Azərbaycan XIX əsrin ortalarında dünyada neft hasil edən ilk ölkə olub. O zaman biz dünya neft hasilatının həcminin yarısını hasil edirdik. Ola bilər bir çox adam bilmir ki, dənizdə də ilk neft hasilatı Azərbaycan neftçiləri tərəfindən XX əsrin ortalarında həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında səsləndirib.
“Bu gün müstəqil olduğumuz dövrdə bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib. Müstəqillik dövründə Azərbaycanın dinamik inkişafı onu nümayiş etdirir ki, biz öz sərvətlərimizdən düzgün istifadə etmişik”, - deyən dövlətimizin başçısı bildirib ki, ölkəmiz bu sərvətlərdən güclü iqtisadiyyat qurmaq üçün istifadə edib.