Sülhə “pəl vuran”lar

post-img

Azərbaycan və Ermənistan arasında sülh bəzilərinin ürəyincə deyil 

Bunu görmək və anlamaq üçün dərin siyasi savada, yaxud diplomatik təcrübəyə malik olmağa ehtiyac yoxdur. Söhbət heç də şəxsən Nikol Paşinyanın arzu və istəyinin asılı olmadığından deyil, onu Bakı ilə normallaşmaqda olan münasibətləri yenidən gərginləşdirməyə sövq edən kənar güclərdən gedir. 

Biz Ermənistan baş nazirinin qərbli dəstəkçilərdən, xaric­dəki daşnak lobbiçilərdən, onların İrəvandakı məxfi agentlə­rindən, Sorosdan nə dərəcədə asılı olduğunu dəqiq bilməsək də, məqsədləri məlumdur. Bu “çete”nin bütün vasitələrdən yararlanmaqla Cənubi Qafqazı uzunmüddətli qeyri-sabit böl­gəyə çevirməyi və bu zaman özlərinin “strateji maraqlarını” təmin etməyi hədəflədiyi heç kəsə sirr deyil. Hadisələrin ge­dişindən asılı olaraq, Vaşinqton və Parisin bölgədə gərginli­yin yaranmasına özlərinin “töhfəsini” verməyə hazır olduqları da nəzərdən qaçırılmamalıdır. Sözsüz ki, belə məkrli cəhdlər bugünədək edilib, bundan sonra da davam etməyəcəyinə tə­minat yoxdur. Tarix göstərir ki, savaşdan sonra sülhə aparan yol həmişə çətin və ağır olub. İndi İrəvan və Bakı bu yolun finişinə yaxınlaşıblar.

İrəvandakı minabasdıranlar 

İki ölkə arasında sülh müqaviləsi­nin imzalanmasına əngəl sayılan və həllini gözləyən iki problem var. Bun­lardan birincisi, hələ də işğal altında olan Qazaxın 7, Naxçıvanın 1 kəndi­nin Azərbaycana qaytarılmasıdır. Bakı ekslavlarını tələb edir, amma bu zaman İrəvan prosesi uzatmaq üçün müxtəlif bəhanələr uydurmağa çalışır. Son vaxt­lar Nikol Paşinyan Ermənistanın 4, Alen Simonyan isə 31 kəndinin “işğal” altında olmasından danışır. Qərbli aktorlar isə bu məsələnin sonraya, delimitasiya və demarkasiya mərhələsinə saxlanılma­sını təklif edirlər. Haqqında danışılan ikinci problem isə delimitasiya və de­markasiyanın hansı xəritələrlə həyata keçirilməsidir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sülh müqa­viləsinin 70 faizinin razılaşdırıldığı barə­də danışarkən yəqin qeyd etdiyimiz bu iki problemi nəzərdə tutur. 

“Sülh müqaviləsinə imza atmaq qi­sas istəyinin olmamasıdır. Əgər qarşıda qisas olacaqsa, onda sülh müqaviləsi nəyə lazımdır? Üstəlik, Ermənistanın güclənib uzunmüddətli dövlətçiliyə ma­lik olmasında birbaşa yol qonşularla di­aloqdan keçir”. Bu sözləri isə iqtidardakı “Mülki müqavilə” fraksiyasının deputa­tı, Ermənistan parlamentinin maliyyə, kredit və büdcə məsələləri üzrə daimi komissiyasının sədri Gevorq Papoyan deyib. Sülh müqaviləsinə İrəvanın da, Bakının da ehtiyacı olduğunu bildirən hay deputat saziş imzalandıqdan sonra Cənubi Qafqazda bütün səviyyələrdə inteqrasiyaya, iqtisadi əlaqələrin inkişa­fına, əmin-amanlığa, həyat səviyyəsinin yüksəlməsinə səbəb olacaq mühitin ya­ranacağını gördüyünü dilə gətirir. “Əgər Ermənistan qisas almağa hazırlaşdığını bəyan edərsə, bu, ölkənin varlığına son qoyacaq təhlükəli yola birbaşa çıxış ola­caq. Bilirik ki, İrəvanda bu cür düşünən­ləri, belə zərərli mövzuları qızışdıran xarici qüvvələr var. Həmin qüvvələrə Ermənistanın dövlət kimi mövcudlu­ğu lazım deyil. Ona görə biz üçüncü ölkələrin əlində alətə çevrilməməliyik”, – deyən Papoyan Ermənistanın ikinci və üçüncü prezidentləri, keçmiş Qara­bağ separatçıları Robert Koçaryan və Serj Sarkisyanın adlarını çəkib, onların dövlətçiliyin altına mina basdırmağa ça­lışdıqlarını bəyan edib: “Kapitulyasiyaya onlar qol çəkiblər, “Qarabağ ordusunu” buraxıblar, silah-sursatı Azərbaycana təhvil veriblər, indi isə İrəvanda “Qara­bağ parlamenti”ni yaratmaq xülyasına düşüblər. Bu, qətiyyən qəbuledilməzdir və Ermənistana qarşı bombadır”. 

