Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Xankəndiyə, həmçinin Qarabağın digər rayon və şəhərlərinə səfəri, orada ölkəmizin üçrəngli Bayrağını ucaltması və çıxışında səsləndirdiyi fikirlər dünya mediası tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Anadolu Agentliyi, “TRT Haber”, “NTV”, Haber Global, “Hürruyet”, “CNN türk”, “İHA”, “Sözcü”, “Habertürk”, “YeniAkit”, “Yeniçağ”, “Sabah” və bir çox digər media qurumları tərəfindən yayımlanan xəbərlər “Xankəndidə Azərbaycan Bayrağı ucaldıldı”, “Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə və Xocalıda qaldırıb” kimi başlıqlarla verilib.
Materiallarda Azərbaycanın Qarabağdakı erməni silahlı qruplaşmalarına qarşı apardığı qətiyyətli mübarizənin qələbə ilə nəticələnməsi, bunun ardınca Prezident İlham Əliyevin oktyabrın 15-də bölgənin mərkəzi şəhəri olan Xankəndidə Azərbaycan Bayrağını ucaltmasından söz açılıb. Bunun tarixi hadisə kimi mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Xəbərlərdə, həmçinin “Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı işğalçı rejimin vaxtilə “paytaxt” hesab etdiyi Xankəndi şəhərində və 1992-ci ildə 613 dinc sakinin qətlə yetirildiyi Xocalıda Azərbaycan Bayrağını ucaldıb”, “Azərbaycan Ordusunun Qarabağda separatçı ermənilərə qarşı başlatdığı antiterror tədbirləri 24 saat ərzində qələbə ilə nəticələndikdən sonra Prezident İlham Əliyev Azərbaycanın nəzarətində olan rayonlara səfər edib”, “Azərbaycan Ordusunun sentyabrın 19-da başlatdığı və 24 saat ərzində qələbə ilə nəticələnən tədbirlərdən sonra Azərbaycan nümayəndələri ilə Qarabağdakı erməni əhalisinin nümayəndələri arasında dialoq prosesi başlayıb”, “Azərbaycanın Qarabağ bölgəsində qondarma rejim sentyabrın 28-də özünü buraxdığını açıqlayıb” kimi informasiyalar oxuculara çatdırılıb.
“Sabah” portalının yaydığı məlumatda Prezident İlham Əliyevə istinadla bildirilib: “Burada (Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin binası – red.) oturmuş özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir”.
“YeniAkit” saytının yaydığı məqalədə Prezident İlham Əliyevin bu fikirləri yer alıb: “Bu gün burada (Xankəndi – red.) olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq”.
Məqalədə dövlətimizin başçısının iyirmi il bundan əvvəl Prezident kimi vəzifə borcunu yerinə yetirməyə başladığı zaman Azərbaycan Bayrağını o vaxt işğal altında olan bütün ərazilərdə qaldırılmasını qarşısına bir nömrəli vəzifə olaraq qoyduğu vurğulanıb.
“Sözcü” qəzetində yer alan yazıda isə Azərbaycan Prezidentinin Xankəndi şəhərindəki çıxışından bu sitat gətirilib: “Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.
Rusiyanın “Moskovski komsomolets” nəşri bu xəbəri Azərbaycan Prezidentinin rəsmi saytına istinadla yayıb. Eyni zamanda, nəşr Prezident İlham Əliyevin Ağdərədə də Azərbaycan Bayrağını ucaltdığını qeyd edib.
Rusiya Dövlət Dumasının rəsmi nəşri olan “Parlamentskaya qazeta” xatırladır ki, Azərbaycan Ordusu sentyabrın 19-da antiterror tədbirləri keçirib və nəticədə sentyabrın 28-də qondarma “Dağlıq Qarabağ respublikası”nın buraxılması barədə sənəd imzalanıb.
TASS agentliyi yazır ki, 20 il əvvəl məhz bu gün İlham Əliyev Azərbaycan Prezidenti seçilib. Dövlətimizin başçısının Xankəndidəki çıxışından fikirlərə yer ayıran agentlik qeyd edir ki, Prezident İlham Əliyev 20 il əvvəl xalqa müraciətində Azərbaycan xalqının və dövlətinin maraqlarını daim qoruyacağına söz vermişdi. “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”, - deyə dövlətimizin başçısının çıxışından sitat gətirilib.
“Vedomosti” nəşri qeyd edir ki, Azərbaycanın keçirdiyi antiterror tədbirlərindən sonra sentyabrın 21-də Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri və Azərbaycan hakimiyyətinin nümayəndələri arasında görüş keçirilib. Nəşr vurğulayır ki, qondarma qurumun buraxılmasından sonra Azərbaycan Prezidenti regionda sülh müqaviləsinin imzalanması üçün daha münasib şəraitin yarandığını qeyd edib. “Vedomosti” AZƏRTAC-a istinadla dövlətimizin başçısının Xankəndidə üçrəngli Bayrağımızı ucaltdığını da diqqətə çatdırır.
