Ermənistanda Putinə qəzəb və İrəvanın anti-Rusiya motivləri

post-img

Kreml rəhbərinin dediklərinə sözardı


Rusiya Prezidenti Vladimir Putinin ona ünvanlanan sualları cavablandırarkən, dilə gətirdiyi fikirlər Ermənistanda ciddi reaksiya doğurub. Məsələ burasındadır ki, hay başbilənlər Kreml rəhbərinin sözlərini Moskvanın İrəvana növbəti demarşı kimi qiymətləndiriblər. 

Əvvəla, deyək ki, Qərbpərəst erməni iqtidarına Rusiya tərəfindən ünvanlanan əks baxışlar, necə deyərlər, hava-su kimi lazımdır. O mənada ki, baş nazir Nikol Paşinyan administrasiyası bu cür məqamları qabardır və özünü dünya ictimaiyyətinə Cənubi Qafqazdakı yeganə anti-Rusiya qalası kimi təqdim edir. Şüb­həsiz, təqdimat özlüyündə böyük mənəvi-siyasi dividenddir. 

Belə təəssürat da yaranır ki, Rusiya olmasaydı da, Ermənistan hökuməti onu bir antipod kimi uydurmağa ehtiyac hiss edəcəkdi. O zaman diqqət yetirək və görək, cənab Putin nə deyib ki, ermənilərin “xətrinə dəyib”. İlk baxışdan, Rusiya Prezidentinin hansısa fövqəladə fikir səsləndirdiyini söyləyə bilmərik. O, Qarabağla bağlı son zamanlar bildirdiklərini yenə təkrarlayıb. Deyib ki, bölgəni Azərbaycana erməni iqtidarının özü verdi. Hakimiyyətyönümlü erməni ictimai rəyində qəzəb doğurmuş başlıca məsələ isə Kreml rəhbərinin strateji müttəfiqi olan Ermənistanın Rusiya inteqrasiya təşkilatlarını boykot etməsi reallığına verdiyi izahdır. Putinin sözlərinə görə, MDB-də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İqtisadi İttifaqında  üzvlükdən imtina rəsmi İrəvanın marağından uzaqdır. Yəni, Paşinyançı politoloq, siyasi ekspert və jurnalist yığını məhz bu deyimdə Ermənistan üçün təhlükə axtarmağa girişib. Təxminən belə: Putin kimdir ki, İrəvan üçün nəyin maraqlı, nəyin maraqsız olduğunu müəyyənləşdirsin?! Müəyyənləşdirməyə çalışırsa, deməli, ölkənin daxili işinə qarışır. Durumu, hətta, subliminal şantaj mesajı kimi də dəyərləndirənlər var. Digər yandan, Rusiya liderinin vurğuladığı başqa məqamlara reaksiyalar da səngimək bilmir.

Bəli, V.Putin yuxarıdaki fikirlərini dilə gətirərkən, strateji seçimin yekunda Ermənistan hakimiyyətindən asılılığını diqqətə çatdırmağı yaddan çıxarmayıb. Maraqlıdır ki, bu fikir də İrəvanda şantaj kimi dəyərləndirilib. Belə görünür ki, Rusiyadan Ermənistana “can” deyə xitab olunsa da, Paşinyançılar vəziyyəti “çor” olaraq qiymətləndirəcəklər. Bəlkə də haqlıdırlar. Çünki Nikoldan əvvəlki qatı ruspərəst, ayaqyoluna gedəndə də Moskvadan icazə alan Koçaryan-Sarkisyan xuntası xalqa o qədər zülm edib ki, Rusiya Ermənistan üçün, bir növ, psixoloji sarsıntıya çevrilib. Paşinyan iqtidarı isə durumdan məharətlə yararlanır. 

V.Putinin fikirlərindən hasil olan qənaət budur ki, hazırda Ermənistandakı ab-hava, ümumən, erməni prosesləri ilə əlaqədardır və məsələni Rusiyanın hakim rol oynadığı inteqrasiya birliklərinə münasibətdəki münaqişə kimi qiymətləndirmək olmaz. Yəni, bu, o deməkdir ki, İrəvanın Moskva ilə bağlı problemləri varsa, onları Kremlin hakim rol oynadığı təşkilatların platformasında dəyərləndirmək, həmin qurumlara münasibətdə sayğısızlıq, yumşaq desək, yaxşı yanaşma deyil. 

***

“Ermənistanda Qarabağla bağlı mürəkkəb proseslər gedir. Biz bütün bunları başa düşürük. Amma biz Qarabağdan əl çəkmədik. Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan Ermənistan oldu”, – deyən V.Putin nə qədər vurğunu Paşinyan hakimiyyətinə qınaq gətirmək niyyətinə kökləyib Moskvanı təmizə çıxarmaq istəsə də, aydın hiss edilməkdədir ki, Ermənistan iqtidarının Qarabağ davranışları Kremldə qəzəb doğurub. Elə erməni ictimai rəyindəki hiddət də bununla bağlıdır. 

