Fransanın Cənubi Qafqaz pozuculuğu

post-img

Yaxud 2023-cü ilin sonuna doğru bir il əvvəl olanların təkrarı

Yazımıza Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının 2022-ci ilin oktyabrında keçirilmiş iclasında səsləndirdiyi bir fikirlə başlamaq istərdik. Dövlətimizin başçısı həmin toplantıda çıxış edərkən bildirmişdi: “Beləliklə, təəssüf ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, mənim isə Prezident Şirakla da, Prezident Sarkozi ilə də, Prezident Ollandla da kifayət qədər sıx ünsiyyət qurmaq imkanım var idi və münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, kifayət qədər mehriban idi və Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq, biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini, balanslaşdırılmış qəbul edirdik, – mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi”.

Hazırda Qarabağda hər şey aydın­dır. Azərbaycan suverenliyini bərpa edib. İlk baxışdan Azəraycan–Ermə­nistan münasibətlərində də hər şey sanki aydın görünür. Amma görüntü­nün yanıltdığını artıq indidən söyləmək mümkündür. Çünki Fransa özünün ermənipərəst ampluasına sadiqdir. Bu “sadiqlik” isə Cənubi Qafqazda yeni müharibə riskini formalaşdırır. Risk hansı formada yaranır, ondan danışa­cağıq. Hələlik isə Fransanın 44 günlük müharibə dövründə Azərbaycana qarşı tutduğu əks mövqeyin bəzi məqamları­na diqqət yetirək. 

Bəli, Vətən müharibəsi başla­yar-başlamaz ermənipərəst dairələr Azərbaycanı, az qala, işğalçı kimi qələmə vermək yolu tutdular və möv­cud istiqamətdə ciddi təbliğata baş­ladılar. Həmin vaxt Fransa ən “öndə” idi. Aparılan təbliğat ölkəmizin Ermə­nistana qarşı, guya, terrorçulardan və muzdlulardan istifadəsi üzərində qurul­muşdu. Lakin bütün bunlar heç bir fay­da vermədi. İddialar təsdiqini tapmadı. 

44 günlük müharibədən sonra­kı dövrdə rəsmi Paris özünün ermə­nipərəst ritorikasını Azərbaycan–Er­mənistan danışıqları masasına keçirdi. Əvvəldə dövlət başçımızın dilindən səslənmiş fikri də məhz bu kontekstdə diqqətə çatdırdıq. Məlum olduğu kimi, 2022-ci il oktyabrın 6-da Azərbaycan və Ermənistan liderlərinin Praqada Avropa Şurası İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşü baş tutmuşdu. Görüşdə Fransa Prezidenti Emmanuel Makron da iştirak etmişdi. 

Yeri gəlmişkən, onu da bildirək ki, həmin görüşdə Ermənistanın baş na­ziri Nikol Paşinyan ilk dəfə ölkəmizin ərazi bütövlüyünü tanıdığını açıq­lamışdı. İkinci dəfə isə bu tanınma 2023-cü ilin mayın 14-də Brüsseldə olmuşdu. Lakin Praqa görüşündən heç on gün keçməmiş Prezident Makron yerli mediaya müsahibəsində Azərbaycanı Ermənistan ərazisini iş­ğal etməkdə, Rusiyanı isə öz müttəfiqi İrəvana xəyanətdə suçlamışdı. Azər­baycan – Ermənistan şərti sərhədində 2022-ci ilin sentyabrında yaşanmış hərbi eskalasiyaya toxunmuş Fransa lideri demişdi: "Son iki ildə sərhəddə nə baş verir... 5000 Rusiya əsgəri guya sərhəddə təhlükəsizlik təmin et­mək üçün orada yerləşir, lakin ruslar bu, bir neçə yüz illik münaqişədən istifadə edib, Türkiyənin də iştirakı ilə Azərbaycanla oyuna qatılıb və nə vaxtsa yaxın olduqları bir ölkə olan Ermənistanı zəiflətmək üçün geri dö­nüb".

Əlbəttə, Fransanın dövlət başçısı­nın bu mövqeyi Cənubi Qafqaz üzrə sülh tənzimləməsinə təsirsiz ötüşmə­mişdi. Məlum olduğu kimi, həmin vaxt hər iki ölkə liderlərinin Aİ Şurasının prezidentinin vasitəçiliyi ilə növbəti gö­rüşü dekabrın 7-ə (2022-ci il) planlaş­dırılmışdı. Gözlənilirdi ki, görüşdə Pa­şinyanın Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıması məntiqi daha da inkişafını tapacaq və sülh yolunda əsaslı irəliləyişə nail olunacaq. 

