Xankəndidəki bayrağımızın bahar rəngləri indi külli Qarabağın payızını təravətləndirir

post-img

Qalib Azərbaycan Ordusunun qətiyyətli və müdrik sərkərdəsi otuz il görmək istədiyimiz, amma görə bilmədiyimiz kənd və şəhərlərə Dövlət Bayrağımızı sanca-sanca gedir. Müzəffər Azərbaycan əsgəri öz ərazimizdə, öz dövlətimizin büdcəsi hesabına tikilmiş “obkom” binasında oturaraq, xalqımıza və dövlətimizə qarşı həqarətlər yağdıran şeytanlar ordusunu darmadağın etmiş, həmin ərazilərdə öz Dövlət Bayrağımızın ucaldılmasına zəmin yaratmışdır. İndi həmin yerlərdə bayraqlarımız dalğalanır. Bu, möcüzə yox, reallıqdır. Ancaq bizim üçün ən qeyri-adi möcüzədən də heyrətamizdir. 

Bayrağımız Xan babamızın yurdunda 

Biz bu diyarın vüsalına çatacağımı­za ona görə inanmırdıq ki, çoxsaylı xə­yanətlərinin, namərdliklərinin və çirkin əməllərinin nəticəsi olaraq lənətlənmiş ermənilərin ordusuna havadarlıq edən, ona “qorxma, qorxma” deyənlər çox idi, lap çox. Üstəlik, təkcə “qorxma” demir­dilər, həm də terror və təxribatlar törət­məkdə “ustalıq” statusu qazanmış ya­rım-vəhşi qəbiləyə hərtərəfli yardım edir, silah-sursat göndərirdilər. Onlar Azər­baycanın haqq səsini eşitmək istəmir, işğala və işğalçıya bəraət qazandırma­ğa çalışırdılar. Bilavasitə bu münaqişə­nin həll edilməsi üçün yaradılmış keçmiş Minsk qrupu isə sadəcə olaraq, Azər­baycanın başı altına yastıq qoymaq, bizi mövcud vəziyyətlə barışdırmaq məsədi güdürdü. Ona görə də bu münaqişənin ədalətli şəkildə həlli bizə müşkül görü­nürdü.

Ancaq biz inana bilməsək də, həm ulu öndər Heydər Əliyev, həm də Pre­zident İlham Əliyev buna daim əmin idilər və xalqa da ümid verirdilər ki, biz öz ərazi bütövlüyümüzü bərpa edə­cək, məcburi köçkünlərimizin ata-baba yurdlarına qayıtmasına nail olacağıq. Azərbaycanın bugünkü reallıqları məhz həmin uzaqgörənlik və prinsipiallıqların nəticəsidir. 

“Xalqa söz vermişdim ki,..”

Dövlət başçımız oktyabrın 15-də iş­ğaldan azad edilmiş Xankəndi şəhərin­də Azərbaycan Bayrağını qaldırarkən xatırlatdı ki, mən ilk dəfə prezident se­çilərkən xalqa söz vermişdim ki, Azər­baycan dövlətinin milli maraqlarını müdafiə edəcək, ölkəmizin ərazi bütöv­lüyünü qoruyacağam: “Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and iç­mişdim. Şadam ki, son 20 il ərzində ver­diyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

Mənim də yadımdadır. Cənab Pre­zident 2003-cü ildəki seçkinin nəticələri elan ediləndən sonra xalqın qarşısına çıxmış, insanlarla səmimi söhbət et­mişdi. Demişdi ki, mənim əsas vəzifəm Azərbaycan Bayrağının o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılmasından ibarətdir. Dedi və əməl etdi. 

Cənab Prezident ona görə dedik­lərini reallığa çevirə bilir ki, xalq ona inanır, etimad göstərir və hər addımda dəstəkləyir. Ona görə də dövlət başçı­mız Xankəndidə xatırlatdı ki, bu gün bu­rada olmağımızın əsas səbəbkarı Azər­baycan xalqıdır, Azərbaycan övladıdır: “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhid­lərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq”. 

