Vaşinqton raundu üçün “sürpriz gündəm” yaxud Azərbaycana qarşı növbəti məkr

post-img

Ermənistan Azərbaycana qarşı növbəti ittiham irəli sürüb. İttihamın nədən ibarət olduğunu əsaslandırmaq üçün Hayastanın xarici işlər naziri Ararat Mirzoyanın bir neçə gün əvvəl bildirdiklərini yada salaq. Mirzoyan tam gözlənilməz şəkildə demişdi ki, Azərbaycanla müzakirə olunan məsələlərdən biri də hər iki ölkənin sərhəddən qoşunlarını geri çəkməsidir. Daha doğrusu, İrəvan bunu Bakıya təklif edib. 

Məlum olduğu kimi, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov təklifin ölkəmiz üçün qəbuledilməzliyini açıqlayıb. O, Bakıda səfərdə olan türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan–Azərbaycan sərhədinin delimitasiyası aparılmayıb: “Tam sərhəd üzrə razılıq olmayan bir zamanda qoşunlar sərhəddən çəkilərsə, orada nələrin baş verə biləcəyinə kim zəmanət verə bilər? Bu təklif Azərbaycan tərəfi üçün qəbuledilən deyil. Azərbaycan Ordusu bu gün öz sərhədlərini qoruyur. Mən sərhədlərdən qoşunların çəkilməsi ilə bağlı Ermənistan XİN başçısının açıqlaması ilə razı deyiləm. Azərbaycan Ordusu 30 ildən sonra şəhidlər verərək, öz sərhədlərini bərpa edib. Azərbaycan sərhədləri yalnız Azərbaycan əsgərləri tərəfindən qoruna bilər”.

A.Mirzoyan sərhəddən qoşunları çəkmək məntiqini etimadın möhkəmlənməsinə töhfə kimi əsaslandırıb. Halbuki, etimadı möhkəmləndirmək üçün başqa məsələlər var. Məsələn, A.Mirzoyan və digər erməni rəsmiləri müxtəlif beynəlxalq platformalarda, eləcə də xarici qonaqların qarşısında Qarabağ ermənilərinə qarşı etnik təmizləmə ritorikasını kənara qoymalıdırlar, amma bunu nəinki etmirlər, əksinə, hər ötən gün durumu daha da dramatikləşdirmək yolunu tuturlar. 

Konkret olaraq, qoşunları geri çəkmək təklifinə gəlincə, bu yersiz məsələni gündəmə gətirən Mirzoyan ölkəsinin sülh tərəfdarı olduğunu göstərmək niyyətindədir. Guya, Azərbaycan qoşunlarını geri çəksə, Ermənistan çəkəcəkmi? Əlbəttə, yox! Erməni XİN rəhbəri, əslində, ölkəmizin hərbçilərinin “işğal etdikləri” ərazilərdən uzaqlaşması məntiqinə köklənməkdədir. Öz aləmində, diplomatik davranır, Taleyranlıq (Napoleon Fransası dövründə xarici işlər naziri. Dünya diplomatiyasının patriarxı sayılır. Ən böyük xidməti Rusiya ilə savaşda məğlubiyyətə uğramış Fransanın müharibədən itkisiz çıxmasına nail olmasıdır – red.) fikrinə düşür. Hesab edir ki, Azərbaycan hərbçilərinin qan bahasına aldıqları torpaqları güllə atmadan geri qaytaracaq. Buna görə də C.Bayramovun cavabı tam yerindədir. 

Digər yandan, Cənubi Qafqazda diplomatiyaya məkr qatmağın ən bariz obrazına çevrilmiş Mirzoyanın səsləndirdiyi təklif də məkrli niyyətə hesablanıb. Niyyət isə bəllidir. Görünür, Ermənistan rəhbərliyi XİN başçılarının gələn ilin yanvarında Vaşinqtonda keçirilməsi nəzərdə tutulan görüşü üçün indidən dividend toplamağa girişib. İrəvan Bakını Qərb platformasında, bir növ, aqressiv tərəfə çevirmək istəyir ki, ölkəmizə qarşı təzyiqlər olsun. Ona görə, kifayət qədər, həssas məqama toxunur. Silah, güc tətbiqi və sair bu sayaq məsələlərdən uzaqlıq görüntüsü formalaşdırır. Azərbaycan tərəfi məntiqsiz təklifə müsbət reaksiya verməyəndə isə Paşinyançı politoloq və siyasi ekspert sürüsü sərsəmləməyə başlayırlar. Təxminən belə: biz demişdik ki, Azərbaycan işğalçıdır. Sübut qoşunları geri çəkmək istəməmələridir. Bir sözlə, tipik erməni həyasızlığı...

***

Bəli, hazırda Ermənistanın iqtidara yaxın siyasi çevrələri Azərbaycanın Ermənistanın suveren ərazilərinə qəsb həyata keçirdiyinə dair çərənləmələrə start veriblər. Beləliklə, diqqəti əsl reallıqlardan uzaqlaşdırmaq yolu tutulur. Təsəvvür edin, belə bir son dərəcə həyasız fikir də qabardılır ki, guya, Ermənistan Azərbaycan torpaqlarını nə ötən əsrin 90-cı illərində, nə də indi işğal edib. Sən demə, 90-cı illərdəki müharibə Qarabağ–Azərbaycan müharibəsi imiş. Həqiqətən də dəhşətli durum, erməni siyasi təfəkkür tərzi üçün son dərəcə cılız məntiq var. Belə parabeyinlərin qarşısında nə deyəsən, nə danışasan? Görünür, ancaq zor tətbiqi lazımdır. Elə bil, “Qarabağ Ermənistandır nöqtə” bəyanatını verən Ermənistanın baş naziri Nikol Paşinyan olmayıbmış... Əslində, bəlkə də təəccüblənməyə dəyməz. Axı, ölkəmizin sentyabrın 19-da keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən əvvəl Qarabağın seçilmiş hakimiyyətinin olduğunu deyən də məhz Paşinyan idi. Yəni, Nikol Qarabağ separatçılarını ayrıca tərəf kimi göstərmişdi. 