Lakin Makronun haqqında söz aç­dığımız açıqlamasından sonra bütün bunların yaşanmayacağı dəqiqləşdi. Məsələyə Rusiyandan reaksiya gəldi, bu, öz yerində. Azərbaycan Prezidenti İlham Əliyev də bildirdi ki, Fransa lide­rinin sözləri təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterlidir: “Bundan sonra Fransa hökumətinin belə müna­sibəti çərçivəsində Azərbaycan–Ermə­nistan münasibətlərinin normallaşdı­rılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”. 

...N.Paşinyan isə şərt qoydu ki, dekabrın 7-də keçiriləcək görüşdə iş­tiraka, toplantıya Makronun qatılacağı təqdirdə razıdır. Əlbəttə, belə mövqe heç cür qəbul edilə bilməzdi və edilmə­di. Deməli, Fransa 2022-ci ilin sonun­da Cənubi Qafqazda gözlənilən sülhü pozdu. İndi görünür, ölkə 2023-cü ilin sonuna doğru da eyni pozucu hərəkə­tini təkrarlamaq əzmindədir. Nəzərə alaq ki, Azərbaycan və Ermənistan li­derlərinin oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin üçüncü Zirvə toplantısı çərçivəsində üz-üzə gələcəyi və bu təmasdan sülh yolunda həlledici nəticələr əldə olunacağı gözlənilir. 

Bəli, Azərbaycanın sentyabrın 19-dan başlatdığı və cəmi 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli an­titerror tədbirləri nəticəsində suverenli­yini bərpa etməsi, Fransanı qıcıqlandı­rıb. Ölkənin müdafiə naziri Sebastyan Lekornyu bildirib ki, rəsmi Paris Ermə­nistanın müdafiə sahəsində tələbat­larını araşdırır və Prezidert Makron şəxsən prosesləri izləyir. Çünki məsələ Fransa üçün çox vacibdir. S.Lekorn­yunun sözlərinə görə, Makron onu da bildirib ki, əsas məqsəd Ermənistanın ərazi bütövlüyünün, suverenliyinin və əhalisinin müdafiəsidir. Sual olunur: Paris doğrudanmı hesab edir ki, İrə­vana təhlükə var? Axı, Prezident İlham Əliyev lokal xarakterli antiterror tərd­birlərindən sonra bir neçə dəfə bildirib ki, Azərbaycanın Ermənistan ərazisinə qəsb niyyəti yoxdur. Elə isə Makron ad­ministrasiyasının, necə deyərlər, əl-a­yağa düşməsinin səbəbi nədir? 

Haşiyə çıxaq. Ermənistan daxilində belə fikir var ki, Paris İrəvana, bir qayda olaraq, yalnız sözdə dəstək göstərmək­lə məşğuldur, əməldə isə heç nə yox­dur. O da vurğulanır ki, sözdə dəstək Ermənistan rəhbərliyində illüziya yara­dır və bunun nəticəsində İrəvanın han­sısa qeyri-ordinar davranışı, ümumən ölkəyə ciddi zərər gətirir. Qeyri-ordinar davranışdan söz düşmüşkən, artıq bu­nun ilk nişanələri var. Məlum olduğu kimi, Ermənistan ərazisindən açılmış snayper atəşi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu həyatını itirib. Görünür, bu hadisə ilə Parisdən gələn ermənipərəst siqnalla­rın eyni vaxta düşməsi heç də təsadüf deyilmiş... 

Siqnallara gəlincə, mövcud xüsus­da nəinki Fransanın indiki, hətta əv­vəlki rəhbərliyinin də “aktivləşdiyini” görürük. Bu baxımdan, ölkənin sabiq Prezidenti Fransua Olandın fikirlərinə diqqət yetirək. Oland bildirib: “Ermə­nistandan imtina Fransa üçün böyük biabırçılıq olardı. Artıq Ermənistan sər­hədlərinin bizim üçün müqəddəs oldu­ğunu bəyan etməyin vaxtı çatıb”.

Oland illüziyanın dozasını hər kəsdən daha artıq edib. Onun bu bə­yanatının İranın Ermənistanın ərazi bütövlüyünün Tehran üçün vacibliyini vurğulayan “qırmızı xətt” məntiqini də arxada qoyduğunu desək əsla yanıl­marıq. Ermənistanın sərhədləri Fran­sa üçün müqəddəs imiş. Hər halda, indiyədək belə demək mümkünsə, bu cür siyasi sentimentallıq yüklü fikri heç kəs səsləndirməmişdi. Sanki 1095-ci ildir, Klermon şəhəridir, Oland Roma papası II Urbandır, Ermənistan isə Qüds. O da II Urban kimi, "müqəddəs torpağın kafirlərdən azad edilməsi" çağırışını səsləndirir. Ancaq tarixdəki səlib yürüşlərindən fərqli olaraq, hazır­da Fransanın erməni təəssübkeşliyinə bütün Avropa dövlətləri qoşulmur. Hər kəs Parisin niyyətindən xəbərdardır. Amma... 

Digər tərəfdən, heç fərqi yoxdur ki, belə bir təfriqəçi fikri dilə gətirən Pari­sin rəsmi təmsilçisidir, ya yox? Həm də ona görə fərqi yoxdur ki, biz Olandın düşüncəsinin Yelisey sarayının dav­ranışı baxımından təsdiqini görürük. Məsələn, Fransanın müdafiə nazirinin dediklərini diqqətə çatdırdıq. Əlavə edək ki, bu gün ölkənin xarici işlər na­ziri Ketrin Kolonna İrəvana səfərə gə­lir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Paris Ermənistanı yeni müha­ribəyə təhrik edir və hazırlayır. Təh­rikdən söz açdıq. Hazırlamaqla bağlı bildirək ki, NATO ölkəsi olan Fransanın bu qurumun istifadə etdiyi hərbi ləva­zimatlardan və silah-sursatdan Ermə­nistana verməsi mümkün deyil. Ancaq ölkə özünün istehsal etdiyi silahlardan İrəvana hədiyyə edə bilər və bəzi siyasi dairələrdə mövcud istiqamətdə müza­kirələrin getdiyi məlumdur.

Bəli, beynəlxalq siyasət meydanın­da nüfuzdan düşmüş Fransa var gücü ilə neokolonializm siyasətinə baş vu­rub. Ölkə çalışır ki, Afrikada etdiklərini Cənubi Qafqaz müstəvisinə də daşı­sın. Ermənistan isə onun planlarında alətə çevrilmiş durumdadır. Əlbəttə, bu tendensiya İrəvan üçün son dərə­cə təhlükəli vəziyyət doğurub. Görü­nür, Azərbaycan Prezidenti sentyab­rın 29-da “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu­nun açılış mərasimində əbəs yerə aşa­ğıdakı fikirləri bildirməmişdi: “Əlbəttə, sentyabrın 20-də biz öz suverenliyimizi bərpa etdik. Yəni, artıq “boz zona”lar yoxdur, qeyri-qanuni strukturlar yox­dur və torpaqlarımızda separatçılığa son qoyulubdur. Bu, bizim güclü siyasi iradəmizin göstəricisidir. Bu, Azərbay­can hökumətinin Ermənistanla sülhə hazır olduğunu göstərir və bu, yaxşı siqnaldır, – bəziləri hələ də qisasçılıq, revanşist ideyalarla yaşayırlar, – bu, onlara güclü siqnaldır ki, bu fikirlərdən daşınsınlar”. 

Yeri gəlmişkən, dövlətimizin başçısı sentyabrın 20-də xalqa müraciətində bunları da vurğulamışdı: “Biz təklif edi­rik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifa­də edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qü­vvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünya­nın o başında oturub bizə qarşı əsas­sız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz ra­hat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!”

Ancaq Fransanın timsalında bəzi qüvvələrin Cənubi Qafqazdan əl çək­mədiklərini, bölgədə sülhə doğru ge­dən yola maneçilik törətdikləri aşkardır. Ermənistan onların təsiri altındandır. Özlüyündə də ölkə heç vaxt müstəqil xarici siyasət yürütməyib. Əvvəl Ru­siyanın bölgədəki “forpostu” idi, indi Fransanın koloniyası olmağa can atır. Nəinki can atır, eyni zamanda, bunun­la özünün avantürası və ərazi iddiası üçün “platforma” hazırlayır. Belə “dəst-xətt” isə hərbi və siyasi məğlubiyyətlər­dən dərs çıxarmaq deyil. Ermənistanın rəhbərliyi unutmamalıdır ki, bu cür yol­verilməz yanaşma ölkəyə baha başa gələ bilər. Hazırda tam qətiyyətlə söy­ləmək mümkündür ki, Paşinyan və ad­ministrasiyası Livanın üzləşdiyi faciəli aqibətə doğru irəliləməkdədir. Mənfi aqibətin təzahürləri isə müxtəlifdir. Hətta iflas, yəni Ermənistanın başqa xalqların əraziləri hesabına formalaş­mış qurama dövlətçiliyinin tamamilə itirilməsi də mümkündür. 

Əvəz CAHANGİROĞLU
XQ

Siyasət