Əlbəttə, bu müstəvidə Papoyana Ermənistanın indiki rəhbərliyinin də ölkəmizə qarşı təxribatçı bəyanat və hərəkətlərini xatırlatmağımız yerinə düşər. Düzdür, bütün bunlar üç il dörd ay bundan əvvələ qədər baş verib. 2020-ci il noyabrın 10-dan sonra isə bu hərəkət və çıxışların xarakteri dəyişdi. Amma bunların hamısının bir fayda ver­mədiyinə özləri də şahid oldular. Daha bəhanəyə yer qalmayıb. 

Saatlı bombanı kim qurur?

“Azərbaycanlıların Ermənistana qayıtması gələcəkdə saatlı bombaya çevriləcək”. Bu avantürist fikirləri yer­li mediaya erməni siyasi şərhçi Vigen Akopyan açıqlayıb. O, ermənilərin Qa­rabağa qayıtması qarşılığında azər­baycanlıların da öz yurdlarına – Qərbi Azərbaycana qayıtması barədə tələbinə bu cür reaksiya verib: “Bu, kifayət qədər həssas bir məsələdir. Azərbaycanlılar bu məsələ ilə bağlı öz mövqelərini çox­dan ortaya qoyublar. Bakı 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Ermə­nistanı tərk etmiş azərbaycanlıları geri qaytarmağa çalışır. Müxtəlif mənbələrə görə, onların sayı 300 minə qədərdir. Rəsmi Bakı çox gözəl başa düşür ki, bu kontingent gələcəkdə Azərbaycanın Ermənistanda yumşaq gücü olacaq və dövlətimizin altına döşənmiş minaya çevriləcək”.

“Həssas məsələ”nin yaranma tarixini doğru göstərən Akopyan saatlı bomba­nın 35 il bundan əvvəl Ermənistan SSR-in başında duran daşnak-kommunistlər tərəfindən qurulduğunu deməyi “unu­dub”. Bu həqiqətin üzərindən sükutla keçən erməni politoloq iddia edib ki, für­sət yaranan anda rəsmi Bakı azərbay­canlıların hüquqlarının və ya təhlükə­sizliyinin qorunmadığını bəyan edəcək, bunun əsasında həm Azərbaycan, həm də Türkiyə Ermənistan ərazisinə silahlı qüvvələr yeritmək üçün bəhanə axtara­caq: “Azərbaycan Silahlı Qüvvələri Er­mənistana daxil olsa, bir daha oranı tərk etməyəcək. Bu ərazilərdə “Azərbaycan Ermənistanı” olacaq, yəni “Kıbrıs-2” ya­ranacaq”. 

Bu məsələyə öz düşüncəsinə görə yanaşaraq çox dərinə “baş vuran” Akop­yan Azərbaycanın müharibədən sonra “güzgü prinsipi”ni tətbiq etdiyinə diqqəti yönəldir: “Laçın varsa, Zəngəzur olma­lıdır, Qarabağa ermənilər qayıdırsa, Ermənistana da azərbaycanlılar qayıt­malıdır”. 

Bəs, başqa nə cür olmalı idi, cənab Akopyan? Bəlkə qalib tərəf məğlub ölkəyə birtərəfli qaydada güzəştlərə getməlidir? Böyük güclərin iki yüz ildir Azərbaycanın üzərində sınaqdan çıxar­dıqları “erməni kartı”nın, nəhayət, “pas” olunduğunu nə qədər tez anlasanız, bir o qədər az ziyan görərsiniz. 

Bu arada Brüsseldə “Şərq Tərəfdaş­lığı” ölkələri nazirlərinin görüşündə çıxış edən Ermənistan xarici işlər naziri Ara­rat Mirzoyan “Azərbaycanlı qaçqınların da çoxu geri dönəcək, lakin güc baxı­mından təminat almaq şərtilə”, – deyib. O qeyd edib ki, Ermənistanın ərazi bü­tövlüyü, sərhədlərin qarşılıqlı tanınması, həmçinin regional kommunikasiyaların açılması prinsipləri əsasında regionda sabit və uzunmüddətli sülhü təmin et­mək üçün siyasi iradəsi var. 

İrəvanın səhv etmək limiti tükənib

“Biz sübuta yetirdik ki, vasitəçi həmsədr ölkələrin üçü də səhv edib. Onların qədim dövlətçilik ənənələrinə, beynəlxalq təcrübələrinə və BMT Təh­lükəsizlik Şurasının daimi üzvləri olma­larına baxmayaraq, yenə səhvə yol ver­dilər. Bu, düzgün qiymətləndirməməyin nəticəsi idi. Bu, həm də Azərbaycana verilən belə bir mesaj idi ki, əgər mü­naqişəni hərbi yolla həll etməyə çalışsa­nız, siz buna heç vaxt nail ola bilməyə­cəksiniz. Amma biz sübut etdik ki, bu münaqişənin hərbi həlli də mümkündür. Bununla da üç il bundan əvvəl məlum münaqişə öz həllini tapdı”. Bu sözləri Prezident İlham Əliyev “Qarabağ: 30 il­dən sonra evə dönüş. Nailiyyətlər və çə­tinliklər” Forumundakı çıxışında deyib. 

Dövlət başçımız bu açıqlaması ilə daha nə Bakının, nə də İrəvanın sülhə gəlməkdən ötrü vasitəçiyə ehtiyac duy­madıqlarını həmin keçmiş həmsədrlərin də diqqətinə çatdırmış oldu. 

Beləliklə, Paşinyan Qarabağın Er­mənistan üçün həlli müşkül yük olması­nı qəbul etməli və bunu cəmiyyətə başa salmalıdır. Məhz bu yükdən azadolma Hayastanın problemini azaldar, onun tərəqqiyə yolunu açar. Görünən reallıq odur ki, məğlub Ermənistan hakimiyyəti son üç ildə qalib qonşusuna qarşı yer­siz iddialarından biryolluq əl çəkməli idi ki, düşdüyü böhrandan tez çıxa bilsin. Təəssüf ki, biz İrəvandakı daşnak-re­vanşistlərin Qarabağı tərk etmiş se­paratçıları yenidən gündəmə gətirmək cəhdlərini müşahidə edirik. Düzdür, Paşinyan hakimiyyəti bu cür cəhdlərin qarşısını sərt şəkildə alır, ölkə ərazisin­də “gorbagor olmuş artsaxın” hansısa strukturunu yaratmaq cəhdlərini rədd edir. O, özü də yaxşı bilir ki, İrəvanın sülh masasında, ən müxtəlif bəhanələri gətirməklə, səhvə yol vermək limiti tükə­nib. 

Hazırda Bakı və İrəvanın birgə təşəbbüsü ilə proseslərin düzgün məc­rada, bütün Cənubi Qafqaz üçün faydalı istiqamətdə cərəyan etdiyini söyləmək olar. Əslində, Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan baş na­ziri aparatının birgə bəyanatını iki ölkə arasında böyük sülh müqaviləsinin im­zalanması üçün vacib bünövrə hesab etmək olar. İntəhası, nə qədər nikbin si­yasi notlara köklənmək istəsək də, onu da unutmamalıyıq ki, sülhə aparan yol heç vaxt və heç yerdə asan olmayıb. Ötən həftə Bakı və İrəvanın xoşməram­lı, qarşılıqlı etimadı artıran birgə açıqla­masının və razılaşmaların Ermənistanı Azərbaycanla mümkün sülh variantına kökləndiyini söyləyə bilərik. Tərəflər arasında gərginliyin azalmağa doğru getdiyi indiki mərhələdə Paşinyan kənar təsirlərdən asılılığa son qoya, Azərbay­canla sülhün alternativinin olmadığını cəmiyyətə çatdıra bilsə, gözlənilən ba­rışıq da daha tez əldə olunar.

Turab RZAYEV,
politoloq 

Ermənistan Təhlükəsizlik Şu­rasının katibi Armen Qriqoryanın sülh müqaviləsinin 70 faizinin razı­laşdırıldığı barədə açıqlaması on­ların öz yanaşmasının məhsuludur. Azərbaycan İrəvandan hələ də işğal altında olan 8 kəndimizin qaytarıl­ması ilə bağlı konkret yol xəritəsini tələb edib. Sülh müqaviləsinin im­zalanmasının bloklanmaması üçün bəhs etdiyimiz məsələlərin sonrakı mərhələyə salınması mümkün eh­timallar arasındadır. Dövlətimiz isə burada Ermənistana qarşı iki tələb irəli sürür: məsələ ya indi həll edil­məlidir, yaxud sonrakı mərhələdə Azərbaycanın xeyrinə həll olunaca­ğına dair müsbət addım atılmalıdır. Rəsmi Bakı Rusiyanın xahişindən sonra 8 kənd məsələsinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəya­natdan çıxarıldığını və növbəti mər­hələyə saxlanıldığına eyham vur­muşdu. Biz daha müharibə istəmirik. İntəhası, dövlətimiz Ermənistanın sülh müqaviləsindən sonra kəndləri qaytarmaqdan boyun qaçırması eh­timalına qarşı konkret və ciddi söz, əməl tələb edir. Yəni, bu təminatın təsdiqi kimi kəndlərin geri qaytarıl­ması mexanizminin təsbit olunduğu yol xəritəsi olmalıdır. Digər tərəfdən, vasitəçilər də delimitasiya zamanı problemin Azərbaycanın ərazi bü­tövlüyü çərçivəsində həll olunacağı­na təminat verməlidirlər. Əks-təqdir­də bu problemin həlli on illərlə uzana bilər.

İmran BƏDİRXANLI
XQ



Siyasət