“NTV” telekanalının xəbərində bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev respublikanın üçrəngli Bayrağını Qarabağın “paytaxtı”nda ucaldıb. Telekanal Qarabağ ətrafında baş verən son hadisələri xatırladaq yazır ki, bir neçə raund davam edən danışıqlardan sonra tərəflərin region əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası barədə razılığa gəliblər.
“REN TV” telekanalı AZƏRTAC-a istinadla yaydığı xəbərdə Prezident İlham Əliyevin Xankəndidə Dövlət Bayrağını ucaltdığı vurğulanır. Diqqətə çatdırılır ki, eyni vaxtda Xankəndidəki inzibati binanın üzərində Azərbaycanın Dövlət Gerbi də quraşdırılıb.
Digər Rusiya telekanalı olan “TVTS”nin materialında Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə Dövlət Bayrağını ucaltdığını, eləcə də Suqovuşan qəsəbəsində istirahət parkının açılışında və Suqovuşan su anbarının istismara verilməsi mərasimində iştirak etdiyi bildirilir.
“Arqumentı i faktı” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə Dövlət Bayrağını ucaltmasını mühüm hadisə kimi qiymətləndirib. Materialda qeyd olunur ki, Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni əhalisinin reinteqrasiyasının ətraflı planını təqdim edərək, onların bütün hüquqlarının və təhlükəsizliyinin təmin olunacağına vəd verib.
“Veçernyaya Moskva” qəzeti də Xankəndidə Dövlət Bayrağımızın ucaldılması xəbərini AZƏRTAC-a istinadla yayıb. Qəzet vurğulayır ki, Azərbaycan Prezidenti İlham Əliyev məhz Fransanın Ermənistanı silahlandırması nəticəsində regionda yeni silahlı qarşıdurma baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Bundan əlavə, “Qazeta.ru”, “Kommersant”, “Rossiyskaya qazeta”, “Voennoye delo”, “İnterfaks”, “Fontanka.ru”, “İzvestiya” və bir çox digər Rusiya nəşrləri də Azərbaycan Prezidentinin Xankəndiyə səfəri və çıxışını geniş işıqlandırıb.
Azərbaycan Prezidentinin Qarabağa səfəri Bosniya və Herseqovina mediasının diqqət mərkəzində olub.
Bu ölkənin “Fena”, “Slobodna Bosna”, “Federalna”, “Dnevnik”, “Avaz”, “Vijesti” və “Hayat” kimi informasiya agentliklərinin yaydığı xəbərlərdə Prezident İlham Əliyevin Xankəndi şəhərinə səfərinə geniş yer ayrılıb. Yazılarda Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdığı və çıxış etdiyi diqqətə çatdırılır.
Bildirilir ki, Azərbaycan Prezidenti 1990-cı illərdən erməni separatçılarının nəzarəti altında olan Xankəndiyə ilk dəfə səfər edib. Bu səfər İlham Əliyevin Azərbaycan Prezidenti olmasından düz 20 il sonraya təsadüf edib. Vurğulanır ki, Prezident İlham Əliyev hakimiyyəti dövründə Qarabağı yenidən Azərbaycanın nəzarəti altına alacağına söz vermişdi.
Yazılarda, həmçinin Azərbaycan Ordusunun sentyabrın 19-da bölgədə həyata keçirdiyi antiterror tədbirləri də xatırladılır.
Serbiyanın “Tanjug”, “Danas”, “Politika”, “24 Sedam”, “Blic”, “Pravda”, “Nova”, “Vesti”, “Srbija Danas”, “n1info”, “NSPM”, “021.rs” kimi informasiya agentlikləri və xəbər portallarında, eləcə də Rumıniyanın “StiriPeSurse” xəbər portalı, “Financialİntelligence”, “Viata Libera” nəşrləri, “Agerpres” milli xəbər agentliyi, “Mediafax” informasiya agentliyi, “Digi 24” televiziya kanalı və digər nüfuzlu media orqanlarında yayılan materiallarda da Prezident İlham Əliyevin Azərbaycanın üçrəngli Dövlət Bayrağını Qarabağın ən böyük şəhəri olan Xankəndidə ucaltdığı və çıxış etdiyi vurğulanır.
Bildirilir ki, İlham Əliyev prezidentliyi dövründə ilk dəfə olaraq 1990-cı illərdən erməni separatçılarının nəzarəti altında olan Xankəndiyə səfər edib. Prezident İlham Əliyev Sərsəng su anbarının ərazisində, Ağdərə, Xocalı, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində Azərbaycanın Dövlət Bayrağını ucaldıb, Qarabağın digər yaşayış məntəqələrində - Şuşa rayonunun Malıbəyli kəndində və Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.
