Ermənistan siyasi qarşıdurma məngənəsində

post-img

Ermənistanda onsuz da gərgin olan daxili ictimai-siyasi vəziyyət sentyabrın 19-20-də Azərbaycan Ordusunun yüksək peşəkarlıqla həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra daha da ağırlaşıb. Çünki antiterror tədbirləri nəticəsində Azərbaycan qarşıya qoyulan hədəflərə nail oldu, bütün kommunikasiyalar, yollar, yüksəkliklər nəzarətə götürüldü.

Sentyabrın 28-də isə 1990-cı illərin əvvəllərində Azərbaycanda mərkəzi ha­kimiyyətin zəifliyindən, ölkədəki başıpo­zuqluqdan, anarxiyadan istifadə edərək torpaqlarımızda yaradılan separatçı rejim bütün “strukturların” buraxıldığını və 2024-cü il yanvarın 1-dək mövcudlu­ğunu dayandıracağını bəyan etdi. Belə­liklə, 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyünü bərpa edən Azərbaycan sentyabrın 19-20-də bütün ərazilərində suverenliyini tam şəkildə yerinə yetirdi.

Bütün bunlar qeyd etdiyimiz kimi, Ermənistan daxilində ictimai-siyasi vəziyyətin pisləşməsinə səbəb olub. Üstəlik, nəzərə almaq lazımdır ki, sent­yabrın 17-də İrəvan şəhər ağsaqqallar şurasına seçkilər keçirilib. Ermənistan paytaxtını kollegial qaydada idarə edən 65 üzvdən ibarət şuraya seçki ermənilər üçün ona görə əhəmiyyətli idi ki, daha çox yer qazanan siyasi partiya sonra­dan şəhər merinin kim olacağını müəy­yənləşdirir. Baş nazir Nikol Paşinyanın hakim “Mülki müqavilə” partiyası seç­kilərdə qalib gələ bilməyib. Səsvermə bülletenlərinin hamısı sayılandan sonra onun partiyasının 32,5 faiz səs əldə et­diyi məlum olub. Seçkilərdə iştirak faizi isə cəmi 28,4 faiz təşkil edib ki, bu da paytaxt meri seçkiləri tarixində ən aşağı göstəricidir.

Yerli müşahidəçilər paytaxt merinin seçkilərini ümumxalq seçkiləri öncəsi güc nümayişi adlandırırlar. Belə ki, ölkə üzrə bütün seçicilərin üçdə biri İrəvanda qey­diyyatdadır. “Yerli özünüidarə haqqında” qanuna əsasən, vətəndaşlar ağsaqqallar şurasının 65 üzvünü dörd il müddətinə, onlar isə öz növbəsində şəhər merini beş il müddətinə seçirlər. Səslərin 50 faizdən çoxunu almış partiya fərdi qaydada şəhər merini təyin edə bilər. Ancaq qeyd etdi­yimiz kimi, hakim partiya 32,5 faiz səs alıb. Adətən, partiya siyahısında birinci olan şəxs avtomatik olaraq mer olur. Bu il “Mülki müqavilə”nin siyahısına İrəvan merinin müavini və baş nazirin sabiq müavini Tiqran Avinyan rəhbərlik edirdi.

Beləliklə, İrəvan şəhər ağsaqqallar şurasına keçirilən seçkilərdə inamsız çıxış edən N.Paşinyanın partiyası şurada paytaxt merinin seçilməsi zamanı müxa­lifətlə razılaşmalı olacaq. Bu isə hakim siyasi partiyanın mövqeyinin paytaxtda zəifləyəcəyi deməkdir.

Onu da qeyd edək ki, seçkilərdə, ümumilikdə, 13 siyasi partiya və bir blok iştirak etsə də, yalnız beş partiya tələb olunan baryeri keçə bilib. Siyasi partiyalar üçün baryer 4, siyasi bloklar üçün 6 faiz təşkil edib. Seçkidə ikinci yeri 18,8 faiz səs toplamış aktyor və İrəvanın keçmiş meri Ayk Marutyanın başçılıq etdiyi solçu “Milli tərəqqi” partiyası tutub. O, əvvəl­lər Paşinyanın tərəfdarı olub və 2018-ci ildə İrəvanın meri seçilib. Marutyan mer vəzifəsində çalışarkən Paşinyanı tənqid etməyə başlayıb, onun komandasını kor­rupsiyada və müxalif fikirləri boğmaqda ittiham edib. 2021-ci il dekabrın 22-də Paşinyanın tərəfdarlarının ağsaqqallar şurasında etimadsızlıq səsverməsindən sonra Marutyan vəzifədən uzaqlaşdırılıb.

Yeri gəlmişkən qeyd edək ki, Xocalı cəlladı, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın “Hayastan” alyansı 15,4 faiz səslə üçüncü yerdə qərarlaşıb. Ağsaqqallar şurasına seçkilərdə dör­düncü yeri 11,3 faiz səs toplayan sağ mərkəzçi “Respublika” partiyası, beşinci­si yeri isə 9,6 faizlə “İctimai səs” partiyası tutub. Qarabağdakı qondarma separatçı rejimin sabiq “dövlət naziri”, oliqarx Ru­ben Vardanyanın dəstəklədiyi və Ermə­nistan siyasətində yeni peyda olan “Hə­yat üçün ölkə” partiyası tələb olunan 4 faizlik baryeri keçə bilməyib – cəmi 3,6 faiz səs toplayıb.

Ağsaqqallar şurasında İrəvan şəhər merinin seçkisi oktyabrın 10-na təyin edilib. Ancaq müxalifət yeni seçkilər ke­çirilməsi tələbində israrlı görünür. Müxa­lifətdə olan “Ana Ermənistan” bloku ar­tıq mer seçilməsi üçün oktyabrın 10-da keçiriləcək İrəvan ağsaqqallar şurasının ilk iclasında iştirak etməyəcəyini açıqla­yıb. Blokun rəhbəri, “Hayastan” müxalifət fraksiyasının deputatı Andranik Tevan­yan müzakirələrdən sonra bununla bağlı qəti qərar verdiklərini bildirib.

“Hayastan”ın məlum qərarı seçkidə ikinci yeri tutan “Milli tərəqqi” partiyasının lideri Ayk Marutyanın qərarına da təsirsiz ötüşməyib. “Milli tərəqqi”nin merliyinə namizədi “Facebook”da canlı yayım aça­raq, ağsaqqallar şurasının ilk iclasında iştirak etməyəcəklərini, beləliklə kvoru­mun təmin olunmayacağını, mer seçkisi­nin baş tutmayacağını bəyan edib. Qeyd edib ki, beləliklə, hakimiyyət yeni seçkilər təyin etməyə məcbur qalacaq. “Mətbuat­dan öyrəndim ki, “Ana Ermənistan” bloku da iclasa qatılmayacaq. Burada yalnız “İctimai səs” partiyasının mövqeyi qalıb”, – deyə Marutyan bildirib.

Göründüyü kimi, İrəvan ağsaqqallar şurasına seçilən müxalif qüvvələr kon­sensusa gələ bilmirlər. Hakimiyyətdə olan partiya isə öz namizədini irəli sürüb onun seçilməsinə nail olmaq üçün kifayət qədər səsə malik deyil. Bu baxımdan İrəvan merinin seçkisi yaxın gələcək­də Ermənistan siyasi gündəminin əsas məsələlərindən biri olacaq.

***

Bu arada Ermənistanda N.Paşinyana sui-qəsdə çağıran siyasi fəal saxlanılıb. “Sputnik Ermənistan”ın yaydığı məluma­ta görə, Qərbyönümlü “Milli demokratik qütb” siyasi blokunun nümayəndəsi, si­yasi fəal Muşeq Şuşanyan barəsində iki ay müddətinə həbs qətiimkan tədbiri seçilib. Şuşanyanın həbsi barədə İstintaq Komitəsinin vəsatəti məhkəmə tərəfin­dən təmin edilib. Hazırda ibtidai istintaq aparılır.

Sentyabrın 30-da, saat 17:00-da isə İrəvanın mərkəzindəki “Respublika” meydanında mitinq keçiriləcək. Mitinqi müxalifətin “ümummilli hərəkat” adlan­dırdığı qrupların əlaqələndirilməsi üçün yaradılan “Milli komitə” təşkil edəcək. Xa­tırladaq ki, “Milli komitə” sentyabrın 26-na planlaşdırılan aksiyanı təxirə salmışdı. Qeyd olunub ki, vətəndaşlar “Artsax fa­ciəsi” ilə bağlı fəaliyyətsizliyə görə ölkə hakimiyyətindən cavab tələb edirlər.

Ermənistanda cərəyan edən ha­disələrə ölkənin ilk prezidenti Levon Ter-Petrosyan da münasibət bildirib. O deyib: “Xalqımızın başına gətirilən fa­ciəyə görə Ermənistan hakimiyyətindən hesab tələb etmək hüququ qüvvədə qal­sa da, son günlər müxalifətin ölkəmizin daxili siyasi vəziyyətini daha da gərgin­ləşdirməmək üçün münasibətini yüksək qiymətləndirirəm. Bu gün heç nə həm hakimiyyəti, həm də müxalifəti Qarabağ ermənilərinin Ermənistanda layiqli hə­yatla təmin edilməsi kimi milli məsələdən yayındırmamalıdır”.

