Qərbi Azərbaycan İcması ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin 2023-cü il 6 oktyabr tarixli açıqlamasını yersiz hesab edir.
İcmanın bununla bağlı açıqlamasında deyilir ki, ATƏT özünün kif basmış, tarixin arxivinə getmiş yanaşmasından hələ də tam xilas olmayıb: “B.Osmaninin diqqətinə çatdırırıq ki, Azərbaycan ərazisində “Stepanakert” adlı bir ərazi yoxdur. ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycanla “Yerdə beynəlxalq mövcudluq üçün müzakirələr davam etməlidir” tonunda danışması istehza doğurur. “Müstəqil beynəlxalq müşahidə missiyası”ndan dəm vuran sədr hiss olunur ki, bəzi anti-Azərbaycan dairələrin təsirinə düşüb”.
Daha sonra bildirilir ki, “Mübahisələrin güc yolu ilə həlli qəbuledilməzdir” deyən ATƏT 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərinin işğalını, etnik təmizləmə siyasətini bir dəfə də pisləməyib: “Ermənilərin qayıdışı, onların hüquq və təhlükəsizliyinin qorunmasının Azərbaycanın məsuliyyəti olmasından danışan B.Osmaniyə sual vermək istərdik ki, bəs, Ermənistan necə, deportasiya etdiyi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməməlidir? ATƏT-in fəaliyyətdə olan sədrini öz açıqlamalarında diqqətli və məsuliyyətli olmağa çağırırıq”.
XQ