Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev yerli mətbuat orqanlarının nümayəndələri ilə görüşdə ölkəmizin ötən ay Qarabağda keçirdiyi antiterror tədbirləri və bölgənin erməni sakinlərinin reinteqrasiyası ilə bağlı gerçəkləşdirilən layihələr barədə ətraflı məlumat verib.
Diplomat bildirib ki, qarşıda duran əsas məsələ Ermənistanla sülhün və regionda əməkdaşlığın inkişafıdır. O, “etnik təmizləmə” iddialarının, eləcə də Azərbaycana qarşı söylənilən bütün digər iddiaların əsassız olduğunu faktlarla diqqətə çatdırıb. Bildirilib ki, Ermənistan 35 il əvvəl öz ərazisində, 30 il əvvəl isə Qarabağ bölgəsində Azərbaycan əhalisinə qarşı əsl etnik təmizləmə aparıb, 1 milyon azərbaycanlını doğma yurdundan didərgin salıb. Lakin Ermənistanın azərbaycanlılara qarşı törətdiyi etnik təmizləməyə beynəlxalq ictimaiyyət, Avropa və onun siyasi təsisatları göz yumub, ədalətsiz mövqe tutub.
Diqqətə çatdırılıb ki, Azərbaycan 3 il əvvəl Vətən müharibəsi yolu ilə 30 il saxta danışıqlarla ləngidilmiş BMT qərarlarını həyata keçirib və pozulmuş beynəlxalq hüququ bərpa edib. Ermənistandan zorla qovulmuş azərbaycanlı əhalinin öz yaşayış yerlərinə qaytarılması da beynəlxalq hüququn mübahisəsiz tələbidir.
XQ