Absurdustan

post-img

Hayastan fırtınada səmtini itirmiş qayığa bənzəyir

Hər yerdən və hər tərəfdən ümidi kəsilməkdə olan İrəvan üz tutub imdad diləmək üçün yeni-yeni ünvanlar axtarışındadır. Ermənistan hakimiyyətinin BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) müraciətinə məhz bu baxımdan yanaşmaq daha məntiqli olar. Fəqət onun planetin Ali femidası qarşısında Azərbaycana qarşı qaldırdığı 10 iddiasından 7-sinin rədd edilməsi həmin müraciətin yersizliyini, səmərəsizliyini deməyə əsas verir. 

Ermənistanın ölkəmizə qarşı irəli sürdüyü, amma BƏM-in 17 noyabr 2023-cü il tarixli qərarı ilə rədd edilən iddialarından biri Azərbaycanın hərbi və hüquq-mühafizə orqanlarının Qarabağ bölgəsindən çıxarılması ilə bağlı olub. Yəni rəsmi İrəvan Azərbaycanın suveren ərazisindən özünün dövlət atributu sayılan hüquq-mühafizə qurumlarını çıxarması kimi heç bir hüquqa və məntiqə sığmayan gülünc və absurd iddia da qaldırıbmış. Bu iddia təmin edilməsə də, Azərbaycanın Qarabağı tərk etmiş və geri qayıtmaq istəyən ermənilərə şərait yaratmaq öhdəliyi qəbul edilib. Məgər Bakı həm antiterror tədbirindən əvvəl, həm də onun gedişində ən yüksək səviyyədə bunu etməyə hazır olduğunu bildirməyib? Ermənistan hakimiyyətinin bunun üzərindən “Azərbaycan Qarabağ ermənilərinin geri qayıtmasını təmin etməlidir” iddiası hansı hüquqi müstəvidə və necə tövsif oluna bilər? Bu, hüquqi nonsens olmaqla yanaşı, sadəcə absurddur. 

Qarabağın erməni əhalisi geri qayıtmaq niyyətində deyil, əslində, onların qayıtması heç İrəvanın özünə də sərf eləmir. İndi onların hamısına “qaçqın statusu” verən Ermənistan hökuməti məhz siyasi və iqtisadi maraqlarına görə bunu istəmir. Əsas məqsəd “Qarabağın erməni əhalisindən” Bakıya qarşı siyasi təzyiq aləti kimi istifadə etməkdir. Elə bunun da absurddan başqa adı yoxdur. 

BƏM-in qərarında diqqəti cəlb edən maraqlı bir məqam da var: “Azərbaycan hökuməti Qarabağın erməni əhalisinin bütün qeydiyyat sənədlərinin, şəxsiyyətini təsdiq edən sənədlərin və xüsusi mülkiyyət sənədlərinin saxlanmasını təmin etməlidir”. Əvvəla, Qarabağın erməni əhalisinin şəxsiyyətini təsdiqləyən sənəd Ermənistan Respublikasının pasportu və Xankəndidəki keçmiş qondarma rejimin saxta “pasportları”dır. Bölgədən İrəvan ətrafına köçən ermənilər həmin sənədləri özləri ilə aparıblar. İndiki mövcud durumda Azərbaycan tərəfi həmin sənədləri harada və necə qoruyub saxlamalıdır və bunu praktiki olaraq hansı formada həyata keçirə bilər? Axı, bu, mümkün deyil. Bu da İrəvanın növbəti absurdudur. 

O mülklərin sənədləri hardadır? 

Məsələnin sırf hüquqi tərəfinə nəzər yetirsək, aydın olar ki, Azərbaycanın suveren ərazisində başqa ölkənin, yaxud hansısa qondarma rejimin “pasportlarının” şəxsiyyəti təsdiqləyən sənəd kimi mövcudluğu beynəlxalq hüquqla bir araya sığmır. Yəni, BAM-ın qərarındakı bu tələb sadəcə kağız üzərindəki “qeyddir”.  Erməni əhalisinin xüsusi mülkiyyət sənədləri ilə bağlı məsələdə də xeyli suallar və müəmmalar özünü göstərir. Çünki İrəvanın “Qarabağın erməni əhalisi” dediyi toplumun böyük bir qismi işğal dövründə kənardan (Suriya, Livan, İran, Rusiya və s. -red.) Azərbaycan ərazisinə qanunsuz olaraq köçürülənlərdir. Bu “çağırılmamış qonaqların” bir çoxu doğma yurdundan qovulan soydaşlarımızın mülklərini ələ keçiriblər. Bəs onlara mülk sənədini – “kupçanı” hansı legitim idarə verib?  Azərbaycanın aidiyyatı hökumət qurumlarının əlində belə faktlar yetərincədir. 

