Moskva Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin bağlanması üçün heç bir problem görmür.
Bu barədə Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin Qırğızıstana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz sülh sazişinin bağlanması ümidi ilə sülh danışıqlarının yenidən başlanmasına köməklik etməyə hazırıq və bütün həmkarlara Moskvada bir araya gəlməyə təklif etmişik. Baş nazir Paşinyan bu barədə bilir, mən ona demişəm. Azərbaycanın Prezidenti bu barədə bilir. Mənə elə gəlir ki, bu tamamilə mümkündür. Mən indi, Qarabağ hadisələrindən sonra sülh sazişinin bağlanmasına mane ola biləcək heç bir problem görmürəm. Sərhədlərin demarkasiyası və delimitasiyası ilə əlaqəli olan və sırf texniki xarakter daşıyan məsələlər var, lakin bu sırf texniki məsələlərdir. Hər iki tərəfin xoş niyyəti ilə bütün bunları etmək olar”, - deyə V.Putin vurğulayıb.
O həmçinin qeyd edib ki, regionda vəziyyətin normalaşdırılmasında növbəti addımlar – ticari-iqtisadi əlaqələrin inkişafı və infrastruktur layihələrinin reallaşdırılmasıdır.
Rusiya sülhməramlıların Qarabağda bundan sonra qalması ilə bağlı sualı cavablandıraran RF Prezidenti deyib: “Formal olaraq sülhməramlılarımız 2025-ci ilin noyabr ayına qədər Qarabağdadır. Tərəfdaşlarımız ilə dialoq apararaq yaxın vaxtda nəyi və necə edəcəyimiz barədə məsələni həll etməliyik”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva