Erməni hüquq müdafiəçisi: Hakimiyyət Ermənistanı fəlakətə sürükləyib

post-img

“1988-ci ildən bəri dialoq və barışıq haqqında çoxlu yazılar yazmışam. Hər tərəfdən bir cavab eşidilirdi: Azərbaycan düşməndir və biz güzəştə getməyəcəyik”.

“Caliber” xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Vardan Arutyunyan “Aravot” qəzetindəki məqaləsində yazıb.

“İnsan itkiləri, 2016-cı ildən isə ərazi itkiləri dayanmır. 1990-cı illərdə formalaşan və 1998-ci ildən sonra 20 illik kampaniya ilə möhkəmlənən barışmaz mövqe 2020-ci il məğlubiyyətindən sonra da özünü diktə etməkdə davam etdi. Üstəlik, itki riskinin realdan daha çox olduğu 2022-ci ilin dekabrından bəri mövqedə yumşalma müşahidə olunmur.

1998-ci ildə problemin kompromis həllinə qarşı çıxan Serj Sarkisyan, Robert Köçəryan və onların tərəfdarlarının nə istədikləri çox aydındır. Onlar hakimiyyət istəyirdilər. Buna səbəb Qarabağ məsələsi olub. Onlar manipulyasiya etdilər, hakimiyyətə gəldilər və 20 il ərzində Qarabağ probleminin həlli istiqamətində bir obyektiv addım belə atmadan vətənimizə ağa oldular, varlandılar.

Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra reallıqdan qopmuş bəyanatlar verməklə danışıqları farsa çevirəndə nə istədiyi də bəlli idi. O, bütün cəbhələrdə uğursuzluğa düçar oldu və hakimiyyəti dövründə yalnız geri çəkilmələr və məğlubiyyətlər qeydə alındı.  

Təbii ki, itki böyükdür. Bu böyük itkidə günahkarlar çoxdur. İllər boyu problemin danışıqlar və kompromislər yolu ilə həlli təkliflərinə qarşı çıxanların hamısı günahkardır. Lakin ilk günahkarlar Köçəryan, Sarkisyan və Paşinyandır ki, onlar məsuliyyəti öz üzərinə götürüblər. Bununla belə, Paşinyan bütün günahkarların ən günahkarıdır. Onun çiyinlərində olan təkcə onun günahı və öz məsuliyyəti deyil. Ondan əvvəlkilərin də yükü onun çiyinlərindədir. Çünki o, sələflərinin seçdiyi yolu davam etdirdi, təhlükəni dərk etmədi”, - deyə hüquq müdafiəçisi yazıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət