Böyük Quruluş Partiyasından Azərbaycan Respublikası Prezidentliyinə namizəd Fazil Mustafa

post-img

Azərbaycan Respublikasının Prezidentliyinə namizəd
Fazil Qəzənfər oğlu Mustafa 

ÖMÜR YOLU

1965-ci il oktyabrın 19-da Naxçıvan şəhərində anadan olmuşdur. 1982-ci ildə Nax­çıvan şəhərində 10 saylı orta məktəbi bitirib. 1982–1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləmişdir. 1984–1986-cı illərdə keçmiş Sovet Ordusunda əsgər kimi həqiqi hərbi xidmət keçmişdir.

1986-cı ildə daxil olduğu Bakı Dövlət Universitetinin Hüquq fakültəsini 1991-ci ildə bitirmişdir.

Milli Azadlıq hərəkatında fəal iştirak etmiş, “Çənlibel”, “Yurd”, “Şimali Azərbaycan Tələbə İttifaqı” kimi birliklərin rəhbərliyində olmuşdur. AXC Hüquq fakültəsindəki da­yaq dəstəsinin sədri, eyni zamanda, SSRİ Tələbə-Hüquqşünaslar Assambleyasının İdarə heyətinin üzvü olmuşdur.

1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrində çalışmışdır.

1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində işləmişdir.

1995–1998-ci illərdə Türkiyədə AXC sədrinin özəl təmsilçisi olmuşdur. 1998–2001-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini vəzifəsində çalışmışdır.

2001–2003-cü illərdə ikinci dəfə həqiqi hərbi xidmətə çağırılmış və döyüş bölgəsin­də baş leytenant rütbəsi ilə tağım komandiri vəzifəsində xidmət keçmişdir.

2003-cü ildə Böyük Quruluş Partiyasını təsis etmiş və ilk qurultayda həmin parti­yanın başqanı seçilmişdir. 2006, 2009, 2012, 2016 və 2020-ci illərdə yenidən partiya başqanı seçilib.

2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycan türklərinin di­ni-fəlsəfi dünyagörüşü: fəlsəfi aspekt” mövzusunda dissertasiya müdafiə edərək fəl­səfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.

2008-ci ildən Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin üz­vüdür.

2020–2023-cü illərdə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti olmuş­dur.

Üçüncü, dördüncü və beşinci çağırışlarda 26 saylı Birinci Sabunçu seçki dairəsin­dən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinə yenə də Birinci Sabunçu seçki dairəsindən deputat seçilmiş və hazırda Milli Məclisin Mədəniyyət Komitəsinin sədridir.

F.Mustafa, eyni zamanda, Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvüdür.

Avropa Şurasının Parlament Assambleyasında və TURK Parlament Assambleya­sında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üz­vüdür.

3 monoqrafiyanın, 27 kitabın və onlarca elmi məqalənin müəllifidir.

Rus və ingilis dillərini bilir.

Evlidir, 2 övladı var.

PREZİDENTLİYƏ NAMİZƏDİN SEÇKİ PLATFORMASI 

1. Yüksək mədəniyyətli azərbaycanlını necə “istehsal” edək?

Yeni çağırışlar Mədəniyyət Nazirliyi­nin yaradıcı, ideoloji və uzlaşdırıcı rolu­nun əhəmiyyətli dərəcədə yüksədilməsini tələb edir. Qarşıya rəqabətqabliyyətli in­san kapitalının inkişafına təkan verən və­zifələr qoyulmalıdır. Yüksək mədəniyyətli azərbaycanlı ölkəmizin rəqabətqabliyyətli və təhlükəsiz milli inkişafının bərpaolunan strateji resursu və başlıca hərəkətverici qüvvəsidir. Yüksək mədəniyyətli azərbay­canlıların “istehsalı”nın ən mühüm siyasi texnologiyaları qismində elm, təhsil, ilk növbədə, uşaqlar və gənclər olmaqla, in­sanların maarifləndirilməsi və tərbiyələn­dirilməsi, şəxsiyyət mədəniyyətinin, ailə mədəniyyətinin, əmək kollektivlərinin və bütövlükdə, cəmiyyətin mədəniyyətinin inkişafı dayanır.