Problem bizim Heydər Əliyevsiz keçən illərimizdə körüklənmişdi 

Dövlət başçımızın Xankəndidəki çıxışının bütün müddəaları bizim üçün maraqlı və əlamətdar olsa da, bəzi məqamlar var idi ki, onları məhz xü­susilə vurğulamalıyıq. Məsələn, döv­lət başçımız xatırlatdı ki, indi üstündə Azərbaycan Gerbi görünən, qarşısında Dövlət Bayrağımız dalğalanan bu bina keçən əsrin 60-cı illərində Azərbaycan büdcəsi hesabına inşa edilmişdir. O vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti partiya komitəsinin binası idi? “Vaxt var idi bu­rada azərbaycanlılarla ermənilər dostluq şəraitində yaşamışlar. Vaxt var idi nəinki Xankəndidə, Qarabağda, Bakıda, Gən­cədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbay­canlılar və ermənilər dostluq şəraitində yaşamışlar. Mən o illəri xatırlayıram və xüsusilə Heydər Əliyev sovet Azər­baycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkil­mişdi. Düz 18 il. 1969-cu ildən 1982-ci ilə qədər bir dənə də xoşagəlməz hala rast gəlinməmişdi”. 

Yenə də Fransa…

Məlum olduğu kimi, 1987-ci ildə Hey­dər Əliyev öz vəzifəsindən kənarlaşdırıl­dı, Sovet İttifaqı Kommunist Partiyası­nın büro üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifə­sindən kənarlaşdırılmasından iki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Mux­tar Vilayəti Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı, Fransanın bir qəzetin­də. Yenə də Fransa…

Prezidentin fikrincə, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb.

Üç təlxək və təcridxana çayı…

Cənab Prezident qarşısında daya­naraq çıxış etdiyi binanı göstərərək dedi ki, bu binada ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Üstəlik, xatırlatdı ki, bəzi separatçı və terrorçu ermənilər vaxtilə Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haq­lı çıxdılar: “Onların tankları Hərbi Qə­nimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təc­ridxanasında. Özünü “prezident” adlan­dırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə təmkinlə hər şeyə yanaşdığımız kimi, bu məsələyə də təm­kinlə və səbirlə yanaşırdıq”. 

Bəli, vaxtilə özünü “prezident” ad­landıran 3 təlxək bu gün layiqli cəzasını gözləyir. Özünü Qarabağın “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan bayrağını Xankəndidə qaldırmaq istə­yirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim bayrağımız isə məhz Xankəndidə dalğalanır. Təbii ki, biz bununla fəxr edir, qürur duyuruq. 

Ancaq fikrimizcə, bu gün ən çox fəxr etməli insan məhz üçrəngli bayrağımı­zın Xankəndiyə gedən yolunu qısaltmış və onu bütün dünyanın görə biləcəyti zirvələrə qaldırmış möhtərəm Prezi­dentimiz, Ali Baş Komandanımız İlham Əliyevdir. Elə dövlət başçımız özü də bu faktı etiraf edir: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmı­şam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün bu­rada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi ya­şayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Bayraqlaşan Qarabağ 

…Bu gün Azərbaycanın bütün yaşa­yış məntəqəllərində, dövlət müəssisələ­rində, xarici ölkələrdəki diplomatik nü­mayəndəliklərimizdə, üzvü olduğumuz beynəlxalq təşkilatların önündə Azər­baycan Bayrağı dalğalanır. Hətta, kos­mosdakı rabitə peyklərimizin üzərində də üçrəngli, ay-ulduzlu müqəddəs dəyə­rimizin şəkili var. Ancaq mənim fikrimcə, Xankəndidə dalğalanan bayrağımızın bəxtəvərliyi özgə aləmdir. Allah əbədi eləsin!

İttifaq MİRZƏBƏYLİ
“XQ”

 

Siyasət