Rusiyalı senator: AŞPA öz qarşısına qapalı kluba çevrilmək məqsədi qoyub

post-img

RF Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev AŞPA-nı “Eurovision”da olduğu kimi, maraqların birləşdirdiyi müvəqqəti dostların bir-birinin lehinə səs verdiyi” qapalı kluba bənzədib.

 K.Kosaçev AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırmasını şərh edib.

Senator qeyd edib ki, təşkilatın bu günlərdə keçirilən qış sessiyasında qondarma “ciddi əsaslar” üzrə Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri müzakirə obyektinə çevrilib.

K.Kosaçev sosial şəbəkədəki hesabında yazıb: “Azərbaycanda fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ərəfəsində nümayəndə heyətini səlahiyyətlərindən məhrum edirlər. Azərbaycan parlamentarilərinin bu addımı seçki prosesinə müdaxilə cəhdi kimi qiymətləndirməsi və tam heyətlə Assambleyanı tərk etməsi tamamilə məntiqlidir. Bunun motivlərini başa düşürəm və emosiyaları bölüşürəm. Hər halda, cəzalandırıcı qərar 300-dən çox səsvermə hüququna malik olan, amma iclasda iştirak etməyən nümayəndələrdən təqribən 70 nəfərinin səsləri ilə qəbul edildi. Bu, yumşaq desək, şübhəli demokratiyadır. Əgər AŞPA öz qarşısına “Eurovision”da olduğu kimi, maraqların birləşdirdiyi müvəqqəti dostların bir-birinin lehinə səs verdiyi” qapalı kluba çevrilmək məqsədi qoyubsa, onda deməyə daha heç bir söz qalmır”.

Rusiyalı senator vurğulayıb ki, əgər AŞPA bərabər dialoq imkanları ilə qurucu parlament platforması roluna iddia edirsə, onda hazırkı metodlar və taktika heç bir vaxt olmadığı qədər uğursuzdur.

 
Fəridə Abdullayeva 

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Siyasət