Milli Məclis Sədrinin Mərakeş Baş naziri ilə görüşü

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova dekabrın 15-də Mərakeş Krallığının Baş naziri Aziz Axanuş ilə görüşüb. 

Baş nazir Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi münasibətilə təbriklərini çatdıraraq, ölkəmizin işğaldan azad edilmiş ərazilərini bərpa etməsini mühüm addım kimi qiymətləndirib.

Bildirilib ki, Azərbaycan və Mərakeş beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq edir və həmrəylik nümayiş etdirirlər. Ölkələrimiz ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birini dəstəkləyir. 

Spiker Sahibə Qafarova qeyd edib ki, ölkələrimizin mövcud potensialından istifadə etmək, müxtəlif sahələrdə əməkdaşlığı şaxələndirmək və daha da artırmaq üçün imkanlar var. O, bu mənada Hökumətlərarası Birgə Komissiyanın əhəmiyyətli platforma olduğunu vurğulayayıb. 

Söhbət zamanı qeyd edilib ki, ölkələrimiz arasında əlaqələrin daha da inkişafı baxımından müqavilə-hüquq bazasının yaradılmasında parlamentlər də mühüm rol oynayır. 

***

Milli Məclisin Sədri Sahibə Qafarova dünən Mərakeş Krallığının  xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilərlə iş üzrə naziri Naser Burita ilə də görüşüb.

Nazir Naser Burita Azərbaycanın Mərakeş üçün qardaş ölkə olduğunu söyləyərək, ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, həm Mərakeş, həm də Azərbaycan öz regionlarının mühüm aktorlarıdır və Mərakeş Azərbaycanı regionda mühüm tərəfdaş kimi görür. 

Sahibə Qafarova Azərbaycan parlamentinin rəhbəri kimi Mərakeş Krallığına bu ilk rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər və apardığı müzakirələr barədə məlumat verib. Ali qanunvericilik orqanlarımız arasında əlaqələrin daha da inkişafı, parlamentlərimizin komitələri, dostluq qrupları arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi bildirilib. 

Ə.BƏDƏLOV
XQ

 

Son xəbərlər