Putin Rusiyasız Qarabağ avantürasının mümkünsüzlüyünü gündəmə gətirdikcə, hiddət daha da pik həddə çatır. Paşinyan iqtidarı yaxşı anlayır ki, Kreml rəhbərinin hər belə çıxışı, loru dildə desək, onun qaysaq bağlamaqda olan yaranı qanatması, Ermənistandakı kütlələri Qarabağ məsələsinə kökləyir. Daha doğrusu, bölgəni Azərbaycana Paşinyan iqtidarının verməsi ritorikasına. Əlbəttə, Putinin fikrini Rusiyanın Qarabağı Azərbaycandan alıb Ermənistana verə biləcəyi formasında qəbul edən başıpozuqlar da var. Paşinyançılar isə erməni identikliyi kimi qiymətləndirilən məsələdəki rüsvayçılığın daim üzlərinə vurulmasından narahatdırlar. Hər halda, nəinki Rusiya lideri, rəsmi Moskvanın digər təmsilçiləri də bu məsələdə aktivdirlər. Aktivlik Ermənistan hakimiyyəti üçün təhlükə formalaşdırır.  

***

Diqqət yetirək, V.Putin bildirir ki, Ermənistan iqtidarı Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımazdan əvvəl bu barədə Rusiyaya məlumat belə verməyib. Əlbəttə, obyektiv sual yaranır ki, məlumat nə üçün verilməli imiş? Ona görə ki, Rusiya böyük dövlətdir? O səbəbdən ki, Moskva Cənubi Qafqazda söz sahibidir? 

Əlbəttə, Putinin bu deyimində bir amiranəlik var. Ancaq mövzunu sadə şəkildə də izah etmək mümkündür. Bir halda ki, Ermənistan hakimiyyəti Qarabağ uğursuzluğu üçün Moskvanı günahlandırmaq yolu tutur, o zaman Kreml rəhbəri nə deməlidir? Nəhayət, rus əsgəri 44 günlük müharibədə Azərbaycan naminə döyüşməyib. …Ruslar 1991–1993-cü illərdə Ermənistanın tərəfində vuruşublar və hayların Qarabağa yiyələnməsində müstəsna pay sahibinə çevriliblər. Həmçinin, bölgənin otuz ilə yaxın İrəvanın nəzarətində saxlanılmasına da yaxından kömək göstəriblər. 

Ancaq 2018-ci ildə Ermənistanın siyasi sistemində qəza baş verdi və hakimiyyətə Qərbpərəst Nikol Paşinyan gəldi. Gələn kimi üzünü Moskvadan çevirmək yolu tutdu, Koçaryan və Sarkisyanın ənənəvi xəttindən uzaqlaşaraq, Kremlə təzimdən uzaq durdu. Axı, Ermənistan dövlətçiliyi mahiyyətcə təzim üzərində qurulmuş bir qurumdur. Onun təbiətinə müstəqillik yaddır. Hazırda ölkədə baş verənlər “qeyrətsizin qeyrətə gəlməsi” səhnəsindən başqa bir şey deyil. Hər halda, Rusiyadan mənzərə belə görünür və o da görünür ki, Moskvanın həzm edə bilmədiyi də elə həmin mənzərədir.

Əlqərəz, detallara varmaq istəməzdik, 2018-ci ildən sonra yaşananlar hər kəsin yaxşı xatirindədir. Elə 2020-ci ilin 44 günlük müharibəsindən sonrakı proseslər də. Yəni, Rusiya Prezidentinin baş nazir Paşinyanın 2022-ci ilin oktyabrında Praqada və 2023-cü ilin mayında Brüsseldə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyarkən xəbərsiz olduğunu bildirməsi mümkündür. Putin deyir ki, Qarabağı verəndə mənə heç nə deməmişdinizsə, indi nə üçün üstümə gəlirsiniz? Məsələnin sadə izahı məhz belədir.

