Fatih Altaylı: Azərbaycan türklərinin haqları pozulanda harda idiniz?

post-img

Türkiyənin tanınmış jurnalisti Fatih Altaylı Azərbaycanın İspaniyanın Qranada şəhərində keçirilən görüşə getməməsinə münasibət bildirib.

XQ xəbər verir ki, o, özünün “Youtube” kanalında jurnalistin “Azərbaycan Qranada toplantısına qatılmadı” sualına sərt şəkildə “Doğru qərardır”, – deyə cavab verib. Politoloq qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin çözümü üçün ATƏT-in Minsk Qrupu deyilən bir qurum var idi. Onlar illərdir, Azərbaycan torpaqlarının erməni işğalında qalmasına göz yumdular. Bir dəfə Ermənistana barmaq silkələmədilər. Kağız üzərində fəaliyyətsiz qurum olaraq qaldılar. 

O deyib: “Bu gün Azərbaycan öz gücüylə işğal altında qalan torpaqlarını azad edib və buradan olan milyonlarla qaçqını geri qaytarmaqdadır. Azərbaycan burada əzilən tərəf idi. Beynəlxalq hüquqa zidd addım ata Ermənistan idi. Bütün bunlara rəğmən Azərbaycana qarşı ədalətli davranılmadı, əksinə, çox rəzilcəsinə münasibət sərgiləndi. Və bu gün Azərbaycan haqlı olaraq Qranada toplantısında onun əlindən tuta biləcəyi bir ölkənin – Türkiyənin orda olmasını istəyib. Buna isə qarşı çıxıblar. Azərbaycanın tələbi bu baxımdan çox doğrudur. Şəxsən özüm də olsaydım, belə addım atardım. Çünki o masa ədalətsizlik masası idi. Azərbaycan türklərinin öldürülməsinə göz yumanlar, indi heç incidilməyə məruz qalmamış ermənilər üçün hay-küy qoparırlar. Bəs illərdir Azərbaycan türklərinin haqları pozulanda siz harda idiniz?  Buna qarşı gəlmək Azərbaycanın ən təbii haqqıdır”. 

 

Anar ƏLİ,

XQ

Siyasət