Gürcü politoloq: Avropa İttifaqı Azərbaycansız Mərkəzi Asiya ilə əməkdaşlıq edə bilməyəcək

post-img

Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə mənim üçün gözlənilməz olmadı, çünki Fransadakı əhvali-ruhiyyəni hamımız yaxşı bilirik. Fransa ermənipərəst ölkədir və son vaxtlar ardıcıl olaraq Azərbaycanda qıcıq doğuran mövqelərdən çıxış edir.

Bunu gürcü politoloq Valeri Çeçelaşvili “Caucasus News” youtube kanalına müsahibəsində deyib. Politoloq Fransa parlamentində sözügedən qətnamənin əleyhinə səs verən bir nəfərin olmasının onda təəccüb doğurduğunu da qeyd edib.

Valeri Çeçelaşvili Fransa parlamentinin belə qətnamələrinin Parisin danışıqlar masası arxasında vasitəçi kimi istənilən yeri tutmaq imkanını, hətta nəzəri imkanlarını praktiki olaraq məhv etdiyini xatırladıb: “Bu isə, ilk növbədə, Ermənistana sərf etməyəcək. Çünki Fransa tərəflər arasında müvafiq bərabər məsafəni saxlasaydı, danışıqlar masası arxasında oturmaq imkanı əldə edərdi və müvafiq olaraq bu, Ermənistan üçün əlavə bonus olardı”.

Gürcü politoloq Avropa İttifaqı-Azərbaycan əlaqələrinə də nəzər salıb: “Aİ Azərbaycanla əlaqələri inkişaf etdirməsə, Mərkəzi Asiya ölkələri ilə münasibətləri necə inkişaf etdirəcək? Təsəvvür etmək çox çətindir. Çünki bunun başqa yolu yoxdur. Cənubi Qafqazın əsas nəqliyyat-kommunikasiya dəhlizi olan Xəzər və Qara dənizlər arasında olan bu dar məkan Mərkəzi Asiyanı Aİ ilə, ümumilikdə Avropa ilə birləşdirir”.

Rizvan FİKRƏTOĞLU

XQ

 

Siyasət