Prezidentliyə namizəd Zahid Orucun Seçki Platforması

post-img

Xarici siyasət – IV Res­publika: Yüksələn regional güc – Azərbaycan! 

Şübhəsiz ki, qalib adımız, sanbalımız bizə təkcə dost deyil, həm də düşmən ölkələr qazandırıb.

Azərbaycan regionda və dünyada tama­milə yeni reallıq yaradıb. Planetar güc po­tensialı qlobal piramidanın zirvəsindən regionlara doğru yönəlir. Bu reallıq yeni qüvvələr balansını, daha geniş anlamlı regional miqyasda yüksələn yeni regional gücü dünyaya tanıdacaq. Şübhəsiz ki, bu Azərbaycan olacaq!

Tam suverenliyini bərpa edən regionun lider dövləti Azərbaycan bölgəyə kənar gü­clərin müdaxilə və təzyiqinin əleyhinədir. Bölgəyə sülhü bölgə ölkələri gətirə bilər.

Müşahidə missiyaları, sülhməramlı kontin­gent adı altında istənilən statuslu kənar qüv­vəni gətirmək cəhdləri əbəsdir və Azərbay­can buna heç zaman imkan verməyəcək.

Azərbaycan kimi ölkələrlə hesablaşmağın dərk edildiyi əsr gəlir. Xalqımız buna çox yaxında əmin oldu. Beynəlxalq sistemdə güc və təzyiq siyasətinə yox deyirik. Qlobal güc sayılan ölkələrin uzun illər apardığı siyasət artıq bumeran­qa çevrilib, özlərini hədəfə alıb. 

Bəşəriyyət sürətli dəyişikliklərin çətin mərhələsini yaşayır, yeni təhlükələr yaranır. Azərbaycan bütün dünyanın üzləşdiyi prob­lem və çağırışları məsuliyyətli, peşəkar şəkildə dərk və dəf edir. Bizim vəzifəmiz Azərbaycanın təhlükəsizliyini və suverenliyini etibarlı şəkildə qorumaqdır. 

IV Respublika: 4-cü sənaye inqilabı dövrünün iqtisadiyyatı:

Zəka iqtisadiyyatıdır 

Dövlətçiliyimizin yeni tarixi mərhələsində bütün sahələr: iqtisadiyyat, elm və təhsil, mədəniyyət Süni İntellekt əsrinin, 4-cü sənaye inqilabının çağırışlarına cavab verən rejimdə çalışmalıdır. 7 fevraldan son­ra yuxarıdan direktivlər gözləyən passiv icraçı məmur sistemi yeni dövlət quruc­uluğunda yer ala bilməyəcək. Süni İntel­lekt əsrinin dövlət idarəçilik sistemi Beyin Mərkəzi kimi çalışmalı, hər bir şəraitdə problemlərin üzərinə beyin hücumunu təşkil edəcək aidiyyətli strukturlar təsis edilməli, tədqiqat və data əsaslı, ictimai rəy əsaslı idarəetmə bütün səviyyələrdə bərqərar olmalıdır. 

Artıq “postrəqəmsal” eranın başlan­ması bəyan edilib. Elm və təhsil sistemində aşağıdan yuxarıya qədər zəka iqtisadiyyatının çağırış və tələblərinə cavab, ölkənin yüksək insan kapitalına əsaslanan iqtisadi gücü – milli gücün əsas parametridir. Peşə seçimləri, əmək qabiliyyətli əhali arasında peşə bacarıqlarının uyğunsuzluğu kimi neqa­tiv halların trendlərə çevrilmısinin qarşısını al­malıyıq. Bu istiqamətdə atılacaq ilk addımlar “Elm və texnologiya siyasəti haqqında”, “Süni İntellekt haqqında” və s. qanun­ların qəbul edilməsidir. Ölkəmizin potensialı “Süni İntellekt Nazirliyinin” yaradıldığı ölkələrdən (BƏƏ) geridə deyil. Onun real­laşdırılması günün tələbidir.

