İsrail-“HƏMAS” qarşıdurması Yaxın Şərqə nə vəd edir?

post-img

1947-ci ildən başlayan bu qarşıdurma son günlər yenidən alovlanıb. Bəli, söhbət İsrail və Fələstindən gedir. Dünyanı ikiyə bölən bu qarşıdurma nəinki dövlətlər, heç insanlar tərəfindən də birmənalı qarşılanmır. 

Bu gün İsrailin ərazisinin güclü raket atəşinə tutulması, bir qrup silahlı şəxsin Qəzza zolağına bitişik yaşayış yerlərinə soxulması, yəhudi hərbiçilərini öldürməsi və girov götürməsi hadisəsi Yaxın Şərqdə sülh prosesinə vurulan ağır zərbədir. Eyni zamanda, mülki insanların öldürülməsi qəbul olunmaz haldır.

Mövzu ilə bağlı “Xalq qəzeti"nə açıqlama verən politoloq İlyas Hüseynov bildirdi ki, Fələstin və İsrail arasında olan münaqişənin kökləri çox dərindir: “Bu münaqişə etnik, dini, siyasi, ideoloji çalarlara malikdir. Digər tərəfdən “HƏMAS” qruplaşmasının qəfil hücumu nəticəsində bu münaqişə artıq genişlənmiş vəziyyətdədir. Bundan başqa, burada bir sıra digər amillər üzə çıxır. Son illər İsrail ərəb dünyası ilə yaxın münasibətlərin qurulması tərəfdarı idi. Müsəlman ölkələri ilə yaxınlaşma siyasəti icra olundu – bir sıra ölkələrdə səfirliklər açıldı.

Eyni zamanda, Hindistan, Yaxın Şərq və Avropa arasında nəqliyyat dəhlizinin yaradılmasına dair saziş imzalandı. Artıq Səudiyyə Ərəbistanı ilə İsrail arasında əlaqələr dəmir yolunun çəkilməsi nəticəsində Hindistandan gələn mallar Avropaya daşınacaqdı, bu yeni bir yanaşma idi. Bu layihəyə qarşı bir sıra dövlətlər çıxış etməyə başlamışdı. Süveyş kanalı vasitəsilə böyük yüklərin daşınması nəzərə alındığı üçün bir sıra dövlətlərin maraqlarına zidd idi. Əlbəttə ki, münaqişənin alovlanması Səudiyyə Ərəbistanını yenidən düşünməyə vadar edəcək. Bununla da yeni çıxış yolları axtaracaq. Ümumilikdə prosesə baxsaq, yaranan eskalasiya İsrail ilə ərəb ölkələri arasında yaxınlaşmaya da böyük zərbə vurdu”.

Şahanə XANKİŞİYEVA

Siyasət