***

Əlqərəz, Ermənistanın qoşunların geri çəkilməsi təklifinin Azərbaycan tərəfindən məqbul qiymətləndirilməməsi fonunda İrəvanın siyasi dairələrində Prezident İlham Əliyevin müxtəlif çıxışlarda səsləndirdiyi fikirlər qabardılır. Dövlətimizin başçısı Ermənistanla şərti sərhədlərdəki strateji yüksəkliklərin, əlverişli nöqtələrin Azərbaycan Ordusunun nəzarətində olduğunu bildirmiş və bunu təhlükəsizliyin təminatı baxımından əsaslandırmışdı. Qeyd edək ki, buna qədər Ermənistan hərbçiləri həmin yüksəkliklərdən və strateji nöqtələrdən istifadə edərək, təxribatlar törədirdilər. Təxribatların qarşısı alınmalı idi və alındı da. Yəni, niyyət heç də işğalçılıq deyildi. Üstəlik, C.Bayramovun da bildirdiyi kimi, Azərbaycan–Ermənistan sərhədləri müəyyənləşməyib. Deməli, heç kəs deyə bilməz ki, ordumuzun mövqe tutduğu nöqtələr Ermənistana məxsusdur. 

***

Onu da bildirək ki, A.Mirzoyan qoşunların sərhəddən geri çəkilməsi məsələsini heç də təsadüfən qabartmır. Bu, vaxtilə Qərb vasitəçiləri, konkret olaraq, ABŞ tərəfindən irəli sürülmüşdü. Bu ilin mayında Birləşmiş Ştatlar hər iki tərəfə qoşunları geri çəkməklə bağlı çağırış etmişdi. Ancaq ondan sonra məhz Ermənistan ilk dəfə olaraq sərhədə qoşun hissələri yığmağa başlamışdı. Belə nəticəyə gəlmək mümkündür ki, İrəvan hazırda mövzunu gündəmə gətirməklə, Birləşmiş Ştatların qaldırdığı məsələnin üzərinə fokuslanır və dəxli olmadan onu danışıqlar müstəvisinə çıxarmaq yolu tutur. 

İrəvan göstərmək istəyir ki, Bakı Vaşinqtonun bildirdiklərinə məhəl qoymur. Hesab edir ki, durum ölkəmizi danışıqlar masasında zəif salacaq. Göründüyü kimi, ortada düşünülmüş son dərəcə incə məkr var. Bu məkrin Azərbaycanı Qərb dünyasına işğalçı kimi təqdim etməyə hesablandığını isə artıq bildirdik. 

Bəli, hazırda Paşinyana yaxın erməni başbilənlər C.Bayramovun məlum açıqlamasını Azərbaycanın sərhədlərin demarkasiyası işləri zamanı hərbi təzyiq göstərmək, müharibə təhlükəsi yaratmaq istəyi kimi təqdim edirlər. Əlbəttə, belə gedişlərdə başlıca məqsəd həm də Ermənistanın sərhədlərin demarkasiyası və delimitasiyası işlərində 1974–­1979-cu illərin xəritələrinin əsas götürülməsi məqsədinin  gerçəkləşməsinə yönəlib. İrəvanda yaxşı bilirlər ki, həmin vaxta qədərki xəritələrdə SSRİ-yə daxil olduqdan sonra Azərbaycandan qeyri-qanuni yolla qoparılmış hissələr, o cümlədən, ölkəmizin digər ərazilərini Naxçıvanla birləşdirən 42 kilometrlik quru yolu əksini tapmayıb. 

***

A.Mirzoyanın qəbuledilməz məsələni ortaya atmasındakı daha bir məqsədi isə ümumən Azərbaycanla Ermənistan arasında sərhəd gərginliyinin mövcudluğunu vurğulamaqdır. Hesab edirik ki, bu da düşünülmüş kifayət qədər incə məqamdır və yenə də Qərb vasitəçiliyinə üstünlük qazandırmağa hesablanıb. O anlamda ki, Azərbaycan–Ermənistan şərti sərhədinin Hayastan tərəfində Avropa İttifaqının müşahidəçiləri “lövbər salıblar”. Bu günlərdə müşahidə missiyasının tərkibinin artırılmasına dair qərar da qəbul edildi. O da məlumdur ki, Aİ sözügedən missiya təmsilçilərinin sayını gələcəkdə daha da artırmaqda maraqlıdır. 

Sonda onu da bildirək ki, ümumən, Qərbin missiya məntiqi Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasına hesablanıb. Ona görə də Ermənistan hazırda canfəşanlıq edir. Qəsdən elə durum yaradır ki, müşahidəçilərin sərhəddə mövcudluğunun qaçılmaz zərurət olduğunu əsaslandırsın. Əlbəttə, bu fonda Azərbaycanın sülhə razı olmadığının qabardılmasını da görürük. Bu nəticəyə gəlirik ki, Ermənistan regionda sülh istəmir. 

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət