Samir Nuriyev: Ötən 20 il milli dövlətçiliyimizin ən parlaq səhifəsinə çevrilib

post-img

Tam əminliklə demək olar ki, tarixi kontekstdə qısa dövr olsa da, bu 20 il ölkəmizin qarşısında duran strateji hədəflərə nail olunması, cərəyan edən proseslərin, baş vermiş hadisələrin zənginliyi, ən əsası, əldə edilmiş nəticələr baxımından müstəsna əhəmiyyət kəsb edən və çoxəsrlik milli dövlətçiliyimizin ən parlaq səhifəsinə çevrilmiş yeni bir mərhələdir.

AZƏRTAC xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı deyib.

Samir Nuriyev bildirib ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illər çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi düşmüş, əsrlərlə bölünmüş, ağır məhrumiyyətlərə məruz qalmış, amma öz qürurunu və milli dövlətçilik ənənələrini qoruyub saxlamış Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri olmuşdur. “Məhz buna görədir ki, ötən dövr ərzində keçirilmiş 4 prezident seçkisində Azərbaycan xalqı öz gələcəyini yalnız Prezident İlham Əliyevə etibar edib. Xalqımız hər zaman Prezident İlham Əliyevə dəstək olur, ətrafında sıx birləşərək ardınca irəliyə doğru addımlayır”, - deyə Prezident Administrasiyasının rəhbəri əlavə edib.

Siyasət