Yazılarda diqqətə çatdırılır ki, Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınsa da, 1988-ci ildə Azərbaycan SSR-dən ayrılmış və altıillik münaqişədən sonra 1994-cü ildə etnik erməni qüvvələrinin nəzarətində olan separatçı “dövlət”ə çevrilmişdi. 2020-ci ildəki Vətən müharibəsi və Azərbaycan Ordusunun sentyabrın 19-da bölgədə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri separatçıları regionun qalan hissəsini tərk etməyə məcbur edib, ərazi tam nəzarətə götürülüb. Sentyabrın 20-də saat 13:00 radələrində antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib. Azərbaycanın mərkəzi hakimiyyətini təmsil edən rəsmilərlə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında görüşlər keçirilir, Azərbaycan hökuməti bölgəni tərk etməyən erməni əhali üçün reinteqrasiya planını açıqlayıb.
Bundan başqa, Azərbaycan Prezidentinin daha əvvəl Ermənistanı regionda bütün kommunikasiyaları bərpa etməyə çağırdığı, o cümlədən Zəngəzur dəhlizinin açılmasının bölgə ölkələri üçün vacibliyini vurğuladığı oxucuların diqqətinə çatdırılır.
Fransanın “lorientlejour.com və Əlcəzairin “algerie9.com” portalları da Azərbaycan Prezidentinin Qarabağın bir çox şəhərlərində Azərbaycanın Bayrağını ucaltmasına dair informasiyalar yayıblar.
AZƏRTAC-a istinadla yayımlanmış xəbərlərdə Prezident İlham Əliyevin Xankəndi, Əsgəran və Ağdərədə Azərbaycan Bayrağını ucaltmasına toxunulub. Vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycan Bayrağının Xankəndidə yenidən dalğalanmasını tarixi hadisə adlandırıb. “Bu, böyük xoşbəxtlik və tarixi hadisədir”, - deyə Prezident İlham Əliyevin çıxışından sitat gətirilib. Qeyd edilib ki, Qarabağda Azərbaycan Bayrağının ucaldılması 20 il əvvəl seçilmiş Prezidentin bir nömrəli məqsədi olub.
Bir sıra digər fransızdilli portallarda dərc olunan informasiyalarda Azərbaycanın işğal dövründə Ermənistanın nəzarəti altında olan ərazilərdə məscidlərin və müsəlman məbədlərinin təhqir edilməsini və dağıdılmasını pislədiyi diqqətə çatdırılıb.
Azərbaycan Prezidentinin Xankəndiyə səfəri Moldova KİV-ləri tərəfindən də geniş işıqlandırılıb.
Bu ölkənin “Noi”, “Unica”, “Azadlıq Radiosu”nun Moldova Redaksiyası, “Timpul”, “AVA”, “Jurnal” və digər xəbər portallarında rumın və rus dillərində dərc edilən məqalələrdə dövlətimizin başçısının Xankəndi şəhərinə səfəri və həmin ərazidə Dövlət Bayrağını ucaltması, çıxışında səsləndirdiyi fikirlərə geniş yer verilib.
“AVA” və “Jurnal” xəbər portallarında AZƏRTAC-a istinadla dərc edilən xəbərlərdə Prezident İlham Əliyevin Xankəndidə çıxışı zamanı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri haqqında söylədiyi fikirlər oxuculara çatdırılıb. Məqalələrdə dövlətimizin başçısının fikirlərinə istinadla yazılır: “Bu il “Heydər Əliyev İli”dir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Necə qeyd edirik? Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Mən Ulu Öndərin ad gününü (100 illiyini – red.) Şuşada keçirdim. Onun 50 illiyini mən yaxşı xatırlayıram. 1973-cü ildə evdə ancaq ailə üzvləri onu qeyd etdik. Altmış illiyini də xatırlayıram, o zaman Moskvada çalışırdı. Orada da heç bir qonaq yox idi. Yetmiş illiyini Naxçıvanda oraya gələrək atamla birlikdə qeyd etmişdim. Səksən illiyini isə, - artıq sağlamlığı o qədər də yerində deyildi, - Ankarada xəstəxanada, xəstəxananın yeməkxanasında keçirmişik. Ona görə də atamın 100 illiyini bizim üçün böyük rəmzi məna daşıyan, hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etməli idim. Orada Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi dedim”.
“Noi”, “Unica”, “Azadlıq Radiosunun” Moldova redaksiyası, “Timpul” xəbər portallarında dərc edilən məlumatlarda isə qeyd olunur ki, Prezident İlham Əliyev Xankəndi, Ağdərə və Qarabağın digər bölgələrində Azərbaycanın Dövlət Bayrağını ucaldıb. Qeyd edilib ki, bu, İlham Əliyevin prezidentliyinin 20-ci ildönümünə təsadüf edib.