***

Bəli, Putinin Qarabağ müstəvisində üzərinə çox gəlinməkdədir. Əvvəl bunu Ermənistan hakimiyyətinin təmsilçiləri edirdilərsə və ölkə parlametinin sədri Alen Simonyanın şəxsində “Rusiya 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla Qarabağı Azərbaycana verdi” şəklində fikir bildirirdilərsə, Moskvanın Praqa və Brüssel arqumenti sanki, qurbağa gölünə daş atıb. Amma səssizliyin özü də Kremlə sərfəli deyil. Sərfəli deyil ki, artıq Qarabağ məsələsini qaldıranlar Rusiyadakı erməni kəsim, ermənipərəstlər, o cümlədən, Paşinyan iqtidarından qatı narazılardır. Məhz onların sayəsində Putin, demək olar, hər çıxışında Qarabağ mövzusuna toxunur. Yəni, sual verirlər, o da cavablandırır. Əlbəttə, cavabların hamısı erməni iqtidarına iti ox kimi batmaqdadır. Nikolun tərəfdarları olan siyasi ekspert və politoloqlar məhz buna görə Rusiya üzərinə köklənməkdədirlər. Belə bir köklənmənin İrəvana Qərbin rəğbətini daha da artırmaq baxımından lazımlılığı isə danılmaz faktdır və mövzuya yazımızda artıq toxunduq…  

***

Bəli, Ermənistan iqtidarının qeyri-rəsmi sözçüləri Putinin, ümumən, Rusiya rəsmilərinin bildirdiklərinin qarşılığında Paşinyan və komandasının Qarabağdakı rus sülhməramlılarının öz üzərlərinə düşən funksiyanı yerinə yetirmədiyi məntiqini təkrarlamağa girişiblər. Onlar müxtəlif detalları açıqlayacaq qədər qeyri-etik davranmaqdan çəkinmirlər. Məsələn, deyirlər ki, guya, sülhməramlılar özlərinin məsuliyyət zonasındakı ərazilərdə erməni hərbçilərin oğurlanıb Azərbaycana təhvil verilməsində iştirak ediblər. Hər halda, fikrin absurdluğunu isbatlamağa ehtiyac yoxdur. 

Əlbətə, Ermənistanda Rusiyaya ünvanlanmış bu sayaq ittihamlar hazırda çoxalıb. Heç şübhəsiz, yaxın müddətdə daha yeni anti-Rusiya “arqumentləri” tapılıb dövriyyəyə buraxılacaq. Haqqında söz açdığımız politoloqlar mövcud xüsusda “ciddi çalışmaqdadırlar”. Ancaq onların fikirlərinə bir başlıca ziddiyyət hakimdir. Ziddiyyət isə bundan ibarətdir ki, Rusiyanın “Azərbaycana dəstəyi” fonunda, Bakını ittiham edən Paşinyan tərəfdarları sonra, belə demək mümkünsə, Cənubi Qafqaz beynəlmiləlçiliyinə keçid alırlar. Onlar bildirirlər ki, Rusiya onilliklər ərzində ermənilərin və azərbaycanlıların qanı bahasına İrəvan və Bakı üzərində öz təsirini saxlayıb, ermənilərlə azərbaycanlılar bunu dərk etməli və barışmalıdırlar. Region xalqları Rusiyanın Cənubi Qafqazdakı imperiyapərəst məqsədlərini öz qanları ilə qidalandırmaqdan imtina etməyə və sair bu sayaq populist sentimentalizmə baş vurulur. 

***

Sonda diqqətə çatdırdıqlarımız fonunda, tarixin qəribə ironiyasının olduğunu söyləyə bilərik. Neçə onillik yox, neçə yüzillikdir ki, imperialist maraqların alətinə çevrilmiş erməni təfəkkür tərzinin müasir daşıyıcıları indi, guya, fərqli mövqe tutduqlarını bildirir və istəyirlər ki, biz buna inanaq. Ən təzadlı məqam isə ondadır ki, inanmaq üçün heç bir əsas yoxdur. 

Digər tərəfdən, səmimiyyətdən tam uzaq durum var. Sual yaranır: İndidəmi Rusiya öyrədib erməniləri üstümüzə salıb? Xeyr! Bəs, niyə barışığa gəlməyib çeşidli manipulyasiyalara baş vururlar? Çünki zatları xarabdır. Bəli, Rusiya haylara diktə etməyib ki, gedin, konstutusiyanızda qonşulara ərazi iddiası barədə yazın və düşüncənizi cəfəngiyyata varmaqla əsaslandırın. Sərsəmlik özlərinin yarımçıq təfəkkürlərinin çiy məhsuludur. 

Erməni başbilənlər fərqində də deyillər ki, hazırda gerçəkləşdirdikləri, o cümlədən, tutduqları mövqe sadəcə bir imperialist marağın icraçısı olmaqdan çıxıb, digərinin icraçısına çevrilməkdən başqa bir şey deyil. Həqiqətən, ortada erməni ictimai rəyi adına son dərəcə miskin, aciz və cılız mənzərə var. Bu da bir reallıqdır ki, mövcud durum anti-Rusiya ritorikası müstəvisində daha çirkin və iyrənc xarakter almaqdadır. 

Ə.CAHANGİROĞLU
XQ

 



Siyasət