GÜCLÜ LİDER – GÜCLÜ DÖVLƏT!

post-img

Əsrə bərabər 20 il 

Prezident İlham Əliyev ölkəyə rəhbərliyinin 20 ili ərzində fəaliyyə­tində “güclü iqtisadiyyat–güclü dövlət” prinsipinə əsaslanıb. Bunun üçün, ölkə rəhbəri, ilk növbədə, iqtisadi strategiyanın imkanlarından maksimum yararlanıb. Hələ 2003-cü ildə Azərbaycan Prezidenti­nin səlahiyyətlərinin icrasını həyata keçirdiyi qısa müddətdə cənab İlham Əliyev respublikamızın inkişaf prioritetlərini müəyyənləşdirən “Azərbaycan Respublikasında sosial–iqtisadi inkişafın sürətləndiril­məsi tədbirləri haqqında” Fərman imzalayıb, xalqın böyük əksəriy­yətinin etimadı ilə dövlət başçısı seçiləndən sonra isə onun təşəb­büsü ilə hazırlanmış davamlı və tarazlı inkişafın gerçəkləşməsinə yönələn “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inki­şafı üzrə Dövlət Proqramı”nı (2004-2008-ci illər) təsdiqləyib. 

Dövlət başçısı neft gəlirlərinin artdığı bir vaxtda makroiqtisadi sabitlik üçün müəyyən təhlükələrin, o cümlədən inflyasiya potensia­lının yarana biləcəyini nəzərə alaraq, “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” 2005-ci il 31 may tarixli Fərman imzalayıb. Milli iqtisadiyyatımızın neft bumu mər­hələsinə hazırlığını reallaşdıran bu sənəddə dövlət büdcəsi xərclə­rinə nəzarətin gücləndirilməsi, neft ixracından əldə ediləcək vəsait­lərin səmərəli idarəsi və istifadəsi ilə bağlı məsələlər öz əksini tapıb.

Sonrakı mərhələlərdə isə dünyada cərəyan edən proseslərin ya­ratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böh­ranın ölkəmizə təsirini minimuma endirmək üçün iqtisadi islahatların strateji hədəflərinə uyğun, sistem xarakterli tədbirlər həyata keçirilib. Beləliklə, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri üçün keyfiyyətcə yeni iqtisadi inkişaf modeli formalaşdırılıb. Bu isə makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, qeyri-neft sahələri­nin, bütövlükdə, regionların tarazlı inkişafının sürətlənməsinə, əlve­rişli biznes və investisiya mühitinin formalaşmasına, əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşmasına öz müsbət təsirini göstərib.

UĞURLU NEFT STRATEGİYASI

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulmuş neft strategiyası təkcə hasilatın və ixracın rekord artımı ilə deyil, həm də tarixi əhəmiyyətli hadisələrlə yadda qalmaqla, son 20 il ərzində hərtərəfli tərəqqinin əsas təmi­natçısına çevrilib.

Azərbaycanın neft hasilatının böyük hissə­si “Azəri-Çıraq- Günəş­li” (AÇG) blokunun pa­yına düşüb. Blokun işə salınması ilə ölkəmizin xalis mənfəəti 2001-ci ildən bəri 171 milyard dollar təşkil edib. 

Neft strategiyası son 20 ildə bir sıra tarixi hadisələrlə tarixə ya­zılıb: 

– 2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə isə Azərbay­can neftinin Türkiyənin Ceyhan limanından nəqlinə başlanılıb;

– 2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azər­baycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsi və Hasilatın Pay Bölgüsü haqqında yeni “Əsrin müqaviləsi” imzalanıb. Bu müqaviləyə əsasən, SOCAR-ın payı 11 faizdən 25 faizə yüksə­lib, mənfəət neftinin 75 faizi isə Azərbaycana qalıb; 

– 2019-cu ildə AÇG üzrə əlavə hasilat platformasının tikin­tisi barədə razılıq əldə edilib;

– 2020-ci ildə neft ehtiyatı 60 milyon tondan çox qiymətlən­dirilən “Qarabağ” yatağı müstəqilliyimiz dövründə kəşf edil­miş ilk neft yatağı kimi tarixə düşüb.

– 2021-ci ildə Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsinə dair qarşı­lıqlı Anlaşma Memorandumu imzalanıb.

– 2016-cı ildə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə əməkdaşlığa başlayan Azərbaycan həmin il dekabrın 10-dan indiyədək OPEC+ birliyinin üzvüdür.

Qaz hasilatına gəldikdə isə qeyd edək ki, 2013-cü il dekab­rın 17-də “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimi keçirilib. Bu günədək yataqdan, ümumilik­də, 200 milyard kubmetrdən çox qaz hasil olunub. Azərbaycanda “Şahdəniz”dən sonra istifadəyə verilən ikinci böyük qaz yatağı isə “Abşeron” olub: onun ehtiyatları 350-360 milyard kubmetr qaz və 100 milyon ton kondensat həcmində qiymətləndirilib. 

Respublikamızın qaz balansını daha iki perspektivli yataq – 200 milyard kubmetr ehtiyatı olan “Ümid” yatağı (artıq işlənilir) və 400 milyard kubmetr qaz ehtiyatı olan “Babək” yatağı tamamlayır. Həmçinin “Şəfəq- Asiman” qaz yatağında və “AÇG Gələcək qaz” layihəsi üzrə işlər aparılır. 

Azərbaycan dəyəri 33 milyard dollar, uzunluğu isə 3500 kilo­metr olan strateji əhəmiyyətə malik nəhəng Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı və səhmdarı kimi çıxış edib. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının iyirminci ildönümü günündə Səngəçalda bu möhtəşəm layihənin təməlqoy­ma mərasimi keçirilib.

Bu təşəbbüsə ilk ola­raq Türkiyə və Gürcüstan, ikinci mərhələdə isə İtaliya, Yunanıstan, Bolqarıstan və Albaniya qoşulub. Sonra isə yeni və potensial tərəf­daşların siyahısına Bosni­ya və Herseqovina, Xorva­tiya və Monteneqro da daxil olub

2007-ci ildə Bakı-Tbili­si-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri) qaz kəməri istifadəyə verilib, “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçi­vəsində hasil olunan qazın isə Gürcüstan, Türkiyə və Yunanıstana ixracına başlanıb. 

2012-ci ildə TANAP (Trans-Anadolu Qaz Kəməri) layihəsi üzrə saziş imzalanıb. Bundan bir il sonra “Şahdəniz” konsorsiumu TA­NAP qaz kəməri ilə nəql olunan Azərbaycan qazının Avropaya çatdırılması məqsədilə Türkiyənin cənub sərhədini İtaliya ilə bir­ləşdirən TAP (Trans-Adriatik qaz kəməri) layihəsini seçib və boru kəmərinin tikintisi 2020-ci ildə yekunlaşıb.Həmin ildən də TAP boru kəməri ilə təbii qazın kommersiya məqsədilə nəqlinə başlanı­lıb və indiyədək Avropa ölkələrinə ümumilikdə 31 milyard kubmetr­dən çox qaz nəql edilib.

“YAŞIL GƏLƏCƏY”Ə KEÇİD

Dövlət başçısının müəyyən etdiyi yola uyğun olaraq, ölkənin enerji potensialı durmadan yüksəldilir. Azərbaycanda ənənəvi energetika sahəsində beynəlxalq əhəmiyyət daşıyan iri layihələrin reallaşdırılması üzrə uğurlu praktika “Yaşıl elektrik enerjisi” isteh­salı sektorunda inamla davam etdirilir, onun gələcəkdə Avropaya ixracı nəzərdə tutulur. Bərpaolunan enerji mənbələrinin texniki potensialı ölkəmizdə quruda 135 qiqavat, Xəzər dənizinin Azər­baycanın sektorunda külək enerjisinin potensialı isə 157 qiqavat qiymətləndirilir. 

Bərpaolunan enerji mənbələrinin quruda iqtisadi potensialı 27 qiqavatdır, bunun 23 qiqavatını günəş enerjisi, 1 qiqavata yaxınını isə bioenerji və dağ çaylarının enerjisi təşkil edir. Gücü 240 meqa­vat olan külək enerjisi və gücü 230 meqavat olan günəş enerjisi sahələrində “ACWA Power” (Səudiyyə Ərəbistanı) və “Masdar” (BƏƏ) şirkətlərinin həyata keçirdikləri pilot layihələrlə Azərbaycan­da 2020-ci ildə əsası qoyulan “yaşıl enerji”nin inkişafı qısa müd­dətdə geniş vüsət alıb. Bunlarla yanaşı, BP, “Fortescue Future Industries”, “Chine Gezhouba Group Overseas İnvestment”, “To­tal Energies”, “Nobel Energy”, “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 28 qiqavat olan layihələrin reallaşdırılması üzrə əməkdaşlığa dair sənədlər imzalanıb. 

Gücü 230 meqavat olan “Qaradağ” Elektrik Stansiyası istifa­dəyə verilib ki, bu da 262 milyon dollar məbləğində xarici investisi­yalar hesabına ölkəmizdə inşa edilən birinci stansiyadır. Bu stan­siya sayəsində Azərbaycanın enerji sisteminə əlavə 500 milyon kilovat-saat “yaşıl enerji” daxil olacaq. O cümlədən “Masdar” ilə sazişlər çərçivəsində bərpaolunan enerji ehtiyatlarından 10 qiqa­vat gücündə əlavə enerjinin dövriyyəyə daxil edilməsi planlaşdırılır. 

“ACWA Power” ilə enerjinin saxlanılmasının akkumulyator sis­temi və 200 meqavat gücündə külək elektrik stansiyaları layihələri (BESS) üçün Yol Xəritəsi imzalanıb. Naxçıvanda “Nobel Energy”, “Total Energies”, “A-Z Czech Engineering” şirkətləri tərəfindən ümumi gücü 1150 meqavat olan günəş elektrik stansiyalarının ya­radılması nəzərdə tutulub.

COP29 KONFRANSI – QLOBAL HƏRƏKATIN ÖNÜNDƏ

2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensi­yasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsinə dair yekdil qərar Azərbaycanın iqlim problemləri ilə qlobal mübarizədə fəal iştirakına beynəlxalq ictimaiyyət tərəfindən verilən böyük qiymətin təzahürünə çevrilib. Prezident İlham Əliyev bu qərarı şərh edərkən deyib: “Yaşıl enerji növlərinin yaradılması və onların dünya bazarlarına nəqli hazırda bizim energetika si­yasətimizin prioritetidir”. 

Beləliklə, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin dəstək­lənməsinə, müasir dövrün ən aktual problemlərinin həllinə mühüm töhfə verəcək, dünya icti­maiyyətinin diqqətini regi­onal ekoloji problemlərə cəlb edəcək.

COP29 Konfransı­nın “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçiril­məsi qərara alınıb. Xatır­ladaq ki, iqlim dəyişiklik­ləri ilə qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

SOSİAL DÖVLƏT – VƏTƏNDAŞ RİFAHI

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu uğurlu sosial siyasə­tin Prezident İlham Əliyev tərəfindən ötən 20 ildə sosial sahəyə xüsusi qayğı ilə davam və inkişaf etdirilməsi nəticəsində ölkəmiz­də bütün sahələrdə davamlı tərəqqi prosesləri sosial nailiyyətlər­lə tamamlanıb və əhalinin sosial müdafiəsinin gücləndirilməsi is­tiqamətində mühüm addımların atılması təmin olunub.

