Xalq xilas yolunu Ümummilli liderin Qayıdışında görürdü

post-img

(YAP-ın Naxçıvan təsis konfransı barədə xatirə)

Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi ilk dənəmdə tanınmış əmək qəhrəmanlarından biri olmuş, 3 dəfə ardıcıl Azərbaycan Ali Sovetinin deputatı olmuş, taxılçılıq sahəsində əldə etdiyi nailiyyətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş Baba Səmədov Ulu öndərlə dəfələrlə görüşüb. 

Prezident təqaüdçüsü olan məşhur kombaynçı-mexanizator, el ağsaqqalı Baba kişi Şəki rayonunun Turan kən­dində yaşayır. Ulu öndəri daim böyük ehtiramla, minnətdarlıqla yad edir: 

– Unudulmaz dahi şəxsiyyətlə ilk görüşüm 1975-ci ildə Mərkəzi Komitədə olub. Görüşdə Azərbaycan Respublikası­nın Ali Sovetinə deputatlığa 15 namizəd iştirak edirdi. Müxtəlif peşə sahibləri idik. Heydər Əliyev hər birimizlə ayrıca gö­rüşərək, şəxsi işlərimizi gözdən keçirdi. Növbə mənə çatanda Şəkidə taxılçılığın vəziyyəti ilə maraqlandı. Dedim ki, hər şey yaxşıdır, ancaq yağış yağsa, daha yaxşı olacaq. Gülüb dedi ki, narahat olma, öyrənmişəm, Şəkiyə də yağış ya­ğır. Sonra mən deputat seçildim, Mərkəzi Komitənin üzvü oldum, qurultaylarda nü­mayəndə kimi iştirak etdim. Görüşlərimiz intensiv xarakter aldı...

Baba Səmədov Ümummilli liderlə 1992-ci ilin noyabrında Naxçıvanda olan görüşünü də iftixarla xatırlayır: 

– Cəmi bir il idi ki, müstəqillik əldə etmişdik. Şuşanın və Laçının işğalının kədərini yaşamaqla yanaşı, Xalq Cəbhəsinin ölkədə yaratdığı hərc-mərcliyin, özbaşınalıqların əsiri olmuşduq. Belə bir vaxtda xalqımızın yeganə ümidi Nax­çıvan Milli Məclisinin sədri olan dünya şöhrətli siyasətçi Heydər Əliyevə idi. Ancaq adları “cəbhəçi” olan, özləri isə müharibənin davam etdiyi cəbhədən çox uzaq olan yeni hakimiyyət xalqın Heydər Əliyevlə əlaqə yaratmasına mane olur, Naxçıvanı sərt blokadada saxlamağa ça­lışırdı. Buna baxmayaraq, yerlərdə hələ rəsmi olaraq təsis olunmamış Heydər Əliyev partiyasının – Yeni Azərbaycan Partiyasının özəkləri yaradılırdı. Biz də Şəkinin Turan qəsəbəsində gizli şəkildə partiyanın Şəki, Qax, Zaqatala və Ba­lakən rayonları üzrə ilk təşkilatını yarat­mışdıq. 

Bir gün əslən bizim qəsəbədən olan, o zaman Kənd Təsərrüfatı Nazirliyində işləyən Eldar Əliyev mənə dedi ki, Baba dayı, hazırlaş, sabah Naxçıvana, Heydər Əliyevlə görüşə gedirik, ancaq bu iş məx­fidir, heç kəs bilməsin. O, hər ehtimala qarşı bizim üçün haradansa Naxçıvan Konserv zavoduna ezamiyyət sənədləri də hazırlatmışdı. Beləcə, 3 yoldaş – Eldar, ilk təşkilatımızın sədri, məktəbimizin pe­daqoqu Tehran müəllim və mən pasport­larımızı da götürüb, Bakıya yola düşdük. Binə Aeroportunda xüsusi təyinatlılar Naxçıvana getməyimizə mane olmağa çalışdılar. Onda mənim ağlıma gəldi ki, Sosialist Əməyi Qəhrəmanı imtiyazım­dan istifadə edim. Ancaq sovetdənqalma bu titula omonçular tərəfindən nə cür mü­nasibət göstəriləcəyini bilməsəm də, yol sənədlərimizə qəhrəmanlıq sənədimi də əlavə edib, yaxınlaşdım onlara. Baxdılar ki, həmin sənədlərdir, yalnız “Qızıl ulduz” vəsiqəsi əlavə olunub, bir az döyükdülər. Uzun çək-çevirdən sonra kassirə tapşır­dılar ki, verin bunlara biletlərini. 

...Naxçıvan aeroportunda da “omon­çular” bizi saxladılar. İndiki deputatımız – Heydər Əliyevin o vaxtkı köməkçisi Eldar İbrahimov bizə dedi ki, narahat olmayın, indi pasportlarınızı komandirdən geri ala­ram. Elə də etdi və bizi avtobusla yola saldı. 

Görkəmli siyasətçi ilə mümkün qədər tez görüşməyə can atırdıq. Ancaq bizə dedilər ki, gecə saat 11-dir, indi Heydər müəllim Türkiyədən və İrandan gəlmiş yüksək səviyyəli qonaqlarladır, ona görə də, ola bilər, sizi bu axşam qəbul etmə­sin. 

Artıq soyuqlar başlamışdı, buna görə də gecəni mehmanxanada deyil, yol yol­daşımız Eldar Əliyevin qohumugildə qal­dıq. Səhər məlum oldu ki, Heydər Əliyev xarici qonaqları yola saldıqdan sonra onun qəbulunu gözləyənləri də gecə saat 3-ə kimi qəbul edibmiş. Mən onunla üzbəüz görüşmək fürsətini əldən verdiyi­mizə görə çox peşman oldum. Ancaq Əli Nağıyev dedi ki, narahat olmayın, sizi gö­rüşdürəcəyəm. 

Sonra YAP-ın təsis konfransının ke­çirildiyi Naxçıvan Şəhər Mədəniyyət Sarayına toplaşdıq. Əvvəl partiyanın məqsəd və məramı haqqında danışıldı, nizamnamə və proqramı oxundu, təklif­lər verildi, bəzi düzəlişlər edildi. Ardınca Heydər Əliyev konfrans iştirakçılarının gur alqışları altında tribunaya yaxınlaşa­raq, Azərbaycanın bugünü və sabahı ilə bağlı məzmunlu, maraqlı çıxış etdi. Hamı onun çıxışının təsiri altında söz demək, fikir bildirmək istəyirdi. Heydər Əliyev hər kəsi diqqətlə dinləyir, onun respublika rəhbərliyinə qayıtmasını arzu edənlərə təşəkkürünü bidirirdi. Amma çıxış edən­lərin çox olduğunu, yığıncağın artıq 5 sa­ata qədər davam etdiyini görərək, təklif etdi ki, çıxışlar dayandırılsın. Əli Nağıyev səhnənin ortasından böyük şəxsiyyətə müraciətlə xahiş etdi: “Mümkünsə, Şə­kidən gələn qonağımız Baba Səmədova da söz verilsin”. Heydər Əliyev nüfuzedici nəzərləri ilə mənə baxıb gülümsündü və dedi ki, əlbəttə, Baba kişini hökmən din­ləməliyik, buyursun. 

Mən səhnəyə qalxdım. Heydər Əliye­vi çoxdan bəri görmədiyim üçün ilk olaraq ona yaxınlaşdım və ehtiramla salamlaşıb görüşdükdən sonra tribunaya keçdim. Təxminən belə bir çıxış etdim: “Hörmətli konfrans iştirakçıları, hamınıza məlum­dur ki, hazırda Azərbaycanda vəziyyət nə yerdədir. Ölkəmizin üstünü hər yer­dən qara buludlar alıb. Bunları görürük, ancaq daxildən üstümüzə yeriyən qara buludlar da var ki, onları aydın görə bilmi­rik, onlar da təhlükəlidir. Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün bizə yal­nız müdrik ağsaqqalımız, dünya şöhrətli siyasətçimiz Heydər Əliyev lazımdır, ayrı cür mümkün deyil. Yoxsa, indiki vəziyyət­də Azərbaycan yox ola bilər. Biz 3 nəfər bura Şəki rayonundan gəlmişik. Sizin hər biriniz kimi, respublikanın taleyi üçün narahatlıq keçirdiyimizə görə Şəkidən Bakıya, ordan da Naxçıvana gəlmişik ki, bu çətin günlərdə Heydər Əliyevə dəstək olaq, onu Azərbaycan rəhbərliyinə dəvət etdiyimizi, ağır iqtisadi-siyasi vəziyyətə düçar olmuş ölkəmizi xilaskar kimi yalnız ona etibar etdiyimizi bildirək”. 