“Böyük Qayıdış” Strategi­yasının “Böyük Dönüş!”lə tamamlanması 

Böyük Dönüş: Qarabağa, torpağa, bölgələrə, köklərimizə, dəyərlərimizə

Azad edilmiş ərazilərə Böyük Qayıdış dövlət proqramı qəbul edilib, həyata keçirilir. Qayıdış konseptinə baxışımız fərqlidir. Daha təfərrüatlı təqdim edəcəyimiz yanaşmanın yığcam izahı bundan ibarətdir ki, Qayıdış Azərbaycanın məkan müstəvisində inkişafı üçün geniş miqyaslı proqramı əhatə edən nəhəng sosial-demoqrafik milli layihəyə transformasiya edilməlidir. Bu, “Böyük Dönüş” layihəsidir.

Sözügedən layihə çərçivəsində regionlar­da məşğulluq və s. problemlər səbəbindən şəhərə miqrasiya edən kənd əhalisi bağlı olduğu doğma kəndlərinə dönməlidir. 

Dünyanın urbanizasiya deyil – aqrosiv­ilizasiya formatında təşkilatlanması qlob­al trend hesab edilə bilər. Böyük Dönüşün müxtəlif istiqamətlərdə reallaşdırılması həm məşğulluq, həm də ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından strateji istiqamətdir. 

Aqrar sektorun inkişafı, yaşıllaşan kəndlər
“Böyük Dönüş” layihəsinin müsbət nəticəsi olacaq 

XXI əsrin aqrar sektoru tamamilə fərqli, rəqəmsallaşmış sektordur. Müasir dövrün kənd təsərrüfatı milli iqtisadiyyatların yeni mühərrikinə çevrilib. Yeni mərhələdə kəndlərimiz inkişafı ilə yadda qalacaq. Biz kənd yerlərində kütləvi məşğulluğa şərait yaradacaq, kəndlilərin sahibkarlıq təşəb­büslərini dəstəkləyəcəyik.

Sakinlərin torpaq sahəsinə çıxışları müm­kün olacaq. Bunun üçün iri mülkiyyətçilərin istifadəsiz qalan torpaq sahələrinin dövlət mülkiyyətinə qaytarılması gərəkdir.

Aqrar sektorda inhisardan çıxarma şəf­faf hüquqi prosedurlar, vergi güzəştləri və müasir texnologiyaların tətbiqi ilə müşayiət olunmalıdır. Effektiv suya qənaət texnologi­yalarını tətbiq etmək, meliorasiya və suvarma sistemini bərpa etmək lazımdır

Dövlət kənd təsərrüfatı kooperativlərinin təşkili üçün genişmiqyaslı layihələr həyata keçirəcək. “Kənddən-şəhərə”, “tarladan- mağaza rəflərinə” kəndli kooperativlərinə birbaşa məhsul tədarükçüsü olmasına şərait yaradılacaq. Effektiv olmayan va­sitəçilər aradan qaldırılacaq.

Azərbaycan kəndinin inkişafında dönüş yaratmaq üçün sərhəd kəndlərində məskun­laşdırmanın möhkəmləndirilməsinə dair ayrı­ca-milli təhlükəsizliyin mühüm demorqafik, iqtisadi və sosial əsası kimi yeni inkişaf kon­sepsiyası hazırlanacaq. 

Kiçik və orta biznes, sahibkarlıq subyektlərinin inkişafı məşğulluğun təmin edilməsində aparıcı mövqeyə malikdir. Dünya Bankının məlumatlarına əsasən, inkişaf etmiş ölkələrdə KOS-un ÜDM və məşğulluqdakı payı müvafiq olaraq 50 və 60 %-dən yuxarıdır. Belə ki, dünyanın inkişaf etməkdə olan ölkələri də iqtisadi dayanıqlılığın gücləndirilməsi, rəqabətqabili­yyətliliyin artırılması və iqtisadi aktivliyinin təmin edilməsi üçün KOS-un inkişafı istiqa­mətində sistemli tədbirlərin həyata keçirilmə­si, Azərbaycan iqtisadiyyatında payının qısa zamanda qabaqcıl ölkələrdəki faizə qədər yüksəlməsi ön şərtdir. Bu kəsimdən olan şəxslərə öz bizneslərini asan qurmağa imkan verən liberal şərtlər yaradılmalı, iş görmək istəyən hər kəsə ölkəmiz -fürsətlər məkanı kimi mühit formalaşdırmaq lazımdır.

Dövlət idarəçiliyində struktur və inzibati islahatlar

Azərbaycanda mərkəzi və yerli icra struk­turlarının fəaliyyəti regionlara aid edildikdə, onların arasında sıx koordinasiyanın olma­ması, məmur problemi də əlavə olunmaqla vətəndaş məmnunluğuna maneələr yaradır, sosial narazılıqlara səbəb olur. Bu məsələnin həllinin bir yolu–mərkəzin səlahiyyətlərinin yerli idarəçilik qurumlarına ötürülməsi ola bilər. Vətəndaş narazılığına səbəb olan nə varsa, onun çevik həlli üçün səlahiyyətlər də yerli qurumlara verilməlidir.

Məmurlar vəzifəyə təyin edilərkən “Azərbaycana xidmət edirəm” andı içməlidir. Vətəndaşın olduğu kimi, Vətənin də hər kəsdən gözləntisi var. Dövlətimizin, millətimizin uğuru, son nəticədə hərənin öz iş yerində xidmətindən, onun keyfi­yyətindən asılıdır. Bu gün dünya Daxili si­yasətdə, xarici siyasətdə, milli müdafiədə, təhsildə, elm və texnologiyada, səhiyyədə, və s. sahələrdə ölkələr misli görünməmiş çağırışlarla üzləşirlər. Buna görə ölkələr sədaqət və məsuliyyət, eləcə də peşəkar və enerjili insanlarımızdan asılıdır.

Mədəniyyət. Dəyərlər

Qarşıdakı mərhələdə mühüm məsələlərdən biri də, kim olduğumuzla yanaşı, daha çox, həm də, kim olacağımız­la bağlıdır. Bizi birləşdirən yalnız keçdiyimiz Zəfər yolu deyil, həm də qarşıdakı hədəflərlə bağlı birgə, həmrəy olmağımızdır. Şanlı keçmiş də, quracağımız gələcək də xalqımızı birləşdirən dəyərlərdə ifadəsini tapır.Çoxəsrlik keçmişimizlə yanaşı, müstəqil­lik, I və II Qarabağ müharibələrinin tarix­inin yaddaşlara həkk edilməsi hər zaman prioritetlərimizdən biri olacaqdır. 

Sosial proqramlar

Qalibiyyətlə müharibədən çıxan bir ölkədə sosial sahədə, çoxsaylı amillərlə bağlı sistemli problemlərin olması təbiidir. Bəzi hallarda onların obyektiv və ya subyek­tiv amillərdən yığılması, həll edilməmə­si vətəndaşlarımızda icra strukturlarına inamsızlıq yaradır. Bu hallar dövlətimizin da­vamlı inkişafına mane olur. Çünki ölkəmizin əsas sərvəti insanlarımızdır. Hesab edirik ki, burada həm “dövlət vətəndaş üçün”, həm də, “vətəndaş dövlət üçün” qarşılıqlı yanaşması vəhdət təşkil etməlidir.

Sosial ədalət, ədalətli sosial siyasətin aparılması, təhsilin, sağlamlığın və rifahın təmin edilməsi. Bu məsələdə dövlət vətəndaşlar üçün birbaşa cavabdehdir. Ölkənin sosial büdcəsi müstəqillik illərində davamlı olaraq artan xətt üzrə yüksəlib. Uşaq bağçalarının, məktəblərin, xəstəx­anaların, mədəniyyət və idman obyektlərinin tikintisinə və müasirləşdirilməsinə, həmçi­nin ünvanlı yardıma milyonlarla manat vəsait xərclənir. Biz sosial müavinətlərin həcminin məqsədyönlü, nəticə yönümlü artırılmasına çalışacağıq. Əhalinin həssas qruplarını dəstəkləmək, həyat şəraitlərinin yaxşılaşdırılması üçün yeni mexanizmlər tətbiq ediləcək.

 

Prezidentliyə namizədin ödənişsiz təşviqat materialı

Siyasət