Baş prokuror Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb

post-img

Oktyabrın 16-da Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən XQ-ə bildirilib ki, qonaqları salamlayan Baş prokuror qardaş Türkiyə ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və türk xalqının Ulu Öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fəlsəfəsi ilə tarixən milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdiyini bildirib. Baş prokuror hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qaldırıldığını qeyd edib.

Həmçinin, 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyinə görə bir daha təşəkkürünü bildirib.

Baş prokuror Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti ilə Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda həmkarını məlumatlandırıb.

Görüşdə sentyabrın 19-da dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirləri və ölkəmizin öz suveren ərazisində konstitusion quruluşun tam bərpa edildiyi, oktyabrın 15-də isə ölkə başçısı tərəfindən Xankəndi daxil olmaqla bir sıra azad olunmuş ərazilərdə Dövlət Bayrağının ucaldıldığı qürur hissi ilə qarşılandığı xüsusi qeyd olunub.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Mehmet Akarca ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirərək Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı sevincini bölüşüb. Türkiyə Ali Məhkəməsinin sədri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin 100 illiyinin baş tutduğu cari ilin hər iki dövlət üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Dialoq zamanı tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə olunub.

Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı iştirak edib.



Son xəbərlər