirib. “Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir. Bu, Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”, - deyən Aİ rəsmisi hətta, Azərbaycanla Fransa arasında diplomatlarla bağlı baş vermiş məsələdə də Parisin mövqeyinə dəstək ifadə edib. Əslində, Borrelin ölkəmizə qarşı qərəz nümayiş etdirməsi ilk hal deyil. Bundan əvvəl də Aİ-nin ali nümayəndəsi erməni lobbisinin diktəsinə uyğun davranışlar sərgiləyib. Əslində, Borrelin (zəhrimarrel-çorrelin) ölkəmizə qarşı qərəz nümayiş etdirməsi ilk hal deyil. Bundan əvvəl də Aİ-nin ali (dəli) nümayəndəsi erməni lobbisinin təmənnalı sifarişinə  uyğun davranışlar sərgiləyib. Qarabağda keçirilən antiterror tədbirləri zamanı da o, separatçılara həmrəylik (daha doğrusu, həmsəylik) göstərmişdir.

Əlbəttə, Avropanın səmərəsiz cəhdləri heç bir fayda verməyəcək. Çünki haqq nazilsə də, üzülməz. Azərbaycan üçün nəinki nüfuzsuz AŞPA-da səsinin dondurulması, bu qeyri-obyektiv qurumun özü belə heç bir əhəmiyyət daşımır.   

AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə qəti əlaqəsi yoxdur. Qəbul olunmuş qərar öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı yersiz  cəzalandırma cəhdidir.

Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Artıq bu problem həll olunub və hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur. 

Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdı. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bundan başqa, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü təmin etdi. Üzdəniraq Minsk qrupunun “turustləri” qapıdan qovuldu.    Biz ədaləti, beynəlxalq hüququn normalarını öz gücümüzə bərpa etdik. 2020-ci il Vətən müharibəsindən və ötən ilin sentyabrında uğurla keçirdiyimiz antiterror tədbirlərindən sonra   AŞPA-nın yuxusu qaçıb. Sözügedən hadisə BMT-nin əsası qoyulandan bəri dünyada baş verən bir ilkdir. Azərbaycan bütün beynəlxalq alətlərə qanuni istinadla özünün ərazi bütövlüyünü bərpa edib.

Bu gün bütün dünya dövlətləri yaxşı bilir ki, Azərbaycanın işi haqq işidir və biz sülh istəyirik. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim etdik. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımlarımızın nəzərə alınmaması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq etmiş olur.

Hikmət XƏLİLOV,

 Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, YAP Masallı rayon təşkilatının üzvü. 

 

 

 



Siyasət