Ədliyyə naziri Fikrət Məmmədov “Türk Dünyası Notariuslar Assosiasiyasının yaradılması haqqında” Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak etmək üçün Ankarada səfərdə olub.
Səfər çərçivəsində nazir Türkiyənin ədliyyə naziri Yılmaz Tunç ilə görüşüb. Görüşdə Azərbaycan–Türkiyə qardaşlıq və dostluq münasibətlərinin ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə uyğun uğurla inkişaf etdiyi bildirilib, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən əlaqələrimizin müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb.
Azərbaycanın ədliyyə naziri Ankarada, həmçinin qazaxıstanlı həmkarı Azamat Eskarayev ilə görüşüb. Ortaq tarixi köklərə malik xalqlarımız arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində dövlət başçılarının xüsusi rolu vurğulanıb, hüquqi sahədə əlaqələrə toxunulub. Bildirilib ki, Ulu öndərin Qazaxıstana tarixi səfəri zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Saziş imzalanıb, nümayəndə heyətləri müntəzəm səfərlər edərək faydalı təcrübə mübadiləsi aparırlar.
Səfər zamanı, həmçinin Özbəkistan və Qırğız respublikalarının ədliyyə orqanlarının rəhbərləri ilə danışıqlar aparılaraq əməkdaşlığın perspektivləri müzakirə olunub. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının Baş katibi ilə işgüzar görüş keçirilib, növbəti ay quruma sədrliyin Özbəkistandan Qazaxıstana keçəcəyi qeyd olunaraq təşkilat çərçivəsində gələcək tədbirlər barədə faydalı fikir mübadiləsi aparılıb.
XQ