Ərəb dünyasının Ulu öndərə sevgi və ehtiramı

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi türk dünyasında olduğu kimi, ərəb ölkələrində də sevgi-sayğı ilə yad edilir. Bu yaxınlarda İordaniyada işıq üzü görmüş “Vətən və liderlik” adlı kitabda Ulu öndərin parlaq şəxsiyyətinə İslam aləmində verilən yüksək qiymət geniş əksini tapmışdır.

İqtisadi Əməkdaşlıq Təşkilatına Üzv Dövlətləri Jurnalistləri Assosi­asiyasının sədri, Əməkdar jurnalist, ərəb filologiyası üzrə fəlsəfə doktoru Fazil Güney dost ölkədən ona gön­dərilmiş yubiley nəşri barədə XQ-yə açıqlamasında bildirdi:

– Ötən yüzilliyin 70-ci illərində müsəl­man Şərqinin dövlət başçıları arasında dünya şöhrətli siyasətçi olması ilə se­çilərək böyük nüfuz qazanmış, örnəyə çevrilmiş Heydər Əliyevin adı, fəaliyyəti çoxmilyonlu ərəb ictimaiyyəti arasında da böyük ehtiramla yad edilir. Bu uzaq­görən dövlət xadiminin tövsiyələrinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi son 2 əsrdə ərazilə­rinin xeyli hissəsini itirmiş Azərbaycanın Qarabağı işğaldan xilas etməsi müstəm­ləkə və işğalların acısını kifayət qədər yaşamış İslam dünyasının liderləri üçün də gerçək nümunə olmuşdur. 

Öz ölkələrində Heydər Əliyev kimi onun yetirməsi – millətinin, dövlətinin xi­laskarı Prezident İlham Əliyev kimi döv­lət başçılarını görmək çoxlarının arzusu idi. İllərdir təmasda olduğum ərəb jurna­listləri, diplomatları, yazıçıları və sadə vətəndaşları ilə söhbətləşəndə bunun şahidi olmuşam.

Bu yaxınlarda İordaniyanın tanınmış araşdırmaçı jurnalisti Bakıdakı İƏT Üzv Dövlətləri Jurnalistləri Assosiasiyasının Məşvərət Şurasının üzvü Omar Əl Ar­muti İordaniyanın Azərbaycandakı səfir­liyi vasitəsilə Ulu öndərin 100 illiyi müna­sibətilə nəşr etdikləri “Vətən və liderlik” kitabını mənə göndərmişdir. Bu, onun Azərbaycanla bağlı üçüncü kitabıdır. Omar Əl Armutinin nəşr etdirdiyi “Dağ­lıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” və “Azərbaycanla İordaniyanın əlaqələrində mühüm mülahizələr” adlı kitabları 2018 və 2019-cu illərdə assosi­asiyamız tərəfindən ərəbcədən dilimizə çevrilərək nəşr edilmiş, Bakıdakı əcnəbi səfirliklərin əməkdaşlarının, ictimaiyyə­tin və mətbuat təmsilçilərinin qatıldığı dəyirmi masalarda müzakirə olunmuş, mətbuatda və TV kanallarında işıqlan­dırılmışdır. 

Adlarından göründüyü kimi, çox əhatəli olan bu kitabların torpaqlarımı­zın işğal altında olduğu və hayların ərəb kapitalını Hayastana cəlb etmək üçün dəridən-qabıqdan çıxdığı dönəmlərdə nəşr edilib ərəb aləmində yayılmasının böyük önəmi vardır. 

Dost ölkədə 2023-cü ildə nəşr edilmiş, üz qabığında Ulu öndər Heydər Əliyevlə Prezident İlham Əliyevin şəkilləri olan, Azərbaycan bayrağı və gerbi ilə açılan bu sonun­cu kitab haqqında oxucularımızı bil­giləndirən həmkarımız daha sonra dedi: 

– Azərbaycan coğrafiyası, tarixi, çağdaş dünyamızdakı yeri, uluslara­rası əlaqələri, ordusu, iqtisadiyyatı, kommunikasiya vasitələri, ölkədə tu­rizmin inkişafı, ictimai-mədəni həyatı, azərbaycanlıların problemləri fonunda Ümummilli lider Heydər Əliyevin və Pre­zident İlham Əliyevin ictimai-siyasi fəa­liyyətləri geniş şəkildə 12 fəsildə təsvir olunmuşdur. 

Kitabı təqdim edən İordaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Abdul Munin Nahar belə təşəbbüslərin əlaqələrimizin inkişafında çox gərəkli olduğunu vurğuladı. 

Kitabın tərtibatçıları istər əski çağ­lardakı təzkirəçilərin, istərsə də çağdaş ərəb dünyasından qələm sahiblərinin Azərbaycan haqqında yazdıqlarından iqtibaslar gətirirlər. İraqdan Dr. Moutaz Muhy Abdulhamid arxasında Rusiya və Fransanın dayandığı, bütün xristian dünyasının kömək etdiyi, otuz ilə yaxın əzəli Azərbaycan torpağı Qarabağı iş­ğal altında saxlamış Ermənistanı 44 günlük müharibədə məğlub edib ərazi­sini azad etməsindən müxtəlif mətbuat orqanlarında çox yazmışdır. 

Ulu öndərin yubileyinə həsr olunmuş İordaniya nəşri 44 günlük Vətən müha­ribəsindən sonra daha da şöhrətlənmiş Azərbaycan haqqında çoxmilyonlu ərəb oxucusu üçün mükəmməl bilgi mənbə­yidir.

 

Hazırladı:
Fidan SALMANOVA
XQ

Sosial həyat