Mədəniyyət siyasəti yalnız mədəni ir­sin mühafizəsi üzərində qurulsa, onda biz heç vaxt dünya mədəniyyətinin dilində da­nışa bilməyəcək, qatıldığımız bütün bey­nəlxalq tədbirlərdə əvvəlki kimi etnoqrafik libasda görünəcək, folklor mərhələsində ilişib qalmış xalq sayılacağıq. Müasir dün­yada mədəniyyət sahəsində mədəni irsin mühafizəsi belə, çağdaş, dinamik me­todlara əsasən həyata keçirilir. Məsələn, İngiltərədə 5 öz janrında populyar əsər­lər yazan müəllifə Şekspirin yubileyində onun məşhur pyesləri verilir ki, onları ye­nidən müasir dövrə uyğun yazsınlar. İndi əsas məsələ mədəniyyətin (buna çağdaş nəzəriyyədə “simvolik sərmayə” də de­yirlər) sistemli şəkildə vicdanlı seçimlərlə ixrac olunmasıdır. Neçə illərdir ki, mədə­niyyət sahəsində daha çox bizim dilə tər­cümə və ya təqlid formasında xaricdən idxal var. 

Digər tərəfdən mədəni prosesin mərkəzdən bölgələrə doğru yayılmasına təkan vermək lazımdır. Mədəni proses ölkə boyu getmir, az qala bütün sənət qu­rumlarını, kitab evlərini bir küçəyə yığmı­şıq. Hətta paytaxtın içində belə mərkəzlə mərkəzyanı arasında uçurum var. Tiraj qalxmayınca, mədəni proses mərkəz­dən kənara çıxmayınca, oxucunun sayını dəqiq bilməyəcəyik.

Mədəniyyət müəssisələrinin əlçatan­lığını və hər bir uşağın əlavə təliminin bu strukturlardan keçməsini təmin etmə­dikcə, ayrıca xüsusi istedadlar xaric, cə­miyyətdə mədəni mühit formalaşdırmaq mümkün olmayacaq. Kitabxanaların, mu­zeylərin, konsert və sərgi salonlarının mo­dern işlək modelini qurmalıyıq, yaradıcı insanı vaxtında dəstəkləyən mexanizmlə­ri canlandırmalıyıq. 

2. Müavinət və pensiya sistemində irəliləyiş üçün daha nələr etmək olar? 

Bizdə son illərdə sosial yardım institu­tunun qanunvericilikdə təkmilləşdirilməsi üçün xeyli faydalı işlər görülüb. Prakti­kada qarşıya çıxan boşluqdar daha çox COVID-19 pandemiyası dövründə bu mövzuda düşünməyə xeyli əsaslar verdi. Fikrimizcə, sosial yardımların məqsədi yoxsulluq göstəricilərini azaltmaq deyil, təqaüdçülər, şəhid ailələri, müharibə ve­teranları, tələbələr kimi həqiqətən sosial müavinətlərə ehtiyacı olan təbəqələrin insanca yaşamasını təmin etmək olma­lıdır.

İş yerlərində yeni doğulmuş 3 yaşı­nadək uşağa qulluğa görə ödənişli so­sial məzuniyyətə gedən xanımlar sosial müavinətin məbləğinin az olması səbəbi ilə uşağın 3 yaşını gözləmədən uşaq bağ­çasının himayəsinə verərək işləmək üçün geri dönürlər. Bir neçə ildir ki, digər müa­vinətlər artırılsa da, bu müavinət növü artırılmır. Uşağa 1 yaş 6 aylığınadək 44 manat, 3 yaşınadək isə 28 manat müa­vinət verilir. Bu rəqəm reallıqda uşağın bir neçə günlük ehtiyacını ödəyəcək səviyyə­də deyil.

Yaşa görə əmək pensiyası təyin olu­nan şəxslər pensiya təyin olunduqdan sonra işləməyə davam edərlərsə, ödə­nilən məcburi dövlət sosial sığorta haqla­rı əlavə pensiya kapitalı formasında fər­di şəxsi hesablarda toplanır və yenidən hesablanması üçün pensiyanın üzərinə gələrək artıma səbəb olur. Ancaq tələb olunan staj və pensiya kapitalı olmayan şəxslərə yaşa görə 220 manat sosial müavinət təyin olunur və onlar təyinat aparıldıqdan sonra hər hansı fəaliyyət­lə məşğul olarlarsa və ya adlarına aktiv VÖEN olarsa, sosial müavinət dayandırı­lır. Əgər müavinət aldığı dövrdə hər han­sı fəaliyyəti olursa, həmin dövrdə aldığı müavinətin məbləği ondan tutulur, bu da sosial həssas vətəndaşların haqlı narazı­lığına səbəb olur.

Hərbçilər arasında müharibə ilə əlaqə­dar orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər olarsa, onlara əlilliyə görə əmək pensiyası təyin olunur. Ancaq şəxsin orqanizminin funksiyası 31-81% pozu­larsa onlara pensiya əvəzinə əlilliyə görə müavinət təyin olunur. Bu da, öz növbə­sində aldıqları məbləğin həcmində böyük fərq edir və narazılığa səbəb olur.

Eyni zamanda, pensiyaçılara bayram­lar münasibəti ilə minimum pensiya həc­mində əlavə müavinət ayrılmalıdır.

Ən vacib məsələlərdən biri də pensiya yaşına çatmadan vəfat etmiş pensiyaçının sığorta fonduna yığılmış vəsaitinin inkişaf etmiş ölkələrdə olduğu kimi, onun qanu­ni varislərinə verilməsidir. Bu problem də yaxın zamanlarda öz həllini tapmalıdır.

3. Əlillərə diqqət artırılmalıdır!

Azərbaycanda əlillik əhalinin 4,3%-ni təşkil edir. Dünya əhalisi ilə müqayisədə, həm də real durumu nəzərə aldıqda, çox azdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkə əhalisinin 15%-i əlil hesab edilə bilər. Əlilliyin artmasına təsir edən amillər aşağıdakılardır:

– Tibbi amillər: Xəstəliklərin yeni tibbi üsullarla müalicəsi, müasir avadanlıqlarla xəstəliklərin diaqnostikasıdır. Bu da əvvəl­ki müəyyənləşdirilə bilməyən xəstəliklərin tez bir zamanada müəyyənləşməsinə, bu xəstəliklərdə yaşama faizinin yüksəlmə­sinə və əlillik əlamətlərinin saxlanmasına gətirib çıxarır.

– Demoqrafik amillər: Əhali sayının artmasıdır.

– Sosial amillər: Dünya ölkələrində gedən sürətli sosial-iqtisadi inkişaf nə­ticəsində avtomobillərin və digər mexa­nizmlərin sürətlə artması, travmaların sayının artmasına gətirib çıxarır. Travma­dan başqa, şəhərləşmə (urbanizasiya) nəticəsində stress faktorları həddən artıq yüksək olur ki, bu da xəstəliklərin artımı­na səbəb olur. Həmçinin oturaq həyat tər­zi, dayaq hərəkət sistemi xüsusilə onur­ğa xəstəliklərinin artmasına səbəb olur. Eyni zamanda, müharibə və silahlı mü­naqişələr də xəstəliyin tezliyinin və sonda əlilliyin artmasına gətirib çıxarır.

– Təbii amillər: Dünyada baş verən iqlim dəyişikliyi, təbii fəlakətlər və ekoloji şərait xəstəliklərin, travmaların, nəticədə əlilliyin artmasına birbaşa təsir göstərir. Beynəlxalq təşkilatların məlumatlarına görə, dünya ölkələrində, eləcə də ölkə­mizdə əlilliyin cavanlaşması və orta ömür uzunluğunun artması prosesi gedir ki, bu da əlillərin əlillik vəziyyətində olma dövrü­nün artmasına və nəticədə əlilliyin sayına öz təsirini göstərir.

Əlilliyin qiymətləndirilməsindəki qüsur­lar aşağıdakılardır:

-İlkin və təkrar əlilliyin qiymətləndiril­məsi üçün on iş günü ərzində cavab veril­məli olduğu halda aylarla cavab verilmir. Bu müddət bəzən 1 ilə qədər uzanır. Bu da iki səbəbdən olur. Birincisi, yerlərdə TSEK-lərin formalaşmaması, formalaş­mış TSEK-lərdə tam tərkib olmamasıdır. Bu da TSEK-lərin iş yükünü artırır və qiy­mətləndirmə gecikir. İkincisi, təkrar əlilliyin qiymətləndirilməsindədir. Qanuna görə əlillik müddəti bitdikdən 6 ay ərzində əlil­lik bərpa olunarsa, pulu ödənilir. TSEK-lər də qəsdən əlilliyi 6 aydan artıq müddətə qiymətləndirirlər ki, əlil həmin imkandan məhrum olsun, bu da əlil vətəndaşlar ara­sında haqlı narazılıq yaradır.

Əlilliyin təyin olunması üçün əyani müa­yinənin olması vacibdir. Kompüter üsu­lu ilə əlilliyin təyin olunmasını mütərəqqi üsul adlandırsalar da, qeyri-rəsmi olaraq əyani üsulla müayinəyə üstünlük verirlər. Bu da TSEK-lərin azlığından və iş yükü­nün çoxluğundan asılı olaraq şikayətlərə vaxtında baxılmadığına görə haqlı nara­zılıqlar yaradır. Bunun üçün rayonlarda TSEK-lərin sayını artırmaq və lazımi kadr və avadanlıqlara komplektləşdirmək, əlil­ləri əyani müayinəyə cəlb edərək şikayə­tin qarşısını almaq olar.

 

Prezidentliyə namizədin ödənişsiz təşviqat materialı

Siyasət