Yuxarıda sadaladığımız fakt və arqumentləri diqqətlə nəzərdən keçiriləndə aydın olur ki, BAM-ın məlum qərarı hüquqi-əməli müstəviyə yeni nəsə əlavə etmək, yaxud nəyisə dəyişmək iqtidarında deyil. İntəhası, qərara əsasən Azərbaycan 8 həftə ərzində ermənilərin hüquqlarının təmin edilməsi və görülən tədbirlər barədə BAM-a hesabat təqdim etməlidir. Çox güman ki, rəsmi Bakı həmin hesabata işğal dövründə bölgəyə qanunsuz köçürmələrlə yanaşı, bölgəni tərk edən “qaçqınların” böyük hissəsinin, ümumiyyətlə, Qarabağa aidiyyəti olmadığı faktlarını, o cümlədən, hayların mənimsədiyi mal-mülkün Azərbaycan vətəndaşlarına məxsusluğuna dair sənədləri də daxil edə bilər. Onda BƏM İrəvanın uğradığı hüquqi-siyasi absurdun daha bir variantı ilə üzləşməli olacaq.    

Ermənistanın Ali femidadan törətdikləri hərbi cinayətlərə görə saxlanılan və barələrində cinayət işi qaldırılaraq ittiham irəli sürülən, separatçı rejimlə birbaşa əlaqəli şəxslərin azad edilməsi ilə bağlı daha bir absurd tələbi təmin edilməyib. O cümlədən, Azərbaycanın İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya (CERD) öhdəliklərinin pozuntusu Məhkəmə tərəfindən təsdiqlənməyib və bununla bağlı Ermənistanın iddiası rədd edilib.

Qərarda yazılanları Bakı özü həyata keçirir 

Azərbaycan XİN Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli müvəqqəti tədbirlər barədə qərarına münasibət bildirib. Mətbuat üçün məlumatda qeyd olunur ki, BƏM-in Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edən, Ermənistanın Azərbaycanın Qarabağ üzərində uzun müddətdir qəbul edilmiş və beynəlxalq səviyyədə tanınmış suverenliyini şübhə altına alan tələbini rədd edən qərarını alqışlayırıq. “Həmçinin diqqətəlayiq haldır ki, Məhkəmə Azərbaycanın bütün hərbi və hüquq-mühafizə orqanlarının şəxsi heyətinin Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbini də rədd edib. Məhkəmə tərəfindən qeyd olunan tədbirlər Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edir. Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir” – deyilən məlumatda Azərbaycanın heç vaxt erməni sakinlərini Qarabağdan çıxarmadığı, əksinə, regionu tərk etməmək barədə Azərbaycanın çağırışlarına baxmayaraq, onların Ermənistana və digər ölkələrə köçmək qərarını müstəqil qəbul etdikləri nəzərə çatdırılır. 

XİN-in məlumatında daha sonra qeyd olunur ki, BƏM-in Ermənistanın BMT agentliklərinin Qarabağ bölgəsinə səfərini asanlaşdırmaq və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığa dair tələbi ilə bağlı heç bir tədbir görməyi tələb etməməsi faktı Azərbaycanın bu sahədə göstərdiyi açıqlığın və əməkdaşlığın etirafıdır: “Bu, ölkəmizə qarşı irəli sürülən bütün ittihamları mahiyyətcə əsassız edir”.

Məlumatda, həmçinin Azərbaycanın milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq şəxsi mülkiyyəti, mədəniyyət abidələrini, artefaktları, habelə qeydiyyat sənədlərini qoruduğu vurğulanır. Beləliklə, Məhkəmənin bu sahələri qeyd etməsi eyni zamanda Azərbaycanın həyata keçirdiyi tədbirlərin təsdiqidir.

Azərbaycan XİN-in açıqlamasında qətnamənin bu müddəası xüsusi olaraq vurğulanır: “Məhkəmə Ermənistanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvədə olan maddələrinə uyğun olaraq hərbi təcavüz, separatizmi qızışdırmaq, terror aktları və s. ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Azərbaycanın istintaq tədbirlərinə dair Ermənistanın iddiasını eyni şəkildə təmin etməyib. Azərbaycan Ermənistanın və bütün digər tərəflərin qanuni istintaq tədbirlərinə müdaxiləsini dayandıracağını gözləyir”.

Əsassız iddialar

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 17 noyabr tarixli müvəqqəti tədbirlər barədə qərarına ombudsman Səbinə Əliyeva da münasibət bildirib. Bununla bağlı Ombudsman aparatının açıqlamasında deyilir: “BƏM “İrqi ayrı-seçkiliyin bütün formalarının qarşısının alınması haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı müvəqqəti tədbirlər barədə qərar Ermənistanın Azərbaycana qarşı əsassız iddialarını hüquqi müstəvidə bir daha təkzib etmiş oldu. Ölkəmizə qarşı müxtəlif platformalarda irəli sürülən ittihamyönümlü fikirlərin əksəriyyəti BƏM tərəfindən rədd edilməklə yanaşı, bu fikirlərin hər hansı faktoloji əsasının olmadığını bir daha təsdiqlədi”. S.Əliyeva, həmçinin qeyd edib ki, Azərbaycan dövləti tərəfindən davamlı olaraq Qarabağın erməni əsilli sakinlərinin hüquqlarının təmini ilə əlaqədar beynəlxalq hüquqi öhdəliklərinə sadiqliyini bəyan edən çağırışlar edilir, həmin şəxslərin təhlükəsizliyinə və humanitar ehtiyaclarının qarşılanmasına təminat veriləcəyi yüksək səviyyədə bildirilir, erməni əsilli sakinlərin reinteqrasiyası istiqamətində əməli addımlar atılır.