Ter-Petrosyanın çağırışına baxma­yaraq, görünən odur ki, Ermənistanda vəziyyət daha da gərginləşməyə doğru gedir. Müxalifətin sabiq prezidentin ça­ğırışına əməl etməsi müşkül görünür. Hazırda Ermənistanda siyasi qütbləşmə xeyli güclənib. Paşinyandan narazıların sayı da xeyli artıb. Onun rəhbərlik etdiyi partiyanın son beş ildə ilk dəfə seçkidə qalib gələ bilməməsi bunun göstəricisidir. Proseslərin hansı həddə qədər inkişaf edəcəyini isə əlbəttə, zaman göstərəcək.

Aydın QULİYEV,
siyasi şərhçi

– Hazırda Ermənistanda baş verən hadisələr bu ölkədə siyasi gərginliyin artmasından xəbər verir. Həm sosial-iq­tisadi problemlər, həm də bunlardan daha üstün olan İrəvanın Qarabağda total məğlubiyyətə düçar olması daxili siyasi vəziyyəti gərginləşdirib. Onu da qeyd etmək lazımdır ki, Qarabağdan köçüb gedən insanlar da bu ölkə üçün daxili gərginliyin əlavə mənbəyidir.

Müxalifət isə necə deyərlər, ayaq üstədir. Onlar fürsətdən istifadə edərək Paşinyan iqtidarını devirməyə çalışır­lar. Əsas müxalif ideyaların daşıyıcıları isə sözsüz ki, köhnə revanşist qüv­vələrdir. Onlar vəziyyəti mümkün qədər gərginləşdirmək və Paşinyan hakimiy­yətini dəyişmək istəyirlər.

Ancaq Ermənistanda Paşinyanın hakimiyyətinin yaxın zamanlarda də­yişilmə ehtimalı o qədər güclü deyil. Baxmayaraq ki, indiki şəraitdə müxa­lifətin sıraları genişdir. Onlara Qara­bağdan gedənlər də qoşulurlar, amma Qərb ölkələrinin timsalında Paşinyanın ciddi müdafiəsi var. Eyni zamanda, Er­mənistan cəmiyyəti də, demək olar ki, kəskin şəkildə iki yerə parçalanıb. Bir hissə anti-Rusiya, digər hissə isə Ru­siyapərəst qüvvələrdir. Müşahidələr göstərir ki, onların hansının üstün, yaxud zəif olduğu barədə indiki şərait­də dəqiq fikir söyləmək çətindir. Çünki cəmiyyət arasında həm Rusiyapərəst, həm də Qərbpərəst qüvvələr güclü­dür. Hadisələrin, mübarizənin konkret nə ilə nəticələnəcəyini indiki şəraitdə proqnoz etmək çətindir. Bəlli olan odur ki, Ermənistanda daxili siyasi gərginlik uzun müddət davam edəcək.

Təbii ki, Rusiyapərəst qüvvələr Paşinyanın hakimiyyətini ciddi şəkildə sıxışdırmağı və artıq qeyd etdiyim kimi, hətta onu dəyişdirməyi hədəfləyirlər. Ancaq Paşinyan hakimiyyətdə möh­kəmlənmək üçün bütün qüvvələrini səfərbərliyə alıb. Təkcə onu deyim ki, Qarabağdan köçüb gedən ermənilərin İrəvana qəti şəkildə buraxılmaması ilə bağlı xüsusi tapşırıq verib. Bu da pay­taxtda gərginlik yaradan əlavə mən­bələri neytrallaşdırmaq cəhdidir. Çünki Qarabağdan gedənlər paytaxtda qala­caqlarsa, onun üçün əlavə başağrıları yarana bilər.

Ölkədə yaranmış gərgin siyasi və­ziyyət aydın məsələdir ki, Paşinyanın başını uzun müddət qatacaq. Ancaq əgər Ermənistanda hakimiyyət də­yişərsə, revanşist qüvvələr hakimiy­yətə gələrlərsə, bu, Azərbaycan üçün arzuedilən deyil. Bununla belə, revan­şist qüvvələrin hakimiyyətə qayıdışı çox aşağıdır. Amma hakimiyyətin də­yişməsi və Paşinyanın başqa bir mötə­dil siyasətçi ilə əvəz olunması ehtimalı da var.

Səxavət HƏMİD
XQ



Siyasət