Bunu deyəndə salonda alqışlar qop­du. Mən çıxışımı tamamlayıb, tribunadan düşdüm. Sonra YAP-ın Siyasi Şurasına seçilənlərin adları oxundu. Gördüm ki, mən də o siyahıya düşmüşəm. Bunu, yəqin ki, Ulu öndər özü məsləhət bilmiş­di. 

Konfransdan sonra YAP-ın sədri Heydər Əliyev başda olmaqla hamımız piyada Naxçıvan Şəhidlər xiyabanına getdik. Vətən yolunda şəhid olmuş igidlə­rimizi ziyarət edib, ruhlarına dualar oxu­duq. Sonra yenidən Naxçıvan Ali Məc­lisinin binasına toplandıq. Əslində, ora yalnız YAP Siyasi Şurasının üzvləri yı­ğılmalıydı, ancaq Ulu öndər el atası kimi yenə də böyüklük, ağsaqqallıq edərək dedi ki, hamı gəlsin, çünki burada hamı qonaqdır. Heydər Əliyev rəyasət heyətin­dən üzünü konfrans iştirakçılarına tutub, uzaqdan-yaxından gələnlərin hamısına təşəkkürünü bildirdi və bizə məsləhət­lərini verdi. Dedi ki, yerlərdə adamları partiyaya qəbul edin, ancaq könüllülük prinsipinə əməl olunsun. “Kimisə parti­yaya keçməyə məcbur etməyin, zorla ərizə yazdırmayın. Və kim sonradan fik­rini dəyişib, partiyadan çıxmaq istəyərsə, qətiyyən təzyiq göstərməyin, qoyun, çıx­sın. Partiya üzvlük haqqını kim vermirsə və ya verə bilmirsə, eybi yoxdur, məcbur etməyin. Yəni camaatla beləcə səmimi, mehriban rəftar eləyin”. 

Bu arada zalın qapısı döyüldü, Nax­çıvan aeroportunun rəisi icazə alıb, içə­ri keçdi və dedi ki, yoldaş Əliyev, Bakı­ya uçmalı olan təyyarəni saxlamışıq ki, bəlkə qonaqlardan paytaxta qayıtmaq istəyənlər var. Sərnişinlər uçuşun gecik­məsindən narahatdırlar. Ona görə get­mək istəyən varsa, sizin icazənizlə bu­yursunlar, gedək. 

Heydər Əliyev ayağa qalxaraq üzünü tədbir iştirakçılarına tutub dedi: 

– Yoldaşlar, bilirsiniz ki, xalqımızın çox gözəl bir adəti var – heç vaxt qonağa “get” demək olmaz. Ona görə də kim qal­maq istəyirsə, əlbəttə, qalsın, gedənlərə isə yaxşı yol, uğurlu fəaliyyət arzulayırıq. 

Biz – 3 nəfər Şəki nümayəndəsi aya­ğa qaxdıq, xudahafizləşmək üçün Heydər Əliyevə yaxınlaşdıq. O, mənimlə səmimi görüşüb-öpüşüb dedi ki, çox sağ olun, bu çətin məqamda Şəkidən durub Naxçıvana gəlmisiniz. Möhkəm olmaq lazımdır. 

Mən cavab verdim ki, yoldaş Əliyev, nə qədər ki Siz varsınız, biz həmişə möh­kəm olacağıq. Ayrılarkən bir də qucaq­laşdıq və astaca qulağıma pıçıldadı: “Siz gedin, mən də gələcəyəm!”. 

Elə də oldu. 7 aydan sonra – 1993-cü ilin iyununda böyük şəxsiyyət, xalqımızın Ümummilli lideri Heydər Əliyev Bakıya Azərbaycanımızın qüdrətli və qətiyyət­li, müdrik xilaskarı kimi qayıtdı. Odur ki, xalqımızın bu dahi oğlunun əziz və nurlu xatirəsi qəlbimizdə daim yaşayacaq.

 

Çapa hazırladı:
Rəhman ORXAN,
Əməkdar jurnalist



Siyasət