Bu dövrdə 3600 yeni məktəb, yəni ölkənin bü­tün məktəb fondunun (4500-dən çox məktəb) 80 faizdən çoxu inşa edi­lib və təmir olunub. Təkcə son üç ildə ölkədə 275 yeni məktəb binası tikilib, qəzalı məktəb binalarının sayı isə 30 faiz azalaraq 654-ə düşüb.

Ötən 20 ildə dövlət bü­dcəsinin illik sosial müda­fiə və sosial təminat xərc­lərində 20 dəfədən çox artım baş verib. Minimum əməkhaqqı 38 dəfə artırı­laraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata çatıb. Sosial müdafiə sisteminin mühüm komponenti olan pensiya təminatı yoxsulluğun azaldılmasında əhəmiyyətli rol oy­nayıb.

Bununla yanaşı, dövlət başçısı tərəfindən hər il müvafiq sərən­camlar imzalanmaqla minimum pensiyaların mütəmadi artırılması, hər ilin əvvəlində pensiyaların və fərdi hesablardakı pensiya kapi­tallarının indeksləşdirilərək artırılması təmin olunub. Ümumilikdə ötən 20 ildə minimum pensiya 14 dəfə artaraq 280 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata, əlilliyə görə orta aylıq pen­siya 14 dəfə artaraq 366 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artaraq 408 manata çatıb. 

KƏNDİN HƏRTƏRƏFLİ YÜKSƏLİŞİ

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəhbərliyinin qəra­rına əsasən, Azərbaycan yoxsulluqla mübarizədə ən yüksək göstəricilərə nail olan dövlətlərdən biri kimi tanınıb. Azərbaycana “Mi­nilliyin inkişaf hədəfləri”nə vaxtından əvvəl nail olmuş – 2015-ci ilədək yoxsulların sayını ikiqat azaltmış, həm­çinin BMT- nin Ümumdünya Ərzaq Sammitinin daha sərt tövsiyələrinə uyğun olaraq 2015-ci ilədək yoxsulların sayının iki dəfə azaldılma­sı məqsədinə çatmaq üçün aqrar kompleksin dayanıqlı inkişafını təmin edən ölkə kimi FAO- nun diplomu təqdim edilib. Beləliklə, Azərbaycan hər iki hədəfə nail olan ölkələrin qısa siyahı­sına inamla daxil olub.

Respublikamızın aqrar sektorunun modernləşdirilməsi nəti­cəsində ərzaq idxalının əvəzlənməsi (taxıl məhsullarından başqa) sahəsində 80 faiz irəliləyiş əldə olunub, FAO bu göstəriciyə görə Azərbaycanı yüksək rifaha malik ölkələr siyahısına daxil edib. Son illər Azərbaycanda aparılan aqrar islahatlar kənd təsərrüfatının rəqəmsal transformasiyasına, qabaqcıl aqrotexnologiyaların, o cümlədən “yaşıl metodikalar”ın və becərilən torpağın hər hekta­rından məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmağa imkan verən qənaətli suvarma sistemlərinin tətbiqinə yönəldilib.

Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi ən böyük layihələ­rindən biri “Elektron kənd təsərrüfatı” (EKTIS) avtomatlaşdırılmış informasiya sisteminin yaradılmasıdır. Bu çərçivədə fermerlərə be­cərilən məhsulların həcmi və strukturu, məhsul proqnozları, cari tələbat və təklif haqqında ətraflı məlumatlar verilir, onlara hazırkı mövsümdə ən perspektivli və sərfəli məhsulları seçməkdə kömək göstərilir. EKTIS 600 minə yaxın azərbaycanlı fermerin subsidiya alması sahəsində qayda yaradılması üzrə misilsiz rol oynayıb, bu prosesdə, o cümlədən gübrələrin və yanacağın tədarükündə nə­zarəti gücləndirib və şəffaflığı təmin edib.

 

Prezidentliyə namizədin ödənişsiz təşviqat materialı













Siyasət