Azərbaycanın “dəmir məntiqi” və Paşinyanın “virtual dəmir yolu”

post-img

Yaxud Naxçıvana yol və ...Ermənistanın “Dünya kəsişməsi” nağılı

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasına hazırdır. Belə bir fikri baş nazir Nikol Paşinyan dənizə çıxışı olmayan ölkələrin İrəvanda keçirilmiş nazirlər görüşünün açılışında səsləndirib. Bu yerdə atalarımız yaxşı deyiblər ki, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. 

Məsələ ondadır ki, ölkəsinin Azər­baycanla dəmir yolu əlaqəsinin bər­pasında, hətta əvvəlki dəmir yolu xəttinin yenidən işə salınmasında ma­raqlı olduğunu vurğulayan erməni hö­kumət rəhbəri yenə köhnə məsələləri gündəmə gətirib. Onun nələri dedi­yini diqqətə çatdıracağıq. Hələlik isə Azərbaycan Prezidenti İlham Əliye­vin dekabrın 6-da ADA Universitetin­də keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumdakı çıxışının bəzi məqamlarına nəzər salaq. 

Dövlətimizin başçısı bildirmişdi ki, Azərbaycanın Naxçıvana asan çıxış yolu olmalıdır: “Ermənistanın hazırda iki variantı var. Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə dəmir yolu çəksinlər. Biz bunu, əslində, onla­rın suveren ərazisi hesab edirik və su­verenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilə­rin prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur”.

Göründüyü kimi, Azərbaycan Pre­zidenti məsələni qəti şəkildə qoyur – Naxçıvana Azərbaycanın yolu olmalı­dır. Bəs, N.Paşinyan nə deyir və nəyə görə onun, obrazlı desək, yaxşı avazla oxuduğu Quran deyil? Daha doğrusu, Nikolun qabartdığını bildirdiyimiz köh­nə məsələ nədir? 

Nəqliyyat kommunikasiya əlaqələ­rinin təkcə avtomobil yolu ilə hərəkət və yük daşımaları baxımından deyil, eyni zamanda, regional sabitlik və təh­lükəsizlik nöqteyi-nəzərdən əhəmiy­yətindən söz açan N.Paşinyan region xalqları arasında iqtisadi əməkdaşlığın genişlənməsi faktoruna diqqət yetirir və mövzunu ən yaxşı bildiyi məsələyə – “Dünya kəsişməsi”, yaxud “Dünya­nın kəsişməsi” layihəsinə bağlayır. Məlumdur ki, xəstə doğulmuş uşağa bənzəyən bu ideya Azərbaycanın Zən­gəzur dəhlizi məntiqinə qarşı çıxmaq üçün ortaya atılıb. 

***

İrəvanın kapitulyasiya aktı olan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarix­li üçtərəfli bəyanatının 9-cu bəndində ölkəmizin digər rayonlarını Naxçıvanla birləşdirən yoldan söhbət açılır. Möv­cud xüsusda bildirilir ki, Ermənistan həmin yolun açılmasına təminat ver­məli, Rusiyanın Federal Təhlükəsizlik Xidməti isə yolda təhlükəsizliyi qo­rumalıdır. Lakin Paşinyan iqtidarı bu öhdəlikdən yayınır. Əslində, “Dünya kəsişməsi” layihəsi də bunun göstə­ricisidir. Nikol və komandası bölgədə yeni reallıqlar formalaşdırmağa çalışır. Bu yerdə yenə də Prezident İlham Əli­yevin sözügedən forumdakı çıxışına müraciət edək: “Mən Ermənistanın baş nazirindən dəfələrlə soruşmuşam ki, onlar nəyə görə üzərilərinə götürdüklə­ri öhdəlikləri yerinə yetirmirlər? Doqqu­zuncu maddəyə (2020-ci il 10 noyabr tarixli Bəyanatın – red.) uyğun olaraq, Azərbaycanın qərb hissəsi ilə Nax­çıvan arasında əlaqə yaradılmalıdır. Orada, həmçinin qeyd olunub ki, nə­zarəti kim təmin edəcək və Paşinyanın özü bunu imzalayıb. İndi isə bu, artıq mümkün deyil. Nə həmin marşrut var, nə də Rusiyanın iştirakı. Yəni, əslində, bu, hüquqi baxımdan artıq qüvvəsini də itirmiş kimidir. Çünki öhdəlik var, amma onlar öhdəliyi yerinə yetirmirlər”. 

