Möhkəm sülhün zəmanəti olmalıdır

post-img

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin sülh müqaviləsindən gözləntiləri ilə bağlı çıxışında qeyd edib: “Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. Bu, bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var”.

Beləliklə, Prezident İlham Əliyev müha­ribə başa çatdıqdan sonra ötən üç il ərzində gündəmdə olan bir mövzuya aydınlıq gətirib. Bu mövzu gələcəkdə daxili işlərə qarışma­maq öhdəliyi şəklində sülh müqaviləsinin prinsiplərindən birində öz əksini tapıb. Lakin bütün danışıqlar prosesi boyu erməni tərəfi sözdə sülh müqaviləsinin prinsiplərini qəbul edərək, faktiki olaraq, Azərbaycanın daxili işlərinə qarışıb - Qarabağ ermənilərini maliy­yələşdirib, öz silahlı qüvvələrinin qalıqlarını Qarabağdan çıxarmaqdan imtina edib, həm­çinin, Qarabağ məsələsini beynəlxalq təşki­latlarda və məhkəmələrdə qaldırıb.

Hətta, sentyabrın 19-20-də birgünlük antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqlarının Qarabağ­dan qaçması və erməni əhalisini də özləri ilə aparması belə, Paşinyan hökumətini Azər­baycanın daxili işlərinə qarışmaq fikrindən çəkindirməyib. İşə Fransanın və digər ak­torların timsalında rəsmi İrəvanın himayə­darları qoşulub və Azərbycan Prezidenti ilə danışıqlarda Qarabağ mövzusunu gündəmə gətirməyə çalışıb, lakin danışıqlar baş tut­mayıb. Beynəlxalq Cinayət Məhkəməsi də Ermənistanın Azərbaycana qarşı iddiasının Qarabağın ərazi mənsubiyyətini şübhə altına alan bəndlərini rədd edib.

Əslində, Paşinyan və ətrafı heç də “ağ qanadlı sülh mələkləri” deyillər. Onlar belə davranmağa məcbur olublar. Azərbaycan Prezidenti və Silahlı Qüvvələri onlara başqa seçim şansı qoymayıb!

Azərbaycanın Ermənistan tərəfdən re­vanş cəhdinin mümkünlüyünə əsaslı şübhələ­ri var. Bu şübhələr tarixin saxtalaşdırılması təcrübəsi (1918-ci ildən ermənilərin Qarabağ mövzusunu qaldırmadığı onillik olmayıb) və Ermənistan qanunvericiliyinə əsaslanır.

Azərbaycan səmimi qəlbdən Ermənistan­la uzunmüddətli və sarsılmaz sülh arzulayır. Odur ki, gələcəkdə qisas almağın mümkün olmadığına zəmanət lazımdır. Bu zəmanət nə ilə ifadə oluna bilər?

Təbii ki, ilk növbədə Qarabağın Ermə­nistanın tərkib hissəsi hesab edildiyi ölkənin Müstəqillik aktı, Konstitusiyası və qanunve­riciliyi vurğulanmalıdır. Mövcud kontekstdə təkcə erməni baş nazirin təminatları və im­zalanmış sülh müqaviləsi kifayət etməyəcək. Paşinyan bu gün var, sabah isə gedəcək. Bəs onda necə olacaq?! Yenə müharibə?!

Sülh müqaviləsi və onun ratifikasiya prosesi bütün digər qanunvericilik aktlarının həmin müqavilənin müddəalarına uyğunlaş­dırılması üçün əsas ola bilər. Ancaq bununla bağlı inanılması vacib olan razılaşmalar və təminatlar lazımdır. Bəs müstəqillik aktı?! Bütün bunlar, ümumən uzunmüddətli həllə­rin müzakirəsi və işlənib hazırlanmasını tələb edir.

Məsələn, Ermənistan ərazisində özünü ləğv etmiş “DQR”in nümayəndəliyi var ki, onun “parlamenti” artıq “həyat siqnalları” verməyə başlayıb. Təbii, Paşinyanın parti­yasının nümayəndələri bildirirlər ki, Ermə­nistan ərazisindəki bu fəaliyyət ölkənin özü üçün də təhlükəsizlik riskləri yaradır. Amma deyilənlər sadəcə boş bəyanatlardır.

Yanvarın 1-i yaxınlaşır, ondan sonra formal olaraq “DQR” mövcud olmayacaq. Lakin bu tarixə qədər Ermənistan ərazisində sülh prosesinə xələl gətirə biləcək addımlar atıla bilər. Ermənistanda üzərində qondarma qurumun rəmzləri əks olunan bina ola bilməz və olmamalıdır. Fərdi mülki təşəbbüslər ayrı məsələdir, lakin nümayəndəlik dövlət qey­diyyatına alınmış hüquqi şəxsdir.

Erməni hökuməti nəzərə almalıdır ki, atılan addımlar ardıcıl və prinsipial olmalı, sülh gündəmini dərinləşdirmək üçün etimad mühiti yaratmalıdır. Paşinyan hökumətinin bundan əvvəlki bəyanatları və hərəkətləri prosesə ancaq ziyan vurub.

ABŞ, Fransa, Avropa İttifaqının institut­larının simasında Ermənistanın himayədarla­rı da “Qarabağ qovluğunu” bağlamalıdırlar, əks halda Ermənistan Azərbaycanla sülhə nail ola bilməz. Əgər Ermənistan Respubli­kası və ermənilər onlar üçün bu qədər əziz­dirsə, o zaman sülh prosesinin məntiqinə əməl etməlidirlər.

Fərhad MƏMMƏDOV,
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq

Siyasət