USAİD–Gürcüstan qalmaqalı bitmir

post-img

ABŞ Beynəlxalq İnkişaf Agentliyi qonşu ölkəni qarışdırmaq cəhdlərinə ara vermir

Son zamanlar dini bayramların qeyd olunması xüsusunda Gürcüstan Pravoslav Kilsəsinə qarşı hücumlar müxalifət partiyaları, qondarma vətəndaş cəmiyyəti fəalları və Vahid Milli Hərəkat Partiyasına mənsub media orqanları tərəfindən həyata keçirilir. 

Bunu Tbilisidə keçirdiyi brifinq za­manı Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. Cənab Papuaş­vilinin söylədikləri fikirlər, əslində, ötən ilin oktyabrında ölkəyə hakim kəsilmiş gündəm mövzusunun davamı kimi qiy­mətləndirilə bilər. Çünki parlament sədri yenə USAİD, yəni ABŞ Beynəlxalq İnki­şaf Agentliyindən söz açıb. Daha doğ­rusu, qurumun Gürcüstanı qarışdırmaq cəhdlərindən.

Haşiyə çıxaq ki, ötən il oktyabrın 2-də Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti USAİD-i ölkədə hakimiyyət də­yişikliyinə cəhddə günahlandırmışdı. Dövlət qurumundan bildirilmişdi ki, təş­kilat bu məqsədlə zorakı etiraz aksiyası metodları üzrə təlim keçən serbiyalı­ları maliyyələşdirib. Belə ki, USAİD-in Şərq–Qərb İdarəetmə İnstitutunun dəvəti ilə üç Serbiya vətəndaşı – Sinisa Sikman, Yelena Stoisiç and Slobodan Jinoviç Gürcüstana gəlib.

Həmin şəxslərin əsas məqsədi oktyabr-dekabr aylarında qanunsuz və dağıdıcı fəaliyyətlər planlaşdıran QHT-lərlə və gənclərlə əlaqələr qurmaq və onlara təlimlər keçmək olub. Həmin vaxt bildirilmişdi ki, Serbiyanın adları çəkilmiş vətəndaşları USAİD tərəfindən maliyyələşdirilən təlimdə iştirak ediblər. Gürcüstan DTX 2003-cü ildə ölkədə ya­şanmış inqilabi proseslərlə əlaqəli olan sözügedən serbiyalıların əvvəllər də saxlanıldığını açıqlamış və vurğulamış­dı ki, onlar müxtəlif illərdə Serbiya, Uk­rayna və digər ölkələrdə gedən oxşar hadisələrdə iştirak ediblər.

Bununla yanaşı, bildirək ki, ötən ilin oktyabrında hakim “Gürcü arzusu” par­tiyası da açıqlama yaymış və Amerika xalqının pulunun Gürcüstanda inqila­bi proseslərin planlaşdırılmasına sərf olunduğunu bəyan etmişdi. Həmin vaxt Ş.Papuaşvili demişdi ki, USAİD Ame­rika xalqının pullarının başqa ölkəyə iğtişaşları qızışdırmaq, onları planlaş­dıran və zorakılıq törədən qrupları ha­zırlamaq üçün sərf olunmasına izahat verməlidir. 

Qeyd edək ki, Gürcüstanda ya­şananlar USAİD-lə əlaqədar yeganə qalmaqal deyil. Ümumən, bu qurumun adı işlədiyi ölkələrdə siyasi proseslərə açıq müdaxilə, hakimiyyət çevrilişlərinə cəhd və sair məsələlərdə daim halla­nıb. Necə də hallanmasın, axı USAİD ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (SİA) alt qurumu kimi fəaliyyət göstərir. Əl­bəttə, bir qədər fərqli metodlarla. Yəni, təşkilat yardım adı ilə ayrı-ayrı ölkələ­rin daxili işlərinə qarışır, çevriliş və xaos üçün münbit şərait yaradır. Əsas məqsəd isə Birləşmiş Ştatlara sərf et­məyən hakimiyyətlərin devrilməsidir. Bəs təşkilat bunu necə reallaşdırmağı planlaşdırır?