Qeyd edək ki, Azərbaycan Pre­zidenti Ermənistanın qəbuledilməz yanaşmasından sonra ölkəmizin Nax­çıvanla əlaqə yaradılması, Naxçıvan vasitəsilə Türkiyəyə çıxış üçün İran tərəfi ilə keçidin inşasında razılığa gə­lindiyini vurğulayıb. Mövcud istiqamət­dəki detallara toxunan ölkəmizin lideri deyib ki, Ağbənd kəndində (Zəngilan – red.) avtomobil nəqliyyatı üçün kör­pünün təməlqoyma mərasimi keçirilib, sonra dəmir yolu nəqliyyatı üçün körpü də inşa ediləcək. Bütün bunların fo­nunda isə itirən tərəf Ermənistan ola­caq. Çünki İran ərazisindən Naxçıvana yol nəinki “Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında bağlan­tını təmin edəcək, əslində, beynəlxalq daşımalar dəhlizinə çevriləcək. Bu o deməkdir ki, Azərbaycan ilə Türkiyə arasında bağlantı yaradılır. Ermənistan özünü bundan məhrum etdi, həmçinin Azərbaycanla bütün digər kommunika­siyaların açılmasından məhrum edir”.

Bəli, Prezident İlham Əliyev məsələnin bu kontekstdəki qoyuluşun­da da kifayət qədər qətiyyətlidir. Bu cür konkretlik qarşılığında N.Paşinyan dənizə çıxışı olmayan ölkələrin nazirlər görüşündəki nitqində, sanki regionda virtual gəzintiyə çıxırmış kimi danışır. Amma o, fərqində deyil ki, mahiyyət­dən uzaqlaşmaq Ermənistanın nəinki dənizə çıxışını məhdudlaşdırır, eyni zamanda, ölkənin hazırkı təcrid duru­munu dərinləşdirir, qaçılmaza çevirir. 

***

Əlbəttə, Paşinyan “Dünya kəsişmə­si”ndən danışmaqla, xaricdəki hava­darlarına güvəndiyini göstərir. Nəzərə alaq ki, Azərbaycan liderinin məlum toplantıdakı çıxışı həm də həmin ha­vadarlara mesajdır. Belə ki, Nikol Pa­şinyanla Brüsseldə müzakirə edilən məsələlərdən birinin Rusiyanın Kali­ninqradla dəmir yolu xətti təcrübəsinə əsaslandığını vurğulayan dövlətimizin başçısı Ermənistanın bunu istəmədiyi­ni bildirib və aşağıdakı fikirləri diqqətə çatdırıb: “Onlar istəyirlər ki, bizə bu çıxış verilməsin, onun qarşısı alın­sın. Onlar gördülər ki, biz bunu etmi­rik, başladılar şikayətlə çıxış etməyə. Beləliklə, biz Dövlət Departamentinin rəsmisindən müəmmalı bəyanat eşit­dik. Birləşmiş Ştatlar qeyd etdi ki, əgər bu, Ermənistandan keçməsə, onlar buna imkan verməyəcəklər. Biz də öz-özümüzə sual veririk, bu nə demək­dir? Çünki biz bunu Ermənistana 3 il idi ki, söyləyirdik. Əgər istəyirsinizsə ki, bu, Ermənistan ərazisindən keçsin, onda bunu erməni dostlarınıza deyin. Siz İranla münasibətlərimizə necə mü­daxilə edə bilərsiniz? Yəni, onlar de­yirlər ki, biz buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Bu, necə olar bilər? Belə məsuliyyətsiz bəyanatlar bu və ya digər tərəfə yaxşı töhfə vermir. Əfsuslar olsun ki, bu, əslində, sabitliyi, regiondakı proqnozlaşdırmanı daha da çətinləşdirir, o cümlədən bağlantı la­yihələrinə də təsir göstərir”. 

