Meksika televiziyasında Azərbaycana qarşı ikili standartlardan danışılıb

post-img

Meksikanın nüfuzlu xəbər kanallarından olan “Milenio” televiziyasında yayımlanan “Sərhədlər arasında” həftəlik analitik-informasiya proqramı zamanı ölkəmizin Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi və onun nəticələri, eləcə də Qərbin riyakar siyasəti və Azərbaycana qarşı apardığı qərəzli propaqandadan söhbət açılıb.

Bu barədə  Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.

Veriliş zamanı Meksika televiziyalarında siyasi şərhçi kimi çıxış edən həmin ölkənin ən məşhur UNAM Universitetinin professoru Talya İşcan ölkəmizə qarşı qarayaxma kampaniyasından əl çəkməyən Ermənistanın və Qarabağda məskunlaşan separatçıların əməllərini ironik şəkildə şərh edib.

Vurğulanıb ki, guya “aclıq” və “blokada”dan əziyyət çəkən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisində mina terrorunu və hərbi təxribatlarını davam etdirmək üçün “güc tapıb”.

Müzakirə iştirakçıları bildiriblər ki, Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində və öz milli qanunvericiliyinə uyğun olaraq Qarabağda lokal antiterror tədbirləri həyata keçirərək 24 saatdan az müddətdə separatçı rejimi təslim olmağa məcbur edib və beləliklə, 30 illik Ermənistan işğala son qoyuldu.

Veriliş zamanı qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə yanaşı, Qarabağın erməni sakinlərinin reinteqrasiyası Azərbaycan Konstitusiyası və qanunları əsasında həyata keçirilir və bu məqsədlə elektron portal yaradılıb.

Çıxış edənlər bu məsələdə xüsusi fəallıq göstərən və regionda hərbi münaqişənin davam etdirilməsində maraqlı olan Fransa da daxil olmaqla, Qərbin Azərbaycana qarşı əsassız və qərəzli təbliğatının yolverilməzliyini vurğulayıblar.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət