Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin spikeri Alen Simonyan 15 gün ərzində Bakı ilə sülh müqaviləsi bağlaya biləcəklərini bildirib. Maraqlısı odur ki, Simonyan bunu ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngindən sonra bəyan edib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Rasim Musabəyov “Xalq qəzeti”nə bildirdi ki, Ermənistanın sülh müqaviləsini imzalamasında ABŞ-ın təsirləri, təbii ki, mövcuddur. Deputatın fikrincə, ABŞ da, Avropa Birliyi də Ermənistanın başına ağıl qoyurlar ki, sülh müqaviləsilə bağlı məsələləri uzatmasınlar.
R.Musabəyovun dediyinə görə, Rusiya da açıq-aşkar siqnallar verir ki, Ermənistanın avantürüst siyasəti növbəti silahlı toqquşmaya gətirib çıxararsa, Moskvadan hərbi dəstək gözləməsin.
“Azərbaycan səbirlidir, yenə də humanistlik nümayiş etdirir. Bunu anlayan və anlamayan ölkələr var”, - deyə müsahibim fikirlərini yekunlaşdırdı.
Rizvan FİKRƏTOĞLU
XQ