Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşü Gürcüstan mediasının diqqət mərkəzində

post-img

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri və Prezident İlham Əliyevlə görüşü, görüşdən sonra mətbuata verilən açıqlamalar Gürcüstan mediasının diqqət mərkəzində olub.

 “accentnews.ge”, “interpressnews.ge”, “gaxa.ge”, “kavkasiya.com”, “qafqazturk.com”, “palitranews.ge”, “24news.ge”, “aktual.ge”, “interpress.ge”, “realnews.ge”, informasiya portallarının, eləcə də “1tv.ge”, “tv.pirveli” telekanallarının yaydıqları xəbərlərdə oxuculara və tamaşaçılara Azərbaycan və Türkiyə prezidentlərinin fikirləri Azərbaycan, rus və gürcü dillərində çatdırılıb.

“Accentnews.ge” portalı yazır ki, Prezident İlham Əliyev Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının uğurlu olacağına əmindir.

Məqalədə Azərbaycan Prezidentinin bu fikri sitat gətirilir: “Qarabağ sakinləri milli mənsubiyyətindən asılı olmayaraq, hüquqlarına və təhlükəsizliyinə Azərbaycan dövləti tərəfindən təminat verilən Azərbaycan vətəndaşlarıdır”.

Həmçinin deyilir ki, Prezident İlham Əliyev Azərbaycan hakimiyyətinin regionda etnik təmizləmə aparması barədə iddiaları rədd etdiyini və Qarabağda qalmaq istəyən ermənilərin tam hüquqlarını təmin edəcəklərini bildirir. Hazırda Azərbaycan hakimiyyəti ilə erməni icmasının nümayəndələri arasında konkret addımlarla bağlı danışıqlar aparılır.

“İnterpressnews.ge” portalının xəbərində Prezident İlham Əliyevin çıxışına istinadla deyilir ki, Azərbaycan Qarabağda antiterror tədbirləri ilə öz suverenliyini tam bərpa etdi. Əgər üç il əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində işğala son qoyduqsa, bu il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın istiqamətində sərhəd-keçid məntəqəsi yaratmaqla ərazi bütövlüyümüzü tam bərpa etdik. Beş gün əvvəl biz öz suverenliyimizi tam təmin etdik və bərpa etdik.

“Kavkasiya.com” portalı isə Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışından bu fikri xüsusi vurğulayıb: “Biz gözləyirik ki, Ermənistan bundan sonra açıq sülh əlinə cavab verəcək və səmimi addımlar atacaq. Biz Ermənistanın uzadılmış sülh əlinə cavab verməsini və bundan sonra səmimi addımlar atmasını gözləyirik. Həmişə vurğuladığım kimi, sülhün uduzanı yoxdur”.

Xəbərlərdə Naxçıvan-İğdır qaz kəmərinin tikintisi ilə bağlı təməlqoyma mərasimi ilə bağlı da məlumat verilir, bu kəmərin təməlinin qoyulması tarixi hadisə adlandlırılır. Bildirilir ki, uğurla başa çatdırılacaq bu layihə təkcə Azərbaycan və Türkiyə xalqlarının deyil, ümumilikdə regionun inkişafına təkan verəcək.

Bundan başqa, materiallarda Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsi, Azərbaycan ilə Türkiyə arasında imzalanan sənədlər, eləcə də prezidentlərin Zəngəzur dəhlizi, regionda sülh sazişinin imzalanması ilə bağlı gözləntilər barədə də fikirləri əksini tapıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi











Siyasət