Belə qənaətə gəlmək mümkündür ki, Paşinyanın təbirincə desək, Ermə­nistan dünyanın qovşağında olub şi­mal-cənub və şərq-qərb oxu boyunca digər ölkələri birləşdirə bilməyəcək. Onun yeganə şansı ölkəmizin şərtləri­ni qəbul etməkdir. Ancaq nəzərə alsaq ki, artıq İranla Naxçıvana gedən yol xüsusunda razılaşma var, o zaman İrə­vanın regional kommunikasiyalardan istifadə imkanlarını əldən buraxdığını söyləmək mümkündür. Bəli, erməni baş nazir yenə “Dünya kəsişməsi”ndən dəm vurursa və inad edirsə, deməli, ölkənin təcriddən xilas şansı yoxdur. Azərbaycan, hər bir halda, Naxçıvana quru yolunu əldə edəcək. 

Ermənistan təcriddə qalır ona görə ki, köhnə havalarda olan N.Paşinyan özünün “Dünya kəsişməsi” üçün formul da müəyyənləşdirir. O, hər bir ölkənin dövlət qurumları vasitəsilə öz ərazi­sində bütün infrastruktur üçün sərhəd, gömrük nəzarəti yaratmasından və bu kommunikasiyaların təhlükəsizliyini tə­min etməsindən söz açır. Yəni, bu, o deməkdir ki, Azərbaycanın Naxçıvana haqqında söz açdığımız asan yol mən­tiqini nəzərə almır. Bu yerdə erməni baş nazirin “Dünyanın kəsişməsi” la­yihəsinin həm Ermənistanın, həm də Azərbaycanın dənizə çıxış imkanlarını genişləndirəcəyi və multimodal yük­lərin daşınması üçün daha geniş im­kanlar yaradacağı ilə bağlı bildirdikləri mənasız söz yığınından başqa bir şey olmur. 

***

Ancaq yekunda N.Paşinyanın bir mənada haqlı olduğunu vurğulayaq. O, “Dünya kəsişməsi” nağılının ay­rı-ayrı səhifələrindəki xoşbəxt gələcək səhnələrinin təsvirindən danışıb belə qənaətə gəlir ki, sadaladıqları Azər­baycanla sülhün yaranması nəticəsin­də mümkündür. “Əsas məsələ sülhün nə dərəcədə mümkün olması və bunun hansı prinsiplər çərçivəsində baş ver­məsidir”, - deyən erməni baş nazir, çox güman, Naxçıvana yolun Azərbaycan məntiqinə qarşı çıxmaqla, elə sülhün hazırda mühüm əhəmiyyət daşıyan bir vacib komponentini düşünmədiyinin fərqindədir. Ancaq sülhün digər vacib komponenti də var ki, bu barədə Azər­baycan Prezidenti İlham Əliyev “Euro­news” televiziyasına noyabrın 23-dəki müsahibəsində söz açmışdı. Dövlə­timizin başçısı bildirmişdi ki, vaxtilə “Qarabağ Ermənistandır” deyən N.Pa­şinyan indi “Qarabağ Azərbaycandır” deyirsə, yanaşma tam olmalıdır: “...lakin hazırda “Qarabağ Azərbaycandır” dedikdə, onlar gərək bunun altında öz imzasını qoysunlar və biz bunu gözlə­yirik”.

Göründüyü kimi, N.Paşinyan, el misalımızda deyildiyi kimi, arxı keçmə­miş “hop” eləməklə məşğuldur. Onun Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasından danışması yalnız görüntü xarakteri daşımaqdadır. Nikolun “Cə­nubi Qafqaz platformasında xalqların parlaq, xoşbəxt gələcəyi”ni “Dünya kəsişməsi” ilə əlaqələndirməsi və ye­kunda bütün bunların baş verməsinin Azərbaycanla sülhdən asılı olduğu­nu vurğulaması, ölkəmizin mövqeyini heçə saymaqdır. Erməni baş nazirin məntiqi həm də dolayısı ilə Azərbay­canı sülhün olmamasının səbəbkarı kimi təqdim etmək cəhdidir. Beləliklə Ermənistan rəhbərliyi özünü mütərəqqi göstərməklə, reallıqlardan uzaqlaşmaq xəttini seçir. N.Paşinyanın yanaşması isə yalnız bitlə bağlı mövzunu mənim­səyən tələbənin imtahanda itlə, pişiklə və nəhayət balıqla bağlı sualları bitin üzərinə gətirmək cəhdindən başqa bir şey deyil. 

Ə.RÜSTƏMOV
XQ



Siyasət