“Demokratiya hamiləri”nin qərəzli dini təəssübkeşliyi

post-img

Bəzi Qərb dövlətləri və təşkilatlarının Azərbaycana təzyiq vasitələri sırasında dini təxribat da yer alır. Qərəzli hesabatlarında hər iki istiqamət – islami və qeyri-islami həyat tərzi subyektiv təhlilə çəkilir, durumun, guya, qənaətbəxş olmadığına dair çeşidli iradlar bildirilir, “tövsiyələr” səsləndirilir. Ardınca isə bu sahədə “nöqsanları aradan qaldırmaq və keyfiyyət dəyişikliklərinə nail olmaq üçün” şirnikləndirici qrantlar yönləndirilir. 

ABŞ Dövlət Departamentinin hesabatları, Demokratiya üçün Milli Fond, Beynəlxalq İnkişaf Agentliyi (USAID), “Soros”çular, eləcə də Avropa Birliyinin hüquq-müdafiə qurumları bu sahədə fəallıqları ilə seçilir. baxış bucaqları, maliyyə şirnikləndirmələri məhz həmin qəbildəndir. Xatırladaq ki, təkcə NED ötən il üçün gizli maliyyələşmə sxemi üzrə üçüncü ölkələr və diplomatik missiyalar vasitəsilə Azərbaycan təşkilatlarına (əsasən QHT və media) 1,1 milyon ABŞ dolları ayırıb. 

Əvvəlki dövrlərin təcrübəsi və müşahidələrə əsasən deyə bilərik ki, istər okeanın o tayı, istərsə də “qoca qitə” həmişə olduğu kimi, belə məsələlərdə səmimi deyil. Yəni onları insan haqları, dini dözümlülük və multikultural münasibətlər daha çox öz pozucu korporativ maraqları düşündürür. Demokratiyaya dəstək adı altında belə qurumlar Azərbaycan kimi müstəqil siyasət yeridən, azadfikirli ölkə və millətlərin nahaqdan adını hallandırıb beynəlxalq aləmdə nüfuzdan salmağa çalışırlar. 

Milli Məclisin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bu mövzuda açıqlamasında Azərbaycanın dünyada ən tolerant ölkələrdən biri olduğunu bildirdi: 

– Azərbaycan dövləti multikultural dəyərlərə çox böyük önəm verir. Bunu dəfələrlə Azərbaycana səfər edən ayrı-ayrı ölkələrin rəhbərləri, din xadimləri təsdiq ediblər. Bu sahədə zəngin təcrübəmiz barədə həmişə müsbət fikirlər səsləndirilib, dini durum təqdir olunub, hətta ən sivil davranış, birgəyaşayış tərzi kimi qəbul edilib. Respublikamızda bütün dinlərə bərabər şərait yaradılıb. Tarixən formalaşmış tolerantlıq modeli dünyada nadir nümunələrdən biridir. Ölkəmizdə dini müstəvidə heç bir qarşıdurma, münaqişə baş verməyib. Müsəlman dünyasının bir parçası olaraq bütün ölkələrə, dinlərə, mədəniyyətlərə eyni münasibəti bəsləyirik və bunun Azərbaycanda çox ciddi tarixi əsasları mövcuddur. Bu gün Bakının mərkəzində erməni kilsəsi var və içərisindəki 5 min nüsxə dini ədəbiyyatla qorunur. Biz onu ermənilərsayaq fars məscidi, yaxud digər kilsə şəklinə salıb saxtalaşdırmamışıq. Ermənistanın timsalında isə həmin saxtakarlıqlar özünü açıq-aşkar göstərir. 

Millət vəkili təəssüflə qeyd etdi ki, Azərbaycan müstəqillik qazandıqdan, iqtisadi tərəqqiyə imza atdıqdan, istər əmək, istərsə də özünümüdafiə cəbhəsində uğurlar əldə etdikdən sonra mütəmadi şəkildə Qərbin təzyiqləri – böhtanlar, obyektivlikdən uzaq hesabatlarla üz-üzə qalıb:

– Ölkəmizi suçlamağa çalışırlar ki, guya, Azərbaycanda hansısa din, təriqət sıxışdırılır, kiməsə qarşı məhdudiyyət tətbiq olunur. Belə hücum kampaniyaları, xüsusilə, münasibətlər gərginləşdiyi zaman özünü daha çox büruzə verir. Biz bunu ilk dəfə deyil müşahidə edirik. Əvvəllər də dəfələrlə şahidi olmuşuq. Belə üzdəniraq qurumlar Qərb ölkələrinin təzyiq alətləridir. Hansı ölkənin müstəqil siyasəti onlara sərf eləmirsə, onunla bağlı belə hesabatlar hazırlayırlar. Təəssüf ki, erməni işğalçıları üzərində tarixi qələbəmizdən sonra bizə qarşı qərəzli addımlar çoxalıb, davamlı olaraq əsassız fikirlər səsləndirilir. Bədnam erməni diasporunun təsirində olan müxtəlif Qərb dövlətləri, beynəlxalq qurumlar haqlı savaşımızda qazandığımız Zəfəri həzm edə bilmədiklərindən yalan, qarayaxma kampaniyasına start veriblər. Amma qərəzli fikirlər, böhtanlar bizə yapışmır. Müxtəlif hesabatlarda adımız hallandırıla bilər, amma bütövlükdə günahlandırılmağımız, ortaya obyektiv faktlar, arqumentlər qoyulması mümkün deyil. Ona görə ki, sadəcə, Azərbaycanda həmin neqativ hallar mövcud deyil.

Müsahibimiz milli-mənəvi dəyərlərin qorunması yönümündə dövlət siyasəti, bu cərçivədə görülən işlərdən də söhbət açdı: 

– Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu sahəyə böyük diqqət ayırırlar. Ölkədəki kilsələr, məscidlər, sineqoqlar təmir, bərpa olunur. Nəinki daxildə, biz bunu xaricdə də həyata keçiririk. İtaliyada və başqa yerlərdə katokombalara, digər xristian irsinə, mədəniyyət abidələrinə münasibətdə həyata keçirilən işlər deyilənlərə bariz nümunədir və Azərbaycan dövlətinin siyasətinin mahiyyətini ehtiva edir. Ermənilərsə işğal etdikləri ərazilərdə bizim bütün dini-mədəni abidələrimizi barbarcasına dağıdıblar. Həmin vandallıq aktları ilə bağlı bir onlardan da hesab sorsalar, yaxşı olar. O ki qaldı respublikamızın müsəlman əhalisinin, islam ardıcıllarının əqidəsi məsələsinə, bununla əlaqədar paytaxtda və bölgələrdə hər hansı problemlə rastlaşmamışıq. İnanclılar sərbəst, rahat şəkildə dini bayramları, müqəddəslərin mövlud və şəhadətlərini keçirir, məscidlərə gedib gündəlik ibadətlərini reallaşdırırlar. Hətta diqqət yetirmisinizsə, təcavüzdən qurtulub əsl sahiblərinə qovuşan rayonlarda da Dövlət Bayrağımız dalğalanandan dərhal sonra azan səsi yüksəlir. 

Qurban MƏMMƏDLİ

 

Siyasət