Məlumdur ki, USAİD 2023–2025-ci illərdə müxtəlif ölkələrdə “vətəndaş cə­miyyəti” quruculuğuna 10 milyard dolla­ra yaxın vəsait ayırıb. O da məlumdur ki, nəinki USAİD, ümumən, başda bu qurum olmaqla, ABŞ hökumətinə bağlı təşkilatlar və hərəkatlar vətəndaş cə­miyyətlərinin inkişafına töhfə vermək adı ilə siyasi proseslərə müdaxilə yolu tutur, qarşıdurma yaradır, manipulya­tiv metodlara üstünlük verirlər. Söhbət NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlardan gedir. Yeri gəlmişkən, onlar Azərbaycanda da “fəallıq” göstəriblər və siyasi hakimiy­yətə qarşı təzyiq şəbəkəsi formalaşdır­mağa çalışıblar. Əlbəttə, istəklərinə nail ola bilməyiblər və məqsədlərinə çatma­ları mümkünsüzdür. Çünki, xüsusən, 44 günlük müharibədən sonra Azərbay­canda iqtidar-xalq birliyi daha da güc­lənib. Buna görə də USAİD-çilər takti­kalarını dəyişiblər. Onlar milli dəyərlərə təhlükə olan LGBD-dən, “feministlər”­dən, “NO WAR”çılardan yararlanmağa cəhd göstərirlər. 

***

Gürcüstana, daha dəqiq desək, Ş.Papuaşvilinin indi bildirdiklərinə gəlincə isə vurğulayaq ki, parlament sədrinin sözlərinə görə, indiyədək Gürcüstan Pravoslav Kilsəsinə qarşı dini bayram­ların qeyd olunması xüsusunda nəzərə çarpan hücumlar əvvəlcədən plan­laşdırılmış, əlaqələndirilmiş prosesin tərkib hissəsidir və vətəndaş sülhünə düzəlməz ziyan vura biləcək təhlükəli həddə çatıb. Ş.Papuaşvili açıqlamasın­da konkret ad da çəkib. Onun sözlərinə görə, sözügedən hücumlar “qondarma vətəndaş cəmiyyəti təşkilatları”, o cüm­lədən, “Sovet keçmişinin tədqiqi labo­ratoriyası” (SovLab) və onun direktoru Georgi Kandelaki tərəfindən planlaşdı­rılıb. 

S.Papuaşvili, həmçinin, kampaniya iştirakçılarından birinin “Pravoslav Kil­səsinə qarşı düşmənçilik ritorikası ilə seçilən” İctimai Müdafiəçi yanında Tole­rantlıq Mərkəzinin rəhbəri Beka Mindi­aşvilinin olduğunu açıqlayıb. Söhbətin bu yerində yenə USAİD-ın adı hallanıb. “Tolerantlıq Mərkəzi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Müxtəlif­likdə birlik” proqramlarından biri çərçi­vəsində maliyyələşdirilir”, – deyə gürcü parlament sədri əlavə edib.

Ş.Papuaşvili deyib ki, USAİD ar­tıq onuncu dəfədir maliyyələşdirdiyi layihələrlə bağlı qalmaqalın episent­rində dayanır: “Mən gözləyirəm ki, USAID rəhbərliyi bu məsələyə, tez bir zamanda, aydınlıq gətirəcək, Amerika və Gürcüstan xalqlarının maraqlarına uyğun hərəkət edəcək. Gürcüstanın QHT sektorunda, demək olar, tamamilə xaricdən maliyyələşən partiya təbliğatı ilə məşğul siyasətçilər üstünlük təşkil edirlər”.

Bu arada Gürcüstan Parlamentinin birinci vitse-spikeri Georgi Volski də sö­zügedən məsələ xüsusunda çıxış edib. O bildirib ki, ayrı-ayrı vətəndaşların kil­sə müstəvisindəki aqressiv bəyanatla­rı dövlətə qarşıdır və mövcud sabitliyi pozmağa yönəlib: “USAID, həmçinin, maliyyələşdirdiyi proqramlara və onla­rın xidmət etdikləri, dəstəklədikləri və bu ölkədə çoxlu yaxşı işlər gördüyü icmaların maraqlarına necə uyğun gəl­diyinə daha dərindən nəzər salmalıdır”.

G.Volski onu da bildirib ki, “Birlik və Müxtəliflik” adlanan proqram, əslində, USAİD-in maliyyələşdirdiyi proqram­dan əsaslı şəkildə fərqlənir və adına uyğun gəlmir.“Əgər USAID maliyyələş­dirdiyi proqramdan konkret bir şəxs və bir qrup insan tərəfindən sui-istifadə edildiyini bilməsəydi, mən şad olardım. Ümid edirəm ki, onlar bilmirdilər. Çünki sponsorluq etdikləri ad tamam başqa­dır”, – deyə Volski vurğulayıb.

Ə.RÜSTƏMOV
XQ



Siyasət