Almaniyada müsəlmanlara qarşı diskriminasiya genişlənir

post-img

Almaniyada İslam dininə və müsəlmanlara qarşı nifrət və diskriminasiya cəmiyyətin müxtəlif sahələrində özünü ən kobud formada göstərməkdədir. Müxtəlif sosioloji sorğuların nəticələri, elmi araşdırmalar, eyni zamanda, rəsmi dövlət orqanlarının hesabatları onu göstərir ki, müsəlmanlar öz dini kimliyi səbəbindən vaxtaşırı ayrı-seçkilik və zorakı münasibət ilə rastlaşırlar. Almaniya həm də müsəlmanların vətəni olmasına baxmayaraq, onlara qarşı ayrı-seçkilik dövlət siyasəti səviyyəsinə çatmaqdadır və bu problemin köklü şəkildə aradan qaldırılması üçün hökumətdə konkret nəticəyə xidmət edəcək siyasi iradə mövcud deyil.

Bu fikirlər Anar Allahverdinin “Almaniyada müsəlmanlara qarşı diskriminasiya genişlənir” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin qeyd edilir: “Təkcə 2022-ci ilin hesabatına nəzər saldıqda bunu aydın şəkildə anlamaq mümkündür. Belə ki, Almaniya Daxili İşlər Nazirliyinin hesabatına görə, il ərzində ölkə ərazisində müsəlmanlara və məscidlərə qarşı 569 hücum və zorakılıq aktı həyata keçirilmişdir. Baş vermiş zorakılıq və cinayətkarlıq aktları ilə bağlı yalnız bir hadisə araşdırılaraq cinayəti törətmiş şəxs məsuliyyətə cəlb edilmişdir. Yerdə qalan 568 cinayət və zorakılıq halı ilə bağlı heç bir tədbir görülməmişdir.

Həmin psixoloji-kriminal xarakterli zorakılıq hallarından biri məhz bu il iyunun 8-də Baden Vürtenberq əyalətinin Maulbronn şəhərində baş verib. Kimliyi bəlli olmayan bir qrup şəxs həmin şəhərdəki məscidin qarşısından minik avtomobili ilə hərəkət edərək əllərindəki yandırılmış “Qurani-Kərim”i məscidin həyətinə atıb. Bu hadisə Türk-İslam Birliyinə (DİTİB) aid məscidin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Videomateriallar və məscid nümayəndələrinin yazılı müraciəti əsasında şəhər polis idarəsində hadisə rəsmi olaraq qeydə alınmışdır. Qeyd edək ki, həmin məscid 2014-cü il martın 14-də İslam əleyhdarlarının hücumuna məruz qalmışdır və o zaman məscidin divarları, pəncərələri, giriş qapısı nasist svastikaları ilə rənglənmişdir.

Ümumilikdə 2022-ci ildə əvvəlki illərlə müqayisədə Federal Antidiskriminasiya Agentliyinə ayrı-ayrı şəxslər tərəfindən edilmiş müraciətlərin sayında ciddi artım qeydə alınmışdır. Belə ki, 2022-ci ildə Antidiskriminasiya Agentliyinə 8827 müraciət daxil olmuşdur və bu rəqəm 2021-ci illə müqayisədə14 faiz çoxdur. 2022-ci ildəki müraciətlərin sayını 2019-cu illə müqayisə etdikdə, artım tempinin iki dəfədən çox olduğunu görürük. Edilmiş müraciətlərin hər iyirmisindən biri məhz dini diskriminasiya ilə bağlıdır.[4]

Anti-İslam rasizminin Almaniyada sürətlə yayılması bu ölkədə yaşayan hər bir müsəlman üçün ciddi təhdiddir. Cari araşdırmalar deməyə əsas verir ki, müsəlmanlara qarşı dini rasizmin genişlənməsi alman cəmiyyətində tendensiya xarakteri daşımaqdadır. Qısa müddət əvvəl on müstəqil ekspertdən ibarət heyət tərəfindən “alman cəmiyyətində müsəlman düşmənçiliyi” mövzusunda 400 səhifəlik hesabatı[5] özündə əks etdirən araşdırma aparılmışdır. Hesabatda qeyd edilir ki, hər iki almandan biri müsəlman düşmənçiliyi ilə bağlı çağırışlarla bu və ya digər şəkildə razıdır, bilavasitə anti-müsəlman çağırışları normal qəbul edir. Bundan başqa, araşdırma zamanı müəyyən edilmişdir ki, müsəlman dini kimliyinə aid olanlar diskriminasiyaya məruz qalan digər insan qrupları ilə müqayisədə daha çox təzyiqlə üzləşirlər. Xüsusən də baş örtüyündən istifadə edən qadınlar müsəlman olduqları üçün amansız formada təzyiqlərə məruz qaldıqlarını bildirirlər. Hesabata görə, mediada, ictimai və dövlət idarələrində belə halların baş verməsində davamlı olaraq artım müşahidə edilməkdədir.

Azərbaycana da onun uzun müddət məruz qaldığı ərazi probleminə də məhz yuxarıda qeyd edilən dini diskriminasiya kontekstində yanaşma mövcuddur. Belə ki, alman cəmiyyətində ictimai rəyin formalaşmasında əsas rol oynayan mətbuatla yanaşı, siyasi elmi ədəbiyyatda da Ermənistanın işğalçılıq faktı davamlı olaraq “xristian Ermənistanı ilə müsəlman Azərbaycanı arasında Dağlıq Qarabağ münaqişəsi” şəklində təqdim olunur. Münaqişənin xarakteri və hüquqi-siyasi identifikasiyası onu deməyə əsas verir ki, Qarabağ münaqişəsi heç bir halda və heç vaxt dini xarakter daşımayıb. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və “böyük Ermənistan” xülyasını həyata keçirməyə çalışan bəzi qüvvələrin həmin məqsədlə göstərdikləri qərəzli “səylər”in nəticəsində yaranıb. Bir milyondan çox azərbaycanlını doğma yurdundan didərgin salan Ermənistan Azərbaycanın ərazisinin 20 faizini 30 il işğal altında saxlayıb, oradakı şəhərləri, kəndləri yerlə-yeksan edib, təbii sərvətləri talayıb. Belə olan halda, münaqişənin dini kontekstdə təqdim olunmasının hansı məqsədə xidmət etməsi ilə bağlı ciddi sual yaranır. Sualın cavabını tapmaq Almaniyadakı əhalinin mütləq əksəriyyətinin müsəlman olmadığını nəzərə aldıqda o qədər də çətin deyil. Beləliklə, əsl məqsədin nədən ibarət olduğu ortaya çıxır. Alman cəmiyyətində ictimai rəyə təsir edən həmin mənbələr informasiyaya çıxışı olmayan insanların münaqişə ilə bağlı mövqeyini mümkün olduğu qədər manipulyasiya etməyə çalışırlar. Yuxarıda qeyd edilənlərlə yanaşı, bu istiqamətdə aparılmış araşdırmaların, təqdim olunmuş hesabatların əlaqəli təhlili onu deməyə əsas verir ki, təkcə insanlara onların inanc və dünya görüşlərinə deyil, hətta dövlətlərarası münaqişələrə yanaşma da alman cəmiyyətində dini ayrı-seçkilik konteksti əsasında formalaşdırılır. Yuxarıda qeyd edilən faktlar özlüyündə Almaniyada dini diskriminasiyanın dövlət siyasəti olması iddiasının ortaya çıxmasına ciddi əsaslar yaradır”.

Siyasət