* * * 

Ermənistanın son vaxtlar Qərbdən və okeanın o tayından start fiti verilən anti-Azərbaycan kampaniyasında istifadə etdiyi vasitə və üsullara, heç bir məntiqə sığmayan siyasi avantüralara ötəri nəzər yetirmək kifayətdir ki, bu işlərə qol qoyanın dəqiq adını müəyyənləşdirəsən – Absurdistan!  

Yazımızın əvvəlində dənizə çıxışı olmayan Ermənistanı yolunu azmış qayığa bənzətdiyimizə görə oxucu bizi qınamasın. Bu bənzətmə sanki Paşinyan iqtidarının boyuna biçilib. Çarəsizlik burulğanında çapalayan “Hayastan qayığı” qarşıda üzləşə biləcəyi daha betər fırtınalardan özünü qorumaq üçün yolu və hədəfləri tam aydın Azərbaycan adlı təhlükəsiz gəminin yedəyinə qoşulmaqdan savayı optimal qurtuluş variantı görünmür...   

Fikrət SADIXOV, 
siyasi analitik

Ondan başlayaq ki, erməniləri Qarabağdan heç kim qovmayıb. Onlar öz maşınlarında sərbəst, rahat şəraitdə bölgəni tərk ediblər. Yəni, rəsmi İrəvanın Qarabağ ermənilərinin guya departasiya olunması ilə bağlı iddiaları cəfəngiyyatdan başqa heç nə deyil. Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələrə qarşı antiterror tədbirini həyata keçirəndə paralel olaraq müvafiq bəyanatlar da verirdi. Qarabağı tərk etməmələri ilə bağlı hətta bizim kütləvi informasiya vasitələrimiz erməni dilində müraciətlər səsləndirirdi. Azərbaycan hakimiyyətinin onların təhlükəsizliklərinə təminat verdiyi, normal yaşamalarına şəraitin yaradılacağı açıqlanırdı. İndi Ermənistan ən müxtəlif yollara əl atmaqla, o cümlədən məhkəmə vasitəsilə Azərbaycana siyasi təzyiq göstərməyə cəhdlər edir. 

Görünür, bu taktika Paşinyan iqtidarının yeni tapıntısıdır. Amma ortada konkret və mövcud reallıq var və bunu nəzərə almamaq mümkün deyil. Sadəcə olaraq, qərəzli və həqiqətə söykənməyən iddialar, təbii ki, Bakı tərəfindən rədd olunur. Eyni zamanda, Azərbaycanı hansısa milli ayrıseçkilikdə, departasiyada günahlandırmaq olduqca subyektiv və əsassız mövqeyin nümayişidir. Mənə elə gəlir ki, bunu Paşinyanın özü də çox yaxşı bilir. Amma görünür, vəziyyəti o dərəcədə çətinləşib ki, digər metod və vasitələrdən yararlanmaq imkanından məhrum olub.       

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı, politoloq

Hazırda ermənilər əlləri çatan hər yerə müraciət etməklə, yəni vurnuxmaqla  məşğuldurlar. Əlbəttə ki, bunu çarəsizlikdən edirlər. Düzdür, məhkəmə siyasi deyil, hüquqi qurumdur. ABŞ senatı, konqresi, Avropa Şurası, Parlament Assambleyası kağız parçası olan bəyanatlarını səsləndirə bilərlər. Halbuki, heç birinin hüquqi qüvvəsi və nəticəsi yoxdur. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə gəldikdə isə demək lazımdır ki, orada bu məsələlərə ehtiyatla yanaşırlar. Belə ciddi yanaşmanın nəticəsidir ki, Ermənistanın on idiasından yeddisi rədd olunub. Düzgün qərardır, çünki ermənilərin istəkləri digər dövlətin suverenliyinə qarşı yönəlmişdi. Beynəlxalq Məhkəmənin çıxardığı qətnamədə yer alan məsələlər barədə onu deyək ki, Azərbaycan bu qərar olmadan da həmin məsələləri həyata keçirirdi. Sadəcə olaraq ermənilər bununla bağlı müraciət ediblər. Məhkəmə beynəlxalq hüquq çərçivəsində qorunmalı olan məsələləri təsdiqləyib. 

Qarabağ ermənilərinin geri qayıtmaları, buradakı mülk və əmlaklarına sahib çıxmaları, digər hüquqları onsuz da Azərbaycan tərəfindən qorunurdu. Bu baxımdan Beynəlxalq Məhkəmə bizim boynumuza əlavə heç bir öhdəlik qoymur. Avropanın və ABŞ-ın siyasi qurumlarından fərqli olaraq, Beynəlxaq Məhkəmə özünün peşəkar səlahiyyətinə, beynəlxalq imicinə hörmətlə yanaşıb.       

 

İmran BƏDİRXANLI 
XQ

 





Siyasət