Fransa Ermənistanı daha ağır silahla təmin etmək istiqamətində düşünür – AÇIQLAMA

post-img

Xəbər verdiyimiz kimi, Fransanın “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli 24 zirehli texnika Ermənistana göndərilib. Hazırda istehsal mərhələsində olan eyni tipli daha 26 texnika da İrəvana yola salınacaq.

Ermənistan bu yaxınlarda “Thales” şirkətindən üç GM2-200 radarına dair sifariş imzalayıb və üç “Mistral” zenit-raket komplekslərinin tədarükü üçün danışıqlar aparılır.

Məsələ ilə bağlı hərbi ekspert Şair Ramaldanov fikirlərini “Xalq qəzeti” ilə bölüşdü. O bildirdi ki, Ermənistanın son zamanlar daha çox silahlanmağa üz tutması və bu prosesin sürətləndirilməsini, bir tərəfdən, Azərbaycan Ordusunun parlaq Qələbəsi ilə başa çatmış Vətən müharibəsi zamanı silah və texnikası məhv edilmiş erməni əsgərinin silahsız qalması ilə izah etmək olar. Rusiya-Ukrayna müharibəsi və Ermənistanın Rusiya ilə münasibətlərinin pozulması fonunda Moskvanın əvvəlki kimi Ermənistana silah yardımı etməməsini də nəzrə alsaq, İrəvan başqa ölkələrdən silah almaqla bu boşluğu doldurmalı idi. 

Hərbi ekspert Fransanın regionumuzda maraqlarının artmasını, Azərbaycanla münasibətdə stabil olmaması fonunda bu ölkənin Ermənistanı silahlandırmasını, missiya göndərməsinı və daha sonra bu missiyanın sayının çoxaldılması və vaxtının uzadılmasını yaxşı hal hesab etmir. 

Ekspertin fikrincə, Fransa Ermənistanı daha ağır silahla təmin etmək istiqamətində düşünür və bu, real görünür: “Ermənistan nə qədər silahlandırılsa da, bu, ölkəmiz üçün elə də təhlükəli deyil. Çünki Azərbaycan Ordusu yetərincə güclüdür. Ermənistan 30 ildir müxtəlif hərbi vasitələrlə minalanmış əraziləri nəzarətdə saxlasa da, Azərbaycan Ordusu cəmi 44 gün ərzində bu əraziləri işğaldan azad edərək “güclü Ermənistan ordusu” mifini darmadağın etdi. Ermənistan və onun havadarları da yaxşı bilir ki, Azərbaycana qarşı hansısa revanşist hərəkətlər olarsa, bu, Ermənistan üçün böyük faciəyə çevrilə bilər”. 

Ş.Ramaldanov onu da diqqətə çatdırdı ki, Fransanın Ermənistana ötürdüyü silah və texnikalar elə də güclü deyil, sıradan tez çıxır: “Təsəvvür edin, texnikaya hava-su kimi ehtiyacı olan Ukrayna “Bastion” tipli zirehli texnikalardan imtina edib. Bu tipli zirehli maşınlar daha çox şəxsi heyəti daşımaq üçün istifadə edilir. Dağlıq şəraitdə və çətin keçilən ərazilərdə də onun istifadəsi çətindir”.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət