Böyük Qayıdış tarixi Qələbənin strateji prosesə çevrilməsini təmin edən çox mühüm amillərdən biridir

post-img

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza müraciətində önəmli məqamlara toxundu və zəruri mesajlar verdi. Ölkə başçısı qeyd etdi ki: “2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir”.

Ötən 2023-cü il “Heydər Əliyev İli” olaraq möhtəşəm nailiyyətlərlə dövlətçilik tariximizə əbədi həkk olunaraq Azərbaycanın qarşısında yeni perspektivlərin açılması ilə əlamətdar oldu. 2023-cü il daxili arenada, eləcə də beynəlxalq müstəvidə görülən işlər - siyasi, iqtisadi, diplomatik nailiyyətlər əsas hədəfə - qalib ölkənin milli gücünün və nüfuzunun artmasına, tarixi Zəfərin möhkəmləndirilməsinə - daimi prosesə çevrilməsinə xidmət etməklə real nəticələr verdi. Geostrateji iradənin real nəticəsi dövlətimizin başçısı İlham Əliyevin milli maraqlara əsaslanan praqmatik strateji kursu sayəsində Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmləndi. Regionda, o cümlədən dünya miqyasında ikitərəfli və çoxşaxəli münasibətlərin dərinləşdirilməsi ölkəmizin dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verdi, Azərbaycana qarşı yönəlmiş neqativ geosiyasi həmlələr məharətlə neytrallaşdırıldı. Həmçinin Azərbaycanın iqtisadi gücünün, siyasi təsir imkanlarının artırılması tarixi Zəfərin möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyətə malik oldu. Ümumiyyətlə yeni reallıqların dünyada qəbul etdirilməsi ölkənin geostrateji iradəsinin və milli gücünün nəticəsi kimi həm xüsusi nailiyyət, həm də böyük üstünlükdür. Prezidentin qeyd etdiyi kimi, “bizim beynəlxalq nüfuzumuz gündən-günə artır”.

Heç şübhəsiz ki, ölkəmizin regional və qlobal müstəvidə geosiyasi imkanlarının artmasında Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının müstəsna rolu var. Vətən müharibəsində qələbə qazanaraq yeni gerçəkliklər yaradan - Qafqazın geostrateji arxitekturasını yenidən dizayn edən, BMT-nin müvafiq qətnamələrinin icrasına öz hərbi-siyasi resursları vasitəsilə nail olan Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Xüsusi ilə 2023-cü ilin ən vacib məqamı Azərbaycanın Zəfər təqviminə dövlət suverenliyinin bərpası ili kimi həkk olunmasıdır. Bu məqam Azərbaycan xalqının yaddaşında və dünyanın siyasi tarixində əbədi qalacaqdır. Ölkə başçısının qeyd etdiyi kimi, “2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi”.

Qeyd edək ki, siyasi sabotajlar və hərbi təxribatları davam etdirən Ermənistanının qeyri-leqal fəaliyyətinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən 2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Zəfər marafonunun Laçın qələbəsi idi. İkinci Qarabağ müharibəsinin şanlı Zəfər ilə başa çatması və 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyünün tam bərpası - Şuşada son nöqtənin, Xankəndində isə Qələbə nidasının qoyulması müstəqillik zirvəsində suverenliyin bərqərar olunması ilə əlamətdardır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin vurğuladığı kimi: “2023-cü ilin aprel ayında isə biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir”. Əzəli və əbədi Qarabağımızda lokal antiterror tədbirləri vasitəsilə konstitusiya quruluşunun bərpası ilə geniş geosiyasi arealda - Cənubi Qafqazda, Qafqazda və postsovet məkanında separatizmin məhv edilməsi təcrübəsi yaradıldı. Belə ki, 30 ilə yaxın müddətdə BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etməklə nadir presedent formalaşdıran Azərbaycan daha bir nümunə yaratdı. Bu, postsovet məkanında separatizmin birdəfəlik məhvinə ilk dəfə məhz ölkəmizin ərazisində müvəffəq olunmasıdır. Ölkə başçısının bildirdiyi kimi: “Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdik ki, bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz”.

Həm siyasi, həm də hərb meydanında qalib gələn Azərbaycanın diplomatik müstəvidə strateji gedişləri bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırır. Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü regionda əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar, çağırışlar meydana çıxır. Bu, bölgədə bütün dövlətlər üçün faydalı və perspektivlidir. Eyni zamanda, müharibədə məğlub olan Ermənistan üçün də. Bu gün regionda yeni tarix yazılır - Azərbaycanın müəllifliyi ilə. Qeyd edək ki, Ermənistanın, bir zamanlar güvəndiyi qüvvələrin hazırda regional proseslərə təsir etmək və bölgədə geostrateji reallıqları dəyişdirmək imkanı yoxdur. Müzəffər Ali Baç Komandanın vurğuladığı kimi: “Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Necə ki, etmişik, bundan sonra da edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin”.

Həmçinin Böyük Qayıdış tarixi Qələbənin strateji prosesə çevrilməsini təmin edən çox mühüm amillərdən biridir. 2023-ci ildə qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda inamla addımladıq. Qarabağın Xilaskarı İlham Əliyevin lider dövlətin Lideri, Müzəffər Ali Baş Komandan kimi işğaldan azad olunmuş torpaqlarımıza atdığı hər addım tarixin yaddaşına əbədi həkk olundu. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında Azərbaycanın və regionumuzun gələcəyinin inşa edilməsi Zəfər yürüşümüzün davam etdiyini göstərdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ 2020-ci ildə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağını ucaldaraq xalqımızın, dövlətimizin ən yüksək zirvələri fəth etdiyini bir daha bütün dünyaya nümayiş etdirmiş, “Biz qayıtmışıq. Düşməni məhv edərək, zəfər çalaraq qayıtmışıq. Bir müddət sonra bu bölgəyə həyat tam qayıdacaq, İnşallah”, - deyə qətiyyətlə vurğulamaqla Azərbaycanın iradəsini, prinsipial mövqeyini, gələcəyə aydın - strateji baxışını ifadə etmişdi. Bu istiqamətdə işlər 2023-cü ildə də ardıcıl olaraq davam etdirildi. Bölgəyə həyat qayıdır, Qarabağa, Şərqi Zəngəzura yeni həyat bəxş edən, yeni nəfəs verən addımlar atılır. Ermənilərin işğalçı siyasəti nəticəsində dağıdılmış yaşayış məntəqələrinin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpası milli gücümüzün təsdiqi və nümayişidir.

Müzəffər Liderimizin ifadə etdiyi kimi: “Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq”.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

 



Siyasət