Kiçik ölkələr vuruşur – böyük dövlətlər qazanır

post-img

İqtisadi prizmadan siyasi baxış

İsrail dövlətinin indiki torpaqlarda yaradıldığı vaxtdan bu günə qədər bu ölkənin Fələstinlə münaqişəsi bitmir. Əslində, bunun səbəbləri, kökləri bu iki xalq arasında anlaşılmazlıqlarla bağlı deyil. Münaqişənin bu qədər davam etməsinin əsl səbəbləri daha dərindədir–iqtisadi amillərdən qaynaqlanır.

Tarix boyu bütün müharibələrin kö­kündə iqtisadi maraqlar dayanıb və bu gün də belədir. Dünya tarixinə nəzər salıb, indiyə qədər baş vermiş mühari­bələrin köklü səbəbini araşdırsaq, bun­ların hamısının məhz iqtisadi maraqlara söykəndiyinə bir daha əmin olarıq. Daha yaxşı yaşamaq, bunun üçün daha böyük torpaqlara, sərvətlərə sahib olmaq – bu­dur hər bir müharibənin gerçək hədəfi. 

Fələstin – İsrail müharibəsi bəzi məqamlarda dini motivlərlə izah edilsə də, əslində, iki tərəf arasında torpaqla­rın və maddi nemətlərin ədalətli bölgü­sünün olmaması on illər boyu gedən və həlli tapılmayan münaqişə ocağı yaradıb. Bu qanlı mübarizə zaman–zaman qızışıb pik həddə çatır və sonradan bir müddət sakitləşir. Lakin daim közərən müharibə ocağı sönmür. Çünki bu bölgədə iki döv­lətin yaradılması söhbəti ortaya çıxarkən, böyük güclər bilərəkdən Fələstin tərəfinin maraqlarının təmin olunmasına imkan verməyib.

İndiyə qədər kiçik xalqlar arasında baş verən toqquşmaların həlli təcrübəsi göstərir ki, belə münaqişələr bir qayda olaraq həll olunmur və ya ən yaxşı halda yarımçıq qalır. Başqa sözlə, kiçik xalqlar arasında baş verən belə münaqişələrdə vasitəçilik edən nəhəng dövlətlər, necə deyərlər, odun tam söndürülməsində ma­raqlı olmurlar. Əksinə, imkan yarandıqca müxtəlif yollarla onu körükləyirlər. Buna dair onlarla misal gətirmək mümkün­dür. Uzağa getməyək, elə Qarabağ mü­naqişəsinin həllində Rusiya, ABŞ, Fran­sa, İran və digər ölkələr 30 ildən çoxdur ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə ocağının sönməsi, erməni və Azərbaycan xalqları arasında barışın ya­ranması üçün nə qədər “cəhdlər” ediblər. 

Ötən illərdə belə vasitəçiliklərin nə­ticəsi olmadı. Azərbaycan sonda bütün bu oyunlardan bezib, nəticəni ordusunun gücü ilə özü əldə etdi. Problemin bu şə­kildə həlli 30 ildən artıq “vasitəçilik” etmiş ölkələri və bütövlükdə, Qərbi əndişələn­dirdi. 

Böyük güclər tərəfindən kiçik xalqlar arasında salınmış münaqişələrin ən yax­şı həlli yolu, onlar arasında düşmənçiliyin hansı səviyyəyə çatmasından asılı olma­yaraq, ikilikdə danışıqlar masasına otur­maqdan keçir. Bunu Azərbaycan rəhbər­liyi həmişə Ermənistan tərəfə təklif edib. Son dəfə Azərbaycan Prezidenti bu təklifi Gürcüstana səfəri zamanı yenidən səs­ləndirdi. Lakin əvvəl daha çox Rusiyadan, indi isə Fransadan asılı vəziyyətdə qal­mış Ermənistan rəhbərliyi bu reallığı hələ ki, görmək istəmir... Əgər Ermənistan bu addımı atarsa, o halda münaqişəyə bir­dəfəlik nöqtə qoyular, sərhədlər tanınar, sülh müqaviləsi bağlanar və ermənilərin Qarabağa dönmək istəyən bölümü Azər­baycan qanunları əsasında normal yaşa­yar, Ermənistan isə bölgə layihələrində iştirak edib iqtisadiyyatının yüksək səviy­yədə inkişafına nail olar.

Eyni mənzərə daha geniş miqyasda Yaxın Şərqdə baş verir. Fələstin – İsrail münaqişəsində maraqlı olan güclər onun sönməsini heç vaxt istəməyiblər. Əslin­də, on illərdir ki, bölgədə marağı olan dövlətlər İsrail və Fələstini toqquşdurub öz maraqlarını təmin etməyə çalışırlar. Belə münaqişələrdə itirən birbaşa vuru­şanlar, qazanan isə onları qızışdıranlar olur. Ermənistan–Azərbaycan münaqişə­sində marağı olan dövlətlər nə itiriblər? Heç nə! Qazancları isə hər iki tərəfə silah satmaq və regionda digər maraqlarını re­allaşdırmaq olub.

HƏMAS-ın İsrailə hücumu ilə baş­layan son hadisələr isə artıq həm İranı, həm də ABŞ-ı meydanda üz-üzə qoya biləcək qədər ciddi duruma səbəb olub. İsrail artıq illərdir ki, ABŞ və AB-ni İranın nüvə silahına sahiblənməyə yaxın olması təhlükəsi ilə bağlı xəbərdarlıq edir. Lakin Birləşmiş Ştatlar və Avropa Birliyi dolayı yolla İranla öz maraqlarını reallaşdırmaq­dadırlar. Sual olunur, ciddi sanksiyalar al­tında olan İranın Rusiyaya satdığı dronla­rın istehsalında Qərb texnologiyasından necə istifadə oluna bilərdi? Başqa bir sual. İran neftinin satışına embarqo qo­yulduğu halda, Qərb İranın hər il bu qə­dər neft satıb böyük valyuta gəlirləri əldə etməsinə necə göz yumur? Axı İran bu pullarla öz hərbi gücünü durmadan artırır və ən müasir silahlara sahiblənir. 

Belə suallar çoxdur. Gerçək olan isə budur ki, dövlətlər dost olmurlar, ən yaxşı halda onlar qarşılıqlı maraqlar müstəvi­sində tərəfdaş ola bilirlər.

